Ərdoğan və İhsanoğlu: Azərbaycana kim sərf edir?
Bizi izləyin

Nida.az

Ərdoğan və İhsanoğlu: Azərbaycana kim sərf edir?

Türkiyədə avqust ayında keçiriləcək prezident seçkilərinə iki aydan da az vaxt qalır. CHP və MHP İslam Əməkdaşlıq Konfransının (İKT) keçmiş sədri Ekmeleddin İhsanoğlunu vahid namizəd olaraq irəli sürüb.

Hakim AKP isə bu gün hazırkı baş nazir Rəcəb Tayyip Ərdoğanın namizədliyini irəli sürdü. Ortada Türkiyə prezidenti olmaq istəyən iki namizəd var. Qeyd edək ki, bu seçkilər Türkiyə tarixində ilk olacaq. O baxımdan ki, prezidenti ilk dəfə parlament yox, xalq seçəcək. Beləliklə, yeni prezident sələflərindən fərqli olaraq daha geniş səlahiyyətə malik olan əsas siyasi fiqur olacaq.

Azərbaycan ictimaiyyəti üçünsə ən maraqlı sual hansı namizədin bizim üçün əsas olması, daha doğrusu, maraqlarımıza cavab verməsidir.
Rəcəp Tayyip Ərdoğan sədrlik etdiyi AKP bir sıra məqamları nəzərə almasaq, xüsusilə də Sürix protokollarını, Azərbaycanın maraqlarına zidd addım atmayıb.

Buna paralel olaraq, müxalifətin əsas partiyaları olan CHP və MHP də daim Azərbaycanın maraqlarından çıxış edib. Deməli, onların irəli sürdüyü namizəd də bizə yaxındır.

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov da Publika.az-a açıqlamasında deyib ki, hər iki namizəd Azərbaycana yaxındır: “Hazırda Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir, müxtəlif sahələrdə əməkdaşlıq var və bu, inkişaf etdirilir. Bunun mövcudluğu reallıqdır. Digər reallıq odur ki, dövlət başçılarının arasında müəyyən münasibətlər yaranıb və bir sıra məsələlərlə bağlı qarşılıqlı anlaşma da var. Müxalifət tərəfindən irəli sürülən İhsanoğlu da tanınmış siyasətçidir. Hər halda, İslam Təşkilatı Konfransına uzun illər rəhbərlik edən dövlət xadimidir”.

Politoloq qeyd edib ki, Türkiyədə kimin rəhbərliyə gəlməsindən asılı olmayaraq, Azərbaycan maraqlarına yaxın olması həqiqəti də gözdən qaçmamalıdır.

“Mən düşünmürəm ki, İhsanoğlu seçiləcəyi halda buna əks mövqe göstərəcək. Çünki Türkiyə maraqları o qədər Azərbaycan maraqları ilə bağlıdır ki, burda hansısa şəxsin dəyişməsi ilə ciddi dəyişiklik olmur. Türkiyə cəmiyyətinin tələbatı da Azərbaycan maraqları ilə uzlaşır. Bu baxımdan hesab edirəm ki, kim seçilsə, Azərbaycan maraqları yüksək səviyyədə gözləniləcək, hər halda, anılacaq”- deyə politoloq bildirib.
Lakin F. Sadıqov onu da qeyd edib ki, İhsanoğlunun proqramı məlum deyil: “Onun siyasi düşüncələri, xarici və daxili siyasətdə atacağı addımlar məlum deyil. Hələ ki tam açıqlanmayıb. Bu baxımdan, son təhlili bu proqramın açıqlanmasından sonra aparmaq olar. Hələlik bu məsələlər açıq olaraq qalır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm