• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

AXC-nin varisi kimdir?- Elçibəydən sonra qalmaqal yenə başladı

  • Nida.az
  • 15 İyul 2014 12:08
  • 610 Baxış
AXC-nin varisi kimdir?- Elçibəydən sonra qalmaqal yenə başladı

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 25 il ötür. 1989-cu ildə yaradılan hərəkat 3 il sonra hakimiyyətə gəldi, lakin cəmi bir il iqtidarda qala bildi. Daha sonra müxalifətə keçən hərəkat lideri Əbülfəz Elçibəyin ölümünə - 2000-ci ilə qədər bütöv olaraq qalırdı.

Lakin Elçibəyin vəfatından sonra hərəkat demək olar ki, dağıldı və bir neçə partiya şəkilində fəaliyyət göstərməyə başladı. AXC-dən ayrılanlar AXCP, KXCP, BQP, BAXCP partiyalarını yaratdı. Bununla yanaşı, ölkədə fəaliyyət göstərən əksər partiya təmsilçiləri də vaxtilə bu hərəkatda təmsil olunublar. Bu illər ərzində əsas mübahisə mövzusu AXC-nin varisinin kim olmasıdır.
AXCP özünü AXC-nin mənəvi olmaqla yanaşı, hüquqi varisi da sayır. Partiya AXC-nin 25 illiyini AXCP-nin yubileyi kimi təqdim edir. AXCP sədri Əli Kərimli Elçibəyin sağlığını xatırladaraq bildirir ki, o, hərəkat daxilində islahatların keçirilməsini istəyirdi. Məhz buna görə ona qarşı qruplaşma yaranmışdı.

“Əbülfəz bəy rəhmətə gedəndən sonra partiyamızda müəyyən parçalanma da oldu. Baxmayaraq ki bu parçalanmadan sonra biz də, bizdən ayrılmış digər qrup cəbhəçilər də özümüzü məhz AXCP adlandırırdıq, ancaq ictimaiyyət, mətbuat bizi islahatçı cəbhəçilər, bizdən ayrılmış qrupu isə klassik cəbhəçilər adlandırırdı. Bu vəziyyət illərlə davam etdi. Nəhayət, cəbhənin o biri hissəsinin adının qarşısına rəsmən “klassiklər” yazıldı. Bu adla da qeydiyyatdan keçdilər. Bizim də “islahatçılar” olduğumuz, beləliklə, “unuduldu”. Biz olduq, sadəcə, AXCP”, - deyə o qeyd edir.

AXCP-nin “Partiyamızın 25 illiyi” deməsi də göstərir ki, Əli Kərimli AXC-nin yeganə namizədinin məhz özünün olduğunu düşünür.

“Azərbaycan ictimaiyyəti AXC-nin varisi kimi KXCP-ni görür”

Lakin KXCP bunun əksini deyir. Mirmahmud Mirəlioğlunun müavini Xəzər Teyyub Publika.az-a açıqlamasında bildirib ki, ictimaiyyət AXC-nin varisinin kim olduğuna qiymət verib: “AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Onun vəfatından sonra 2000-ci ilin noyabr ayında qurultay keçirildi. Elçibəydən sonra partiyanın dağılmaması, irəli aparılması üçün yeni liderə ehtiyac var idi. Bu lider hazırda KXCP-nin sədri olan Mirmahmud Mirəlioğlu idi və qurultay böyük əksəriyyətlə onu seçdi. Bəyin müavinləri də onun yanında dayandılar”.
X. Teyyublu qeyd edib ki, M. Mirəlioğlu Elçibəy Ankarada xəstəxana olanda son dəqiqələrinə qədər yanında olub.

“Elçibəyin Azərbaycan və türk dünyasına müraciəti oldu. Həmin müraciətdə də o, Mirmahmud bəyi təqdim etdi. Bu baxımdan, Azərbaycan ictimaiyyəti AXC-nin varisi kimi KXCP-ni görür. Bunun əlavə şərhə ehtiyacı yoxdur”, -deyə o bildirib.


“Milli maraqları satanlar AXC-nin varisi ola bilməz”


BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Publika.az-a açıqlamasında bildirib ki, kim milli hədəflər, bütöv azərbaycançılıq, türkçülük uğrunda mübarizə aparırsa, Azərbaycanın dövlət və milli maraqlarını xarici maraqlara qurban vermirsə, o, AXC-nin varisi hesab edilə bilər.

“Lakin bu gün varisliyə iddia edən AXCP vaxtilə iranpərəst mövqedən çıxış etdi, daha sonra Rusiyanın layihəsində yer aldı. Onlar necə AXC-nin varisi ola bilərlər. AXCP heç vaxt Elçibəyi sevməyib. AXC-nin varisi milli azadlıq hərəkatında iştirak edən və heç vaxt milli maraqlarımızı qurban verməyənlər hesab edilə bilər”, -deyə E. Mirzəbəyli qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR