USAID-in “gizli qrant elanı”, yaxud Azərbaycan üçün yeni ssenari yazılır?
Bizi izləyin

Nida.az

USAID-in “gizli qrant elanı”, yaxud Azərbaycan üçün yeni ssenari yazılır?

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2,4 milyonluq qrantı QHT-lərə ayırmamış özü ilə qaranlıq sualları da gətirdi. Azərbaycan məkanı üçün 2,4 milyon dollar qrant kifayət qədər böyük məbləğdir. Təşkilat bunu medianın inkişafı üçün qarşıdakı 3 il müddətinə nəzərdə tutur. İlk baxışdan, xeyirxah bir humanitar addım olan bu qrant layihəsi yaddaşlarda “yumşaq müdaxilə” siyasətini oyadır. Hansı ki, bu günə qədər Bakı dalanlarında bunun şahidi olmuşuq.

Cəmi 7 gün, yoxsa eyni konstruksiyalı ssenarilər?

Qrant müsabiqəsinin elan edilməsi və sənədlərin qəbulu müddəti beyinlərdə ilk sualı yaratdı. Cəmi 7 gün. İyulun 30-da başlayan qrant layihələrinin qəbulu iyulun 7-də başa çatdı. Bu dar çərçivəli bir layihənin hazırlanması üçün kifayət qədər az müddətdir, halbuki söhbət milyonluq layihələrdən gedir. Digər məqam, qrant müsabiqəsinin ictimaiyyətləşdirilməməsidir. Təşkilat sanki gizli olaraq müsabiqəni elan etdi və qəbulun vaxtı bitdi. Xəbərlər müsabiqənin vaxtı bitəndən sonra ortaya çıxdı. ABŞ səfirliyi isə iddiaları təkzib edir və USAID-in müsabiqə elanını açıq formada etdiyini deyir.

Lakin iddialar yetərincə əsaslıdır. Belə ki, təşkilatın, əslində, müsabiqə haqda hökumət əleyhinə olan, daha çox qərbyönümlü bir sıra təşkilata məlumat verdiyi deyilir və müsabiqənin “qalibləri” də məhz həmin təşkilatlar olacaq.

Bu təşkilatların adı hələ ki bəlli deyil, amma bunu təsəvvür etmək o qədər də çətin deyil. Söhbət Qərbin ölkənin içinə yerləşdirdiyi “minalar"dan gedir. Bir düymə ilə partlayacaq və lazımi situasiya yaranacaq. Eyni konstruksiyalı ssenariləri biz son 10 il üçün xroniki olaraq izləmişik.

Humanitar üzlü təşkilat və ya 9 milyon kimə verilib?

USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycan üzərində fəaliyyəti də maraqlı faktlarla izlənilir. 1992-ci ildən ölkəyə qrant ixrac edən təşkilatın xasiyyətnaməsində deyilir: “Təşkilat ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. Agentlik uzunmüddətli iqtisadi inkişafa nail olmaq istiqamətində fəaliyyətləri dəstəkləyir və dünyanın müxtəlif regionlarında yardım proqramları həyata keçirir. USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. USAID tərəfindən həyata keçirilən proqramlar kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar sahələrin inkişafına kömək etmək məqsədi daşıyır”.


Araşdırmalara görə təşkilat 1992-dən Azərbaycana 300 milyon dollar həcmində qrant ayırıb. Əsas istiqamət vətəndaş cəmiyyəti üzərində işləməkdir. Mətbuatda yayılmış məlumatlara görə, son illər ərzində təşkilat 8 milyon 200 min dollar, daha sonra 93 min manat vəsait ayırıb.

Ayrılan vəsait əsasən Qərbyönümlü “Açıq Fikir Universiteti” (bu universitetin bağlanmasına birbaşa ABŞ hökuməti reaksiya vermişdi-red), “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (rəhbəri məşhur qərbpərəst Anar Məmmədli-red) və bu səpkidən olan təşkilatlar arasında bölüşdürülüb.


Qərbin hazırladığı “sürprizlər”

USAID-in “gizli elanı”nın ortaya çıxardığı ehtimallar diqqətləri 2015-ci ilə yönəldir. Parlament seçkilərinə iki ildən də az vaxt qalıb. Nəyə görə parlament seçkiləri? Çünki bütün siyasi ssenarilərin reallaşması üçün ən münbit şərait məhz seçki dönəmində yaranır. Və əsas sual: təşkilatın təsnifatı humanitar yardımlar olduğu halda, nə üçün diqqətlər 2015-ə yönəlir.

Beynəlxalq münasibətlər sistemində vətəndaş cəmiyyətləri üzərində siyasi xəttin yürüdülməsi əsas elementə çevrilib. Bu sistem SSRİ dağılandan sonra olduqca səmərəli, işlək sistemə çevrildi. Xüsusilə müstəqilliyini yeni qazanmış kiçik ölkələrin idarə olunmasında “humanitar yardımlar” siyasəti işə salındı. Bu baxımdan, Qərbin “2015 planını” USAID vasitəsilə reallaşması ehtimalı güclənir.

Əslində, rəsmi Bakı ilə Vaşinqtonun münasibətləri bunun fonunda dramatik deyil, əksinə, müsbət məcrada davam edir deyə bilərik. Lakin Qərb öz ehtiyatını heç vaxt əldən vermir və hökumətlər üçün öz ölkələrində “sürprizlərini” də hazırlamağı unutmur. Bunun üçün ideal variant qrantların ona işləyən təşkilatlara ayılmasıdır.

“Şef həmişə haqlıdır”- Qərbin “Kimə işlədiyinizi unutmayın” mesajı

Bu fikri qüvvətləndirmək üçün Azərbaycana aid bir misal çəkmək mümkündür. Belə ki, vaxtilə Qərb qrantlarından ən çox istifadə edən yerli QHT ADİF (Azərbaycanda Demokratiyanın İnkişafına Yardım Fondu) hesab olunurdu. ADİF-in sədr müavini, əslində isə, faktiki sədri AXCP sədrinin keçmiş müavini Fuad Mustafayev idi. Yayılan xəbərlərə görə, Əli Kərimlinin müavini kabinetində başı üzərində Corc Buşun portretini asmış, üzərindən “Şef vseqda prav” deyə yazmışdı. F. Mustafayev bu xəbərləri təkzib etmədi və bir zarafat adlandırdı. Lakin sonradan ortaya çıxan məlumatlara görə, bu USAID-in “kimə işlədiyinizi unutmayın” sifarişi idi.

Həqiqətən də, USAID-ə işləyənlər, daha doğrusu, təşkilatın etimad göstərdiyi şəxs və qurumlar həmişə hökumətin əleyhinə olanlar, dolayısı ilə, siyasi müxalifətə bağlı olanlardır.

Görünür, Qərb Azərbaycan üçün yeni ssenarilər üzərində düşünür. Bu ssenaridə yer alanlarsa “şef həmişə haqlıdır” şüarını unutmayanlar olacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm