Ukraynada döyüşən azərbaycanlı: “İşimiz kəşfiyyat və snayperdir”- Özəl
Bizi izləyin

Nida.az

Ukraynada döyüşən azərbaycanlı: “İşimiz kəşfiyyat və snayperdir”- Özəl

Ukrayna ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı bozqurdçu Elşən Cavadovun Publika.az-a müsahibəsi

- Elşən bəy, Ukrayna döyüşlərində azərbaycanlılar necə iştirak edir?

- Ukrayna 1993-cü ilin Azərbaycanını xatırladır. Hissələrə bölünüb separatçılara qarşı döyüşürük. Slavyanskada, Luqanskda, Odessada qüvvələrimiz var. Qalib gəlmək ümidi var. Amma Kiyevin özündə olan təxribatçılar və baş verən xəyanətlər qələbənin qarşısını alır.

- Sizdən başqa döyüşən azərbaycanlılar var?

- Məndən də qeyrətliləri var. Amma istəmirlər adları çəkilsin. Həyat belədir ki, önə mən çıxmışam. Mən onlarla bağlı yazmaq istəmişəm, amma özləri razılıq vermir.

- Döyüşlərdə azərbaycanlılardan həlak olanlar olubmu?

- Hazırda 4 azərbaycanlı girov götürülüb. Onlar alverlə məşğul olanlardır, amma separatçılar onları girov götürməklə qarşılığında pul istəyirlər. İnqilab vaxtı həlak olan azərbaycanlılar oldu. Amma onlara sahib çıxmadılar, biz də bir şey edə bilmədik. Cəbhədə isə həlak olan yoxdur.

- Azərbaycanlılar ayrıca tağım şəklində döyüşür, yoxsa...?

- Luqanskda azərbaycanlılardan ibarət Bozqurd qrupu var. Onlar separatçılara qan uddurur. Bizim əsas işimiz kəşfiyyat və snayperdir. Slavyanska hücum zamanı apardığım kəşfiyyatda azərbaycanlılar çox kömək etdi. Onlar mənə necə və hardan vurmaqla bağlı dəqiq məlumatlar verdilər. Bu məlumatlar əsasında, demək olar ki, Slavyanskı hücumsuz aldıq.

- Bozqurd qrupunda təmsil olunanlar Azərbaycandan gedənlərdir?

- Onlar, əsasən, Avropadan gələnlərdir. Hansı ki, vaxtilə ora mühacirət etmişdilər. 40-50 yaşlı bacarıqlı oğlanlardır. Burda təkcə mən deyiləm, çox əməlləri olan oğlanlar var ki, böyük hörmətə layiqdirlər. Sadəcə olaraq, nə qədər xahiş etsək də, adlarının açıqlanmasını istəmirlər.

Bundan başqa, azərbaycanlılar ayrı-ayrı batalyonlarda da döyüşür. Onlar “kambatlar” vasitəsilə əlaqə yaradırlar.

Azərbaycan dövləti də öz maraqlarının Ukraynada müdafiə üçün ciddi addımlar atıb. Amma etiraf etmək lazımdır ki, müxalifət də, iqtidar da Ukraynada ermənilərin yüksəlməsini istəmirlər. Buna qarşı ciddi addımlar atılıb və uğur əldə edilib.

- Bir şeyi dəqiqləşdirmək istəyirəm. Siz Ukrayna vətəndaşısınız?

- Mən 1998-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılmışam. Bu günə kimi də heç bir dövlətin vətəndaşlığını qəbul etməmişəm. Mənim Poroşenko ilə, həmçinin Ukrayna müdafiə nazirinin özü ilə yaxşı münasibətlərim var. Ukrayna vətəndaşlığını qəbul edə bilərəm. Amma istəmirəm. Çünki Azərbaycan vətəndaşlığından çıxa bilərəm, lakin mən yenə azərbaycanlıyam, vətənim Azərbaycandır.

- Maraqlıdır, II Qarabağ müharibəsi başlayarsa, bu gün Ukraynada döyüşən azərbaycanlılar Qarabağa gedəcəklərmi?

- Təbii ki, gedib orda da döyüşəcəklər. Əsas dəstək də maliyyə dəstəyi olmalıdır. 500-600-ə qədər azərbaycanlı var ki, Ukraynaya gəlmək istəyir, amma ciblərində pulları yoxdur. Mən özüm bu dəqiqə burda deyil, Kərkükdə döyüşmək istəyirəm. Amma məni nə Kərkükə buraxan var, nə də özüm gedə bilirəm. Sponsorlarım var, onlar vasitəsilə gedə bilərəm. Amma gərək dövlət də bu məsələdə yaşıl işıq yandırsın.

Bu gün Ukrayna Azərbaycanın əsas müttəfiqlərindəndir. Avropanın mərkəzində olan Ukrayna kimi sadiq müttəfiqi müdafiə etmək Azərbaycanın əsas siyasəti olmalıdır.

- Hazırda ordakı azərbaycanlıların durumu necədir?

- Poroşenko prezident olandan sonra qeyri-millətlər arasında ən çox dəstəyi azərbaycanlılara verdi. Bu gün azərbaycanlılara Ukraynada çox yaxşı imkanlar yaradırlar. Amma bu cür şəraitdən istifadə etmək lazımdır.
Separatçıların ən çox qorxduğu da azərbaycanlılardır. Çeçen qüvvələri harda iki azərbaycanlı görsə, qoyub qaçırlar. Qorxuları böyükdür. Avropada da sənədsiz yaşayan çoxlu azərbaycanlılar var ki, onlar da Ukraynaya gəlib döyüşmək istəyir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm