NATO: “Cənubi Qafqazın xəritəsi kökündən dəyişəcək” – Özəl
Bizi izləyin

Nida.az

NATO: “Cənubi Qafqazın xəritəsi kökündən dəyişəcək” – Özəl

“Hazırkı şərait Azərbaycanın balanslı siyasətinə təsir edəcək və rəsmi Bakı bu siyasətini dəyişəcək, çünki artıq müttəfiqlər və düşmənlər mövcuddur”.

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Uels Sammitində Rusiya əleyhinə bir sıra sənədin qəbul olunacağını deyib:

“NATO-nun Uels Sammitində Əfqanıstan, Avropanın təhlükəsizliyinin yenidən gözdən keçirilməsi və təbii ki, təzə Baş katibin yeni dönəmdə üzərinə düşəcək vəzifələr müzakirə olunacaq. Əsas müzakirə olunacaq məsələlərdən biri də Rusiyanın özünü qeyri-adekvat aparması, bugünkü Avropa üçün real təhlükəyə çevrilməsi olacaq. Təbii ki, NATO Uels Sammitində bir sıra vacib sənədlər qəbul edəcək ki, bunun da Rusiya ilə bağlı olacağı gözlənilir. Burada həm açıq, hər kəsin bildiyi, həmçinin gizli sənədlər imzalanacaq. Bu, Avropanın təhlükəsizliyi üçün çox vacibdir. 2014-cü il Krım hadisələri bir daha göstərdi ki, Rusiya artıq hər kəs üçün real təhdid həddinə çatıb və o, heç bir beynəlxalq hüquq norması tanımır. Putinin yürütmüş olduğu hazırki xarici siyasət artıq Avropa ölkələrinin təhlükəsizliyi baxımından çox narahatedicidir”.

F.Məmmədov Uels Sammitinin Azərbaycan üçün dönüş nöqtəsi olacağını bildirib:

“NATO-nun əsas hədəflərindən biri genişlənmədir. Bu genişlənmə siyasəti Uels Sammitindən sonra sürətlənəcək. Tərəfdaş ölkələri Rusiya təhlükəsindən qorumaq vacibdir və bu siyasi kurs yenə də davam etdiriləcək. Təbii ki, sonda dünyanın siyasi xəritəsində köklü dəyişikliklərin şahidi olacağıq. NATO üçün üzv və tərəfdaş ölkələr vacibdir. Onların hər hansı istəyi üzərinə istənilən addım atıla bilər. Buraya təhlükəsizlik və digər məsələlər aiddir. Uels Sammiti həm də Azərbaycan üçün dönüş nöqtəsi olacaq. Hazırkı şərait Azərbaycanın balanslı siyasətinə təsir edir və rəsmi Bakı bu siyasətini dəyişəcək, çünki artıq müttəfiqlər və düşmənlər mövcuddur . İndi yeni dönəm başlayır və bu dönəmdə Azərbaycanın atacağı addım hər kəs tərəfindən səbirsizliklə gözlənilir. Bu addım Cənubi Qafqazın siyasi xəritəsini tam şəkildə kökündən dəyişəcək”.

Qeyd edək ki, NATO-nun Uels Sammiti bu ilin sentyabr ayında baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm