ABŞ 7 rayonun Azərbaycana qaytarılmasını istəyir - ÖZƏL
Bizi izləyin

Nida.az

ABŞ 7 rayonun Azərbaycana qaytarılmasını istəyir - ÖZƏL

“Hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılmalıdır”.

Belə bir bəyanatla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstar Publika.az-a eksklüziv açıqlamasında bildirib.

Səfir bəyan edib ki, ölkəsi Dağlıq Qarabağın sülh yolu ilə həlli ilə bağlı çox açıq mövqe bildirib:

“Mövqeyimiz də ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, hazırda 7 işğal altında olan Azərbaycan rayonları geri qaytarılmalıdır. Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır.

Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik”.

R.Morninqstar Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı məsələni də şərh edib:

“Mən ümid etmək istərdim ki, bu görüş Parisdə baş tutacaq. Hazırda isə bu görüşün baş tutacağı barədə danışmaq erkən olardı. Çünki bu görüşün tarixi hələ ki bəlli deyil. Sadəcə olaraq, onu düşünürəm ki, belə görüş çox faydalı olardı. Yəni iki prezident bilavasitə Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparardı və bu problemin həlli barədə konkret danışardılar. Ancaq hələ ki məndə bu görüşün təfərrüatı barədə hər hansı məlumat yoxdur. Düşünürəm ki, prezidentlər özləri bu görüşün təşkilinə razılıq verəcəklər və daha sonra da görüşün vaxtı müəyyənləşəcək”.

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern isə bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələnin yekun həlli zamanı müəyyənləşəcək.

O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:

“Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar, Laçın istisna olmaqla, geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm