• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Elmar Məmmədyarov Prezidentə söz verdi

  • Nida.az
  • 8 İyul 2014 02:59
  • 3 245 Baxış
Elmar Məmmədyarov Prezidentə söz verdi

"Diplomatik xidmət orqanları rəhbərlərinin növbəti beşinci müşavirəsi Azərbaycan Respublikasında diplomatik xidmətin 95 illiyi kimi əlamətdar bir vaxtda keçirilir. Müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiyamız da əldə etdiyi uğurlara görə ümummilli lider Heydər Əliyevə borcludur. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirib".

Publika.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi imkanlarımızın və hərbi qüdrətimizin artırılması, sosial rifahımızın yaxşılaşdırılmasına yönəlmiş xarici siyasət strategiyamız cənab Prezidentin müəyyən etdiyi kursa uyğun olaraq çevik və qətiyyətlə həyata keçirilməkdədir: "Diplomatik xidmət orqanları rəhbərlərinin 2012-ci ildə keçirilmiş dördüncü müşavirəsindən sonrakı müddət ərzində Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat vermək istərdim".

E.Məmmədyarovun sözlərinə görə, son iki il ərzində ölkəmizin İsveçrə Konfederasiyasında, Avstraliya İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulluğu, Kolumbiya və Uruqvayda isə təmsilçilik ofisləri açılmışdır. Azərbaycanda isə Əfqanıstan İslam Respublikasının, Sudan Respublikasının, Kolumbiya Respublikasının, İsveç Krallığının, İspaniya Krallığının və Malayziyanın səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluq və nümayəndəlikləri fəaliyyətə başlamışdır: "Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Son müşavirə zamanı verdiyiniz tapşırıqların icrası ilə əlaqədar bildirmək istərdim ki, keçən dövr ərzində də xarici siyasətimizin prioritet istiqamətlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Xarici İşlər Nazirliyinin fəaliyyətinin əsasını təşkil etmişdir. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəliyimizdə duran əsas məsələ olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan danışıqların predmeti olmadığı birmənalı olaraq bütün görüşlərdə tərəf-müqabillərimizin diqqətinə çatdırılmışdır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın geri qayıtması üçün zəruri diplomatik və hüquqi əsasların yaradılması istiqamətində aparılan işlər daha da genişləndirilmişdir. Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, bu günə qədər Amerika Birləşmiş Ştatlarının 15 ştatında, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilmişdir.

Eyni zamanda, Azərbaycanın səyləri ilə BMT-nin "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"sı çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilmiş və Konvensiyanın implementasiya komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilmişdir. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə yekun qərar qəbul edilmişdir".

Nazir vurğulayıb ki, Xarici İşlər Nazirliyi bundan sonra da Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması və radikal erməni lobbisinə qarşı təsirli əks-hücumun təşkili istiqamətlərində fəaliyyətini daha da gücləndirəcəkdir.

Onun sözlərinə görə, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir: "Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də yüksək səviyyəli tədbirlər təşkil etmişdir. 2012-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilmişdir. 2013-cü ilin oktyabrından etibarən BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə qurumun "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası təşkil edilmişdir. Azərbaycanın Təhlükəsizlik Şurasında fəaliyyəti müddətində dörd qətnamə, o cümlədən Afrika və Yaxın Şərqlə bağlı bir sıra sənədlər qəbul olunmuşdur. Afrikadakı Böyük Göllər bölgəsinə regional səfərlər təşkil edilmiş və Afrika Birliyinin BMT Təhlükəsizlik Şurası ilə birgə tədbirləri həyata keçirilmişdir.
BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirmişdir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.
İkitərəfli əsasda həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın qonşu dost dövlətlərlə əməkdaşlığı daha da dərinləşmiş, Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri inkişaf etmiş, Latın Amerikası və Afrika regionlarında tərəfdaşlarının sayı artmışdır.
Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) beynəlxalq humanitar və yardım proqramlarına, eləcə də davamlı inkişafa xidmət edən layihələrinin sayını artırmışdır. Xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində Fələstin, Sent Vinsent və Qrenadindən olan tələbələr Azərbaycanın ali məktəblərində təhsil almışlar. Anqola, Əlcəzair, Çad, Kamerun, Fil Dişi Sahili, Liviya, Mavritaniya, Misir, Nigeriya, Sudan, Kolumbiya, Vyetnam, Oman, Küveyt və sair dövlətlərin mütəxəssisləri üçün neft-qaz istehsalı üzrə ixtisasartırma kursları təşkil edilmişdir. Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verilmiş, Fələstinə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Etimad Fonduna, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna, BMT-nin Vyana ofisinin dəstəklənməsi layihəsinə, BMT-nin İnsan Alveri Qurbanlarına Könüllü Yardım Fonduna, Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Fonduna maliyyə və texniki yardımlar edilmişdir. Panama, Qvineya-Bisau, Filippin, Serbiya, Bosniya və Herseqovinada baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün humanitar və maliyyə yardımları göstərilmişdir. Bütün bu fəaliyyətlər, heç şübhəsiz, Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuzunun artırılmasına və mövqeyinin möhkəmləndirilməsinə xidmət etməkdədir".

E.Məmmədyarov bildirib ki, keçən dövr ərzində Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Diplomatik Akademiyası əsasında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan "ADA" Universiteti yaradılmışdır: "Universitetdə həyata keçirilən təlim və tədris proqramları daha da genişləndirilmiş, dünyanın aparıcı ali təhsil və tədqiqat müəssisələri ilə əlaqələri, təcrübə və tələbə mübadilə proqramları artırılmışdır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsidir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə səfərlərinin asanlaşdırılması və konsulluq sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində aparılmış işlər nəticəsində bir sıra ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalanmışdır.

Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, yüksək dövlət qayğısı ilə əhatə olunmuş diplomatik xidmət orqanlarının əməkdaşları Sizin tərəfinizdən müəyyən olunmuş və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun həyata keçirilməsində bundan sonra da öz səy və bacarıqlarını əsirgəməyəcəklər".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR