“Sözlərimdə yeni heç nə yoxdur” deyən səfirin Yerevana mesajı
Bizi izləyin

Nida.az

“Sözlərimdə yeni heç nə yoxdur” deyən səfirin Yerevana mesajı

ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Heffern “news.am” saytına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirlərini bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, səfir münaqişənin nizamlanması prosesinin altı elementdən birinini Dağlıq Qarabağ ətrafında ərazilərin Azərbaycana qaytarılması olduğunu deyib.

Amerikalı diplomatın sözlərinə görə, Dağlıq Qarabağın ətrafında ərazilərin dərhal Azərbaycana qaytarılması nəzərdə tutulmur: “Bu məsələnin son həlli çərçivəsində nəzərdə tutulur. Dağlıq Qarabağın yekun statusu azad iradəsi əsasında həllini tapacaq. Daha sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafında ərazilər geri qaytarılacaq. Ona görə də mənim sözlərimdə yeni heç nə yoxdur”.

Ermənilərə təhlükəsizlik zəmanətinin verilməsinə gəlincə, amerikalı diplomat vurğulayıb ki, nizamlanma prosesinin altı elementi həmçinin beynəlxalq sülhməramlıların münaqişə bölgəsinə yerləşdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, sülhməramlı missiyaya hansı ölkənin və ya təşkilatın güclərinin daxil edilməsi tərəflər arasındakı danışıqların predmetidir. “Əlbəttə, ərazilər qaytarılmazdan əvvəl erməni tərəfinə müəyyən təhlükəsizlik zəmanəti, həmçinin regionda beynəlxalq sülhməramlıların olması lazımdır”, - Con Heffern dilə gətirib.

Amerikalı diplomatın “mənim sözlərimdə yeni heç nə yoxdur” deməsi isə təsadüf deyil. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayının əvvəlində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 6 elementi açıqlayıb. ABŞ-ın Ermənistandakı səfiri də məhz ölkəsinin Minsk Qrupundakı təmsilçisinin açıqladığı elementlərini müddəalarını yenidən səsləndirib və rəsmi Vaşinqtonun mövqeyini bir daha diqqətə çatdırıb.

C. Uorlik qeyd etmişdi ki, həmin elementlər ABŞ-ın Minsk Qrupu çərçivəsində yeritdiyi siyasətin əsasını təşkil edir. ABŞ-ın Ermənistandakı səfirinin açıqlamalarını daha dolğun başa düşmək üçün amerikalı həmsədrin irəli sürdüyü 6 elementi xatırladırıq.

1. Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər razılaşmalıdır ki, yekun statusun müəyyənləşdirilməsi gələcəkdə qarşılıqlı razılaşdırılmış və hüquqi qüvvəyə malik olacaq, öz iradəsini ifadə etmə əsasında həyata keçiriləcək. Aralıq variantlar müvəqqəti olacaq.

2. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunmalı və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməlidir.

3. Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmətin olmadığı bir şəraitdə problemin həlli mümkün deyil və Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa olunmalıdır.

4. Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz.

5. Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtma hüququ tanınmalıdır.

6. Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatları vacibdir. Bütün tərəflərin etimad etdiyi və yaxşı hazırlanmış sülhməramlı əməliyyat olmadan sülhün təmin olunmasına dair nümunə yoxdur.

Onu da əlavə edək ki, ABŞ-ın rəsmi mövqeyi olan bu elementlərə Ermənistan və Dağlıq Qarabağ separatçıları tərəfindən qəti şəkildə etiraz bildirilib. ABŞ səfiri isə bu açıqlaması ilə ölkəsinin mövqeyində dəyişiklik olmadığı barədə Yerevana mesajını çatdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm