İlin ən fəal deputatları kimlərdir? - Sorğu
Bizi izləyin

Nida.az

İlin ən fəal deputatları kimlərdir? - Sorğu

“Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili” nominasiyasının qalibləri isə Mehriban Əliyeva, Qənirə Paşayeva və Vahid Əhmədov olub

Parlament Jurnalistləri Birliyi (PJB) dördüncü çağırış Milli Məclisin deputatlarının 2013-cü ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB sədrinin müavini Aqil Aslan Publika.Az -a bildirib ki, 50 jurnalistin iştirak etdiyi sorğunun nəticələrinə əsasən dörd nominasiya üzrə qaliblər müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə 15 deputat ilin ən fəalı seçiliblər: “İlin fəal millət vəkili» nominasiyasının qalibləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, Əli Hüseynli və Elmira Axundova olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili” nominasiyasının qalibləri isə Mehriban Əliyeva, Qənirə Paşayeva və Vahid Əhmədov olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardımçı olduqlarına görə müəyyən ediliblər. “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili” nominasiyasının qalibləri Bahar Muradova, Rövşən Rzayev və Fuad Muradovdur. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2013-cü ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda – AŞ PA, ATƏT PA, Avronest PA-da fəal təmsil etdiklərinə görə müəyyən ediliblər”.
Onun sözlərinə görə, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili” nominasiyasının qalibləri isə Mehriban Əliyeva, Abel Məhərrəmov və Azay Quliyev olub: “Bu nominasiyanın qalibləri Milli Məslisin 2013-cü ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən ediliblər. Sorğunun nəticələrindən göründüyü kimi Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iki nominasiya üzrə (“Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili” və “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili”) qalib seçilib”.

PJB sədrinin müavini deyib ki, Mehriban Əliyeva yeganə millət vəkilidir ki, iki nominasiya üzrə jurnalistlərin səsini qazanıb: “Parlament jurnalistlərinin böyük əksəriyyətinin qənaətincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir. Həmçinin ötən il mayın 7-də Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə Amnistiya haqqında qanun layihəsi qəbul olunub və bu amnistiya aktı 9 min nəfərə şamil olunub”.

Sorğu nəticəsində parlamentin 2013-cü ildəki ümumi fəaliyyətinə və qurumun mətbuat xidmətinin fəaliyyətinə də qiymət verilib.

“Dördüncü çağırış Milli Məclisin 2013-cü ildəki ümumi fəaliyyətini necə qiymətləndirirsiniz” sualına cavab verən parlament jurnalistlərinin 46 faizi “qənaətbəxş”, 24 faizi “qeyri-qənaətbəxş”, 30 faizi isə “cavab verməkdə çətinlik çəkirəm” cavabını veriblər. “Dördüncü çağırış Milli Məclisin 2013-cü ildəki fəaliyyəti dövründə qurumun mətbuat xidmətinin fəaliyyətini necə qiymətləndirirsiniz” sualına cavab verən sorğu iştirakçılarının 68 faizi “qənaətbəxş”, 10 faizi “qeyri-qənaətbəxş”, 22 faizi isə “cavab verməkdə çətinlik çəkirəm” cavabını veriblər.

Qeyd edilib ki, bu, Milli Məclisdə akkreditə olunmuş jurnalistlər arasında keçirilən sayca 9-cu sorğudur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm