Deputatlarımıza 12 minlik maaş veriləcək?
Bizi izləyin

Nida.az

Deputatlarımıza 12 minlik maaş veriləcək?

“Belə olarsa, ömürlük lordlara çevrilərik”- deputatlar rus həmkarlarının 12 minlik maaşından danışdı

Rusiya Dumasının deputatları sentyabr ayından 400 min rubl (12 min dollar) əməkhaqqı alacaq. Bundan əvvəl Duma üzvlərinin əmək haqları 235 min rubl idi. Yeni qaydaya görə, 12 min əməkhaqqı alan deputatlar adi vətəndaşlardan 13 dəfə çox maaş alacaq.

Deputatların maaş məsələsi Azərbaycan üçün də aktualdır. Sonuncu dəyişikliyə görə isə, Milli Məclis sədri 2250 manat, sədrin I müavini 2025 manat, sədrin müavinləri 1912,5 manat, komitə sədrləri 1800 manat, sıravi deputatlar isə 1575 manat əməkhaqqı alır.

Maraqlıdır, Azərbaycan deputatları rus həmkarlarının 12 min dollarlıq maaşından sonra öz əməkhaqları haqda düşünəcəkmi?

Publika.az bununla bağlı deputatların fikirlərini öyrənib.

“Ehtiyac olacaqsa, bu məsələ parlamentdə qaldırıla bilər”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov buna ehtiyac olmadığını düşünür.
“Ehtiyac olacaqsa, bu məsələ parlamentdə qaldırıla bilər. Amma hələlik gündəmdə deyil. Hazırkı əməkhaqqı kifayət qədərdir”,- deyə YAP-çı deputata bildirib.

“Əvvəl həkim və müəllimlərin əməkhaqqısı qaldırılmalıdır”

Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü Asim Mollazadə isə hesab edir ki, əvvəlcə həkimlərin və müəllimlərin əməkhaqlarının qaldırmaq lazımdır: “Deputatların maaşlarını müzakirəyə çıxarmamışdan öncə, həkim və müəllimlərin əməkhaqları qaldırılmalıdır. Yəni ümumi ölkə üzrə əməkhaqları yüksək olmalıdır ki, ondan sonra deputatlar haqda düşünmək olsun. İndi isə buna ehtiyac yoxdur”.

“Seçicinin hədəfinə çevrilmək istəmirik”

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc məsələyə özünəməxsus münasibət bildirib: “Bu, təxminən ona bənzəyir ki, biz Azərbaycan insanının qəzəbinə tuş gəlmək hesabına öz daxili rahatlığımızı düşünək. Bu sualın qarşısında parlament üzvü ikili duyğu keçirir. Bir tərəfdən, təbii ki, dünyada hər kəs daxili rahatlıqdan, komfortdan imtina etmək istəməz. Amma digər tərəfdən, reallıq hissi deputatları tərk etməməlidir. Əgər vətəndaş, eləcə də hakimiyyətin digər qolları ilə müqayisədə biz çox əməkhaqqı alarıqsa, millət vəkilliyindən çıxıb öz vəkilimizə çevrilərik. Bu da bizi insanların hədəfinə çevirər. Çünki seçicinin haqqı var ki, bizim bu illər ərzində yalnız özümüz üçün çalışdığımızı deyə. Belə şəxsləri vətəndaş növbəti dəfə seçməz. Bu, Roma imperiyası dövründəki məşhur senatorlara bənzəyir. Onlar özlərini ömürlük seçir və xüsusi imtiyazlara sahib olurdular. Bu gün Britaniyadakı lordlar kimi. Belə olarsa, biz də ömürlük lordlara çevrilərik. Elə bir vəziyyət yaranmalıdır ki, vətəndaş özü parlament üzvünün əməkhaqlarının az olduğunu desin”,- deyə Z. Oruc bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm