“Qızılbaş qılıncı”, “Saxsı küp” və “Daş balıq”- Jurnalist tədqiqatı başladı
Bizi izləyin

Nida.az

“Qızılbaş qılıncı”, “Saxsı küp” və “Daş balıq”- Jurnalist tədqiqatı başladı

Parlament Jurnalistləri Birliyi (PJB) regional muzeylərin mediada təbliğinə başlayıb.

Birlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycanda 20 milyon yaşı olan balıq skeleti, Şah İsmayıl Xətainin əsgərlərinin vuruşduğu qılınc və digər maraqlı tarixi eksponatlarla zəngin bir muzey var. Bu və digər qədim nümunələri olan muzey Yardımlıda yerləşir. Bu rayondakı Tarix-diyarşünaslıq muzeyində keçirilən görüşdə jurnalistlərə maraqlı məlumatlar verilib.

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin (PJB) təşəbbüsü ilə keçirilən görüşdə 15-dən çox KİV nümayəndəsi, yerli rayon rəhbərliyi və muzeyin nümayəndələri iştirak ediblər. Görüş PJB-nin icra etdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində icra olunub. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihənin əsas məqsədi muzeylərin təbliği vasitəsilə xalqımızın əxlaqi-mənəvi dəyərlərini, mədəni irsini, tarixini, adət-ənənələrini öyrənmək və yaymaq, əhalinin maariflənməsinə kömək etmək, insanlarda muzey mədəniyyətinin formalaşması işinə töhfə verməkdir. Layihə çərçivəsində ilk tədbir Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində baş tutub.

Yardımlıda təşkil olunan görüş zamanı Tarix-Diyarşünaslıq Muzeyinin 1981-ci ildən fəaliyyətdə olması haqında məlumat verilib. Qeyd olunub ki, burada ziyarətçilər müxtəlif məişət əşyaları, silah-sursat vasitələri, yalnız bu rayonda yetişən dərman bitkiləri ilə də tanış olar bilərlər. Muzeydə bölgənin flora və faunasını əks etdirən eksponatlarla yanaşı, bir neçə nadir əşya da saxlanılır. Bunlar arasında ən tarixi eksponat - “Daş balıq” qədim yaşayış məskəni olan Avarax şəhərinin ərazisindən tapılıb. Və alimlərin qiymətləndirməsinə görə, yaşı 20 milyon ildən çoxdur. Burada həmçinin Şah İsmayıl Xətai dövründən qalan “Qızılbaş qılıncı”, içində ölülərin dəfn edildiyi “Saxsı küp” və digər maraqlı eksponatlar var.

Muzeyin təmsilçisi Əlisəfa Əhmədoğlu bildirib ki, əhalidə muzeylərə maraq oyatmaq üçün KİV-in dəstəyinə ciddi ehtiyac duyulur: “Çünki əksər hallarda nəinki turistlərin, heç Azərbaycanın digər regionlarda yaşayan əhalinin də hansı bölgədə hansı muzeylərin olmasından, burada nə cür əsrarəngiz, nadir eksponatların qorunmasından xəbərsizdir”.

Bu baxımdan, Ə. Əhmədoğlu Parlament Jurnalistlər Birliyinin təşəbbüsünü çox yüksək qiymətləndirib.
Öz növbəsində PJB sədri Elşad Eyvazlı da Azərbaycan tarixinin, əxlaqi-mənəvi dəyələrinin sandığı olan muzeylərimizin bütün ölkə səviyyəsində təbliği vacib olduğunu vurğulayıb: “Hər kəsə bəllidir ki, media orqanları əxlaqi-mənəvi dəyərlərin təbliğatında əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. Ölkənin ən aparıcı media qurumlarının nümayəndələrin öz ətrafında birləşdirən Parlament Jurnalistlər Birliyi də məhz bu gücdən yararlanaraq təbliğatı gücləndirmək niyyətindədir”.

Qeyd edək ki, “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində daha bir neçə regionda muzeylərdə görüşlər keçiriləcək, bu muzeylər haqqında silsilə materiallar hazırlanaraq mediada dərc ediləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm