• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İlham Əliyev: "ATƏT-in qərarları kağız üzərində qalır"

  • Nida.az
  • 28 İyun 2014 17:33
  • 652 Baxış
İlham Əliyev: "ATƏT-in qərarları kağız üzərində qalır"

"20 ildən artıqdır ki, Azərbaycan Ermənistan işğalından və təcavüzündən əziyyət çəkir. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir, qədim Azərbaycan torpağıdır və 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır".

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğal altındadır, bir milyon azərbaycanlı öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb: "Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib və bu soyqırım artıq dünyanın 10 ölkəsi tərəfindən tanınır. Beynəlxalq qanunun normaları pozulur. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir, yalnız kağız üzərində qalıb. ATƏT-in qərarları, xüsusən də Lissabon sammitində qəbul edilən və münaqişənin həlli ilə bağlı hansı addımların atılmasını dəqiq müəyyən edən qərar da kağız üzərində qalır".

İlham Əliyev qeyd edib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar, həmçinin Qoşulmama Hərəkatı qərar və qətnamələr qəbul edib, lakin Ermənistan sadəcə bütün bunlardan imtina edir: "Ermənilər onlara məxsus olmayan ərazidən çıxmaq istəmirlər. Onlar hər şeyi dəyişməz saxlamaq istəyirlər. Ermənilər hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatından imtina edirlər. ABŞ, Fransa və Rusiya prezidentləri çox aydın bəyan etdilər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, status-kvo dəyişməlidir və status-kvonu dəyişmək üçün Ermənistan öz qoşunlarını bizim ərazilərimizdən çıxarmağa başlamalıdır, lakin Ermənistan bu bəyanatdan imtina edir".

Dövlət başçısı bildirib ki, ona görə də beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsi münaqişənin uğurlu həlli üçün ən vacib amildir:

"Öz müqəddəratını təyinetmə məsələsinə gəlincə, əgər biz Helsinki Yekun Aktına diqqətlə baxsaq, görərik ki, öz müqqədəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Digər tərəfdən, ermənilərin artıq müstəqil ölkələri var, onlar artıq öz müqəddəratlarını təyin ediblər. Ona görə də onların Azərbaycanın tarixi torpaqlarında digər erməni dövləti yaratmaq üçün heç bir səbəbi yoxdur.

ATƏT işğal olunmuş torpaqlara iki missiya göndərib - faktaraşdırıcı missiya və səhra qiymətləndirməsi missiyası. Onların hər ikisi işğal olunmuş Azərbaycan ərazilərinin tamamilə dağıdılması barədə hesabat veriblər. Bizim şəhərlərimiz ermənilər tərəfindən yerlə yeksan edilib, tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılıb. Bütün bunlar faktaraşdırıcı missiya və səhra qiymətləndirməsi missiyasının hesabatlarıdır. Biz bu təşəbbüsə görə, ATƏT-ə təşəkkür edirik. Lakin təəssüflər olsun ki, bu hesabat yenə də münaqişənin həll edilməsində heç bir rol oynamadı. Bizə münaqişənin həll edilməsi lazımdır. Bizim ölkəmizə, xalqımıza, qaçqın və məcburi köçkünlərimizə və eyni zamanda, regiona münaqişənin həlli lazımdır. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün əsas təhlükə mənbəyidir. Gərginliyi azaltmaq, etimad mexanizmi yaratmaq və gücləndirmək üçün ən yaxşı yol Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasıdır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR