“İsrailin səsi” dövlət radiostansiyasında Azərbaycandan danışdılar
Bizi izləyin

Nida.az

“İsrailin səsi” dövlət radiostansiyasında Azərbaycandan danışdılar

Dünən İsrail dövlətinin “İsrailin səsi” radiostansiyasının populyar “Biz olmayan yerdə” proqramında Azərbaycan Respublikasına həsr edilmiş bir saatlıq veriliş səsləndirilib.

Publika.az-a bu barədə “İsrailin səsi” radiostansiyasının şərhçisi, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut məlumat verib.

Verilişlə bağlı ideyanın müəllifi isə israilli məşhur radioaparıcı İqor Moldavski və Arye Qut olub.

Radio verilişində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri, Azərbaycanın regionda xarici siyasət strategiyası və onun Cənubi Qafqazda regional lider kimi rolu, Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti təhlil edilib.. Verilişdə azərbaycanlı jurnalist, Bakupost.az onlayn qəzetinin redaktoru Kənan Quluzadə və Hayfa Universiteti nəzdində İranın və Fars körfəzi ölkələrinin öyrənilməsi üzrə Ezri Mərkəzinin əməkdaşı doktor Emil Abramov da iştirak edib.

Beynəlxalq münasibətlər sahəsində ekspert A.Qut israilli məşhur radioaparıcı İqor Moldavskinin Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri barədə suallarını cavablandıraraq qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır və bu münasibətlər iki ölkə və onların xalqları üçün çox vacibdir: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail dövləti Azərbaycanı neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən mütərəqqi texnologiyalarla təchiz edən strateji tərəfdaşıdır”.

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Cənubi Qafqaz regionunun lideri olduğunu deyən A.Gut bildirib ki, bu, təkcə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması ilə bağlı deyildir: “Karbohidrogenlərlə zəngin olan bir sıra başqa ölkələrdən fərqli olaraq Azərbaycan enerji resursları hesabına əldə edilən gəlirləri daha geniş məqsədlərə yönəldib. Postsovet dövründə Azərbaycan heç də zəif və asılı geosiyasi substansiya olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edə bilib. Dünyanın başqa hissələri ilə müqayisədə diplomatiyanın qat-qat mürəkkəb olduğu regionda yerləşən Azərbaycanın problemlərə praqmatik yanaşması, dini dözümlülük, öz qonşuları ilə konstruktiv münasibətləri - bütün bu amillər uğurlu və güclü Azərbaycanın təşəkkülündə mühüm rol oynayır. Burada xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ilin iyul ayında Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, İsrail siyasətinin ağsaqqalı, İsrail dövlətinin o vaxtkı rəhbəri Şimon Peresi Azərbaycana dəvət və onu ən yüksək səviyyədə qəbul edib”.

A.Qut İsrailin müasir Azərbaycanın rəhbərliyinin ölkədəki 20 minlik yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirib: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib, ölkədə hər 7 sakindən biri qaçqındır. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Əslən Azərbaycandan bizlər də, İsraildəki Azərbaycan diasporunun üzvləri kimi bu fakta görə fəxr edirik. Azərbaycan sözün həqiqi mənasında sivilizasiyalararası dialoq nümunəsidir. Mən bunu hər dəfə təkrarlamaqdan yorulmuram. Siz mənə ikinci bir ölkə - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi - göstərin ki, orada prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Zənnimcə, ikinci bu cür ölkəni sadəcə tapa bilməzsiniz”.

A.Qutun sözlərinə görə, bir neçə ay bundan əvvəl “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun bilavasitə dəstəyi ilə İsrail dövlətinin müxtəlif şəhərlərində “Azərbaycan - tolerantlıq məkanıdır” adlı sərgi layihəsini həyata keçirməyə başlayıb: “Bu, Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanmasına, müasir və güclü Azərbaycan modeli kimi möhtəşəm nümunə üzərində bu siyasətin daha da inkişaf etdirilməsi və təbliğ olunması strategiyasının təsdiqidir”.

Hayfa Universiteti nəzdində İranın və Fars körfəzi ölkələrinin öyrənilməsi üzrə Ezri Mərkəzinin əməkdaşı doktor Emil Abramov Azərbaycan-İsrail strateji tərəfdaşlığının siyasi və iqtisadi bazisini yüksək qiymətləndirərək Azərbaycan ilə İsrail arasında akademik əməkdaşlığın perspektivlərindən söhbət açıb.

A.Qut sonda Azərbaycan haqqında həqiqəti israilli radio dinləyicilərinə söyləmək üçün verilmiş imkana görə “İsrailin səsi” dövlət radiostansiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm