Bakıda ATƏT PA-nın sessiyasında qalmaqal - Foto
Bizi izləyin

Nida.az

Bakıda ATƏT PA-nın sessiyasında qalmaqal - Foto

ATƏT PA-nın Bakıda davam edən sessiyanın bugünkü iclasında iki məsələ üzrə azərbaycanlı deputatlarla ATƏT nümayəndələri arasında fikir ayrılığı yaranıb.

Axar.az xəbər verir ki, birinci məsələ sessiyanın gündəliyinin 22-ci maddəsi ilə bağlı olub. Müzakirələr zamanı 22-ci bəndə Bakıda ATƏT-in ofisinin açılmasına çağıran düzəliş təklif edilib. İsveçdən olan depuatat Vulburqe Habsburq Dulas bunun mühüm bir addım olduğunu deyib.

Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova isə bu təklifin əleyhinə olduqlarını bildirib və bu səbəbdən məsələ səsverməyə çıxarılıb.

Sənədin tam səsvermə ilə qəbulundan sonra Rəbiyyət Aslanova müzakirələrin aparıcısı İsabel Santasa etiraz edərək bunun ədalətsiz olduğunu deyib:

“Siz müzakirələri doğru aparmadınız və mənim iradlarım nəzərə alınmadı”.

Qarşı tərəf isə deyilənlərlə razılaşmayaraq, bu məsələdə bütün tərəflərin mövqeyinin olduğunu deyib:

“Xanım Aslanova, mən sizin fikrinizlə qəti razı deyiləm. Siz müzakirələr zamanı etiraz etmədiniz, sənədin qəbulundan sonra isə etirazlar doğru deyil”.

Sessiyada qarışıqlıq yaradan digər məsələ isə Norveç nümayəndəsi Qayr Corgen Bekkevoldun 21-ci maddəyə Anar Məmmədli ilə bağlı dəyişiklik təklifi olub.

Məsələyə etiraz edən Rəbiyyət Aslanova norveçli deputata sualla müraciət edib:

“Bir insan sahibkarlıq fəaliyyəti ilə məsuliyyətə cəlb edilibsə, onu siyasi fəaliyyətinə görə bu cəzadan azad etmək lazımdırmı? Hesabata düzəlişin müəllifi Anar Məmmədlinin işi ilə bağlı ətraflı məlumata malik deyil. Mən bəyan edirəm ki, müəllifin müxalifətdən verilən məlumat əsasında hazırladığı dəyişiklik təklifi doğru deyil. Bir daha demək istəyirik ki, Anar Məmmədlinin işi siyasi deyil. O, konkret cinayət əməlinə görə həbs edilib”.

Bütün bu etirazlara baxmayaraq, həmməruzəçi Cordana Komik bu düzəlişin tərəfdarı olduğunu bildirib.

Bu sənəd də səsverməyə çıxarılıb və 30 nəfər lehinə, 14 nəfər əleyhinə olmaqla qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm