Ağ Ev Bakıya niyə enerji mütəxəssislərini göndərir?
Bizi izləyin

Nida.az

Ağ Ev Bakıya niyə enerji mütəxəssislərini göndərir?

Ağ Ev avqust ayında Bakıdan ayrılacaq səfir Morninqstarın yerinə Robert Cekutanın namizədliyini irəli sürüb.

Senat təsdiq edərsə, bundan sonra Vaşinqtonun Azərbaycan elçiliyini Cekuta edəcək. Yeni namizədin bioqrafiyasında ilk diqqətçəkən məqam isə onun enerji məsələləri üzrə mütəxəssis olmasıdır. Belə ki, Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçinin böyük müavini vəzifəsində çalışır. Bundan başqa Əfqanıstan, Yaponiya, Almaniyada Amerika diplomatik korpusunda çalışıb. Albaniya, Avstriya, İraq, Cənubi Afrika, Yəməndə ABŞ Ticarət Nümayəndəliyinin Ofisində də işləyib.

Onun sələfi Morninqstar da enerji məsələləri üzrə mütəxəssis olduğu üçün Bakıya göndərilmişdi. Bu baxımdan, Vaşinqtonun Bakıya enerji mütəxəssislərini göndərməsi sual doğurur?

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında deyib ki, Vaşinqtondan Bakıya gələn səfirlər enerji məsələlərini mütləq bilməlidir: “Mən yeni namizədin bioqrafiyası ilə tanış oldum. Böyük təcrübəsi var. Bir çox ölkələrdə səfir olub, eyni zamanda, Dövlət Departamentində enerji məsələləri üzrə mütəxəssisdir. Onun enerji mütəxəssis olması Bakıya səfir göndərilməsində əsas rol oynayır. Çünki Azərbaycanın əsas məhsulu enerji, neft və qazdır. Azərbaycan dünya bazarında bu bizneslə məşğuldur. Üstəlik, bu, daxili və xarici siyasətimizə böyük təsir edir. Ona görə də bu seçimi tamamilə uyğun hesab edirəm. Azərbaycana gələn Amerika səfiri enerji məsələlərini bilməlidir”.

Bu kontekstdən yanaşaraq ABŞ-ın Azərbaycanda demokratiyaya deyil, enerjiyə üstünlük verdiyini iddia edənlərə gəlincə, V. Quluzadə deyib ki, nə Amerika, nə də onun səfiri Azərbaycanda demokratiyanı inkişaf etdirə bilməz.

“Səfir Azərbaycanda demokratiya və digər prosesləri diqqətlə izləyib öz ölkəsini məlumatlandıra bilər. Bu cür iddialar mənasızdır”,– deyə politoloq qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm