• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanın dünyada təsir imkanları daha da artacaq

  • Nida.az
  • 10 İyul 2014 22:05
  • 687 Baxış
Azərbaycanın dünyada təsir imkanları daha da artacaq

İyulun 10-da Prezident İlham Əliyevin sədriliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlət Televiziyasının məlumatına görə, Prezident İlham Əliyev cari ilin birinci yarısında qarşıda duran bütün məsələlərin uğurla həll olunduğunu bildirib və qeyd edib ki, düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neft amilindən asılılığı xeyli azalıb.

Dövlət başçısı vurğulayıb ki, ilin birinci yarısında ölkə iqtisadiyyatı 2,1 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz, qeyri-neft sektoru 7 faiz artıb artıb. İnflyasiya 1,6 faiz təşkil edib. Prezident İlham Əliyev ölkənin müstəqilliyini şərtləndirən əsas amillərdən biri olan maliyyə vəziyyətinin sabit olduğunu, adambaşına düşən valyuta ehtiyatlarına görə, Azərbaycanın dünyada qabaqcıl yerlərdən birini tutduğunu və beləliklə, dünyada hökm sürən maliyyə böhranının ölkəmizə qətiyyən təsir etmədiyini vurğulayıb.

Bu il 3-cü regional inkişaf proqramının qəbul olunduğunu diqqətə çatdıran dövlət başçısı proqramda nəzərdə tutulan layihələrin icrası nəticəsində 6 ayda 65 min yeni iş yeri yaradıldığını və ümumilikdə, regionların sosial–iqtisadi inkişafına dair birinci dövlət proqramının icrasına başlanandan bəri 1 milyon 300 min yeni iş yerinin açıldığını vurğulayıb.

Prezident İlham Əliyev ölkədə demoqrafik vəziyyətin müsbət olmasını nəzərə alaraq, əhalinin uzunmüddətli məşğulluq konsepsiyası üzərində işləmək zərurətinə toxunub. Ötən 6 ayda sosial məsələlərin də diqqət mərkəzində olduğunu bildirən dövlət başçısı əhalinin pul gəlirlərinin 4,7 faiz artdığını, orta aylıq əmək haqqının 440 manata çatdığını söyləyib.

Prezident ilin birinci yarısında ordunun döyüş qabiliyyətinin yüksəldilməsi üçün görülən tədbirlərdən də danışıb və qeyd edib ki, ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilən təlimlər həm praktik, həm də gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir. Dövlət başçısı 6 ayda neft-qaz sahəsində xüsusilə Azərbaycanın təşəbbüskarı olduğu cənub qaz dəhlizi ilə bağlı ciddi addımlar atıldığını deyib.

Bütövlükdə Şahdəniz-2, TANAP və TAP layihələri ilə bağlı işlər uğurla gedir. Bu layihələrin icrası və bütövlükdə milli maraqlara xidmət edən enerji siyasətı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu, həmçinin dünyadakı mövqeyini və təsir imkanlarını daha da artıracaq.

Dövlət başçısı ötən yarım ildə sənayeləşməsi prosesinin də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ölkədə çox gözəl ab-havanın, ictimai-siyasi vəziyyətin və sabitliyin hökm sürdüyünü deyən Prezident İlham Əliyev bütün bunların ötən 6 ayda əldə olunan nailiyyətlərin əsasında durduğunu vurğulayıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, əmək və əhalinin social müdafiəsi naziri Səlim Müslümov ilin birinci yarısında görülən işlər barədə dövlət başçısına məlumat veriblər.

Yekun nitqində Prezident İlham Əliyev kənd yolları, içməsi su, kanalizasiya və digər infrastruktur layihələrinin uğurla icra edildiyini bildirib, qazlaşma ilə bağlı layihələri sürətləndirməyin vacibliyini vurğulayıb. Şəmkirçay və Taxtakörpü su anbarları layihələrinin torpaqların suvarılmasının yaxşılaşdırılmasında mühüm rol oynayacağını deyən dövlət başçısı iri fermer təsərrüfatlarının yaradılması işinin daha da genişləndirilməsinin də zərurliyini qeyd edib.

Yeni ixrac imkanlarının müəyyənləşdirilməsi məsələsinə toxunan Prezident ölkəmizin kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılması istiqamətində də iş aparılmasını tapşırıb. Respublikamızda sənayeləşmə ilə əlaqədar kompleks tədbirlər reallaşdırıldığını deyən dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması işinin də davam etdirilməsinin məqsədəuyğun olduğunu deyib.

Prezident İlham Əliyev özəl bankların iqtisadiyyatın real sektoruna daha çox investisiya və kredit ayırmalarının zərurliyini də xüsusi vurğulayıb. Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində köklü tədbirlərin həyat keçirildiyini, əhalinin “ASAN” xidmətindən razılıq etdiyini deyən Prezident İlham Əliyev yerlərdə bu cür səyyar xidmət göstərən maşınların sayını 10-a çatdırmaq barədə tapşırıq verib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycandan keçən hissəsinin inşasının bu il başa çatdırılacağını deyən dövlət başçısı Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın inşasının da uğurla icra edildiyini bildirib. Paytaxta yeni, ən müasir standartlara cavab verən avtobusların gətirilməsi ilə bağlı görülən işlərə toxunan Prezident İlham Əliyev metro tikintisinin də sürətlə davam etdiyini deyib.

Dövlət başçısı ekoloji məsələlərin də xüsusi diqqət mərkəzində saxlandığını, göllərin təmizlənməsi, havanın çirklənməsinin qarşısının alınması, neftlə çirklənmiş sahələrin təmizlənməsi, yaşıllıqların genişləndirilməsi və sair tədbirlərin uğurla davam etdirildiyini vurğulayıb. Bu il ötən 6 ayında Azərbaycanda sosial-iqtisadi sahədə görülən işləri müsbət qiymətləndirən Prezident İlham Əliyev bu sahədə qarşıda duran vəzifələrin bundan sonra da uğurla həllini tapacağına inamını ifadə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR