Araz Əzimov Minsk Qrupu formatının dəyişdirilməsindən DANIŞDI
Bizi izləyin

Nida.az

Araz Əzimov Minsk Qrupu formatının dəyişdirilməsindən DANIŞDI

Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi Araz Əzimov ATƏT-in Minsk Qrupunun tərkibinə dəyişiklik edilməsi təklifinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməsinə tərəfdar olmadığını söyləyib:

“ATƏT-in Minsk Qrupu beynəlxalq cəmiyyətin ən önəmli oyunçularını özündə cəmləşdirib. Digər tərəfdən isə Minsk Qrupu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə təsdiq olunub. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv və seçkili əsasda yaxınlaşmaq olmaz. Qətnamələr bütövlükdə öz əhəmiyyətini saxlamalıdır və icra edilməlidir. Minsk Qrupu tərkibinin dəyişdirilməsi həmin qətnamələrə də zərər verəcək. Nəhayət, Minsk Qrupunun formatı ermənilər iddia etdiyi Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakı məsələsini aradan götürür. Çünki Minsk Qrupunda məhz o formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosesdə dövlət səviyyəsində yox, maraqlı olan tərəf kimi iştirak etməyə qadirdirlər. Qərar qəbul etmə prosesində iştirak etmirlər, lakin öz mövqelərini eşitdirə bilirlər. Ona görə də Minsk Qrupunun formatı həm bizim üçün, həm də hamı üçün, hətta indi ermənilər bunu qəbul etməsə belə, onların da maraqlarına və mövqelərinə uyğundur".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm