• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“USAİD Azərbaycanı aldadır” – deputatdan sərt AÇIQLAMA

  • Nida.az
  • 16 İyul 2014 12:28
  • 725 Baxış
“USAİD Azərbaycanı aldadır” – deputatdan sərt AÇIQLAMA

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda medianın inkişafına 2,4 milyon dollar həcmində qrant ayırması və müsabiqənin gizli formada həyata keçirilməsi məsələsinə münasibət bildirib.

Deputat Ç.Qənizadə Publika.az-a açıqlamasında deyib ki, USAİD, guya, mətbuatın inkişafı üçün 2,4 milyon pul ayırması və 7 gün ərzində layihələrin təqdim olunması barədə elanı formal xarakter daşıyır:

“Heç kəs 7 günə normal layihə hazırlayıb təqdim edə bilməz. Hesab edirəm ki, USAİD artıq istədikləri təşkilata bu elandan öncə müvafiq məlumatlar verib və onlar da tələb olunan layihələri hazırlayıb. Yəqin ki, həmin təşkilatlar da 7 günün ilk günündə layihələri təqdim edəcəklər. Yəni, sadəcə olaraq, bu bir oyundur, Azərbaycan dövlətini və cəmiyyətini aldatmaq məqsədi güdür. Mən bunun qəti əleyhinəyəm. Ölkədə şəffaflığı və hesabatlılığın təmin olunması üçün biz QHT-lərlə bağlı müvafiq qanunlar qəbul etmişik. Ancaq çox təəssüf ki, USAİD kimi beynəlxalq təşkilatlar bu şəffaflığın qorunması qaydalarına əməl etmirlər. Tam məsuliyyətimlə deyirəm ki, USAİD-in ayırdığı 2,4 milyonluq vəsait özlərinin marağında olan təşkilatlara və mətbuat orqanlarına veriləcək. USAİD-in belə bir açıqlama verməsi ki, 7 gün ərzində layihələr təqdim olunmalıdır və sairə məsələlər isə sadəcə gülünc doğurur. Çox təəssüf ki, USAİD kimi təşkilatlar zaman-zaman Azərbaycanda dövlətin uğurlarını görmək istəməyən və fildən qarışqa düzəldən insanlara dəstək olmağa çalışıb. Əminəm ki, USAİD-in ayırdığı 2,4 milyon vəsait də bu kimi təşkilatlara paylanılacaq”.

Deputat qeyd edib ki, USAİD kimi təşkilatlar bu cür addımları ilə Azərbaycanda qanunsuz və xoşagəlməz hadisələrin baş verməsinə şərait yaradır:

“Bu cür təşkilatlar, adətən, Azərbaycan dövlətinin uğurlarını görmək istəməyən şəxslərlə, qurumlarla əməkdaşlıq etməyə çalışırlar. Çünki Azərbaycan dövlətinin uğurları USAİD kimi təşkilatları bədbin hala salıb”.

Xatırladaq ki, USAİD-in Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub.

Qeyd edək ki, ABŞ hökumətinin xarici yardım təşkilatı hesab olunan USAİD artıq dünyanın bir çox ölkələrində arzuolunmaz təşkilat kimi qəbul edilir.

Belə ki, 2005-ci ildə USAİD təmsilçiləri təxribatçı fəaliyyətlərinə görə Eritreyadan qovulublar.

Son 5 il ərzində isə Efiopiya, Rusiya və Belarus öz ərazilərində USAİD nümayəndələrinin fəaliyyətini dayandırıb.

ABŞ-ın əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi də bu gün bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən USAİD-dən pərdələnmək üçün istifadə edir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR