“Hücum taktikasına üstünlük verməliyik “ – Diaspor Komitəsinin yeni planları var
Bizi izləyin

Nida.az

“Hücum taktikasına üstünlük verməliyik “ – Diaspor Komitəsinin yeni planları var

Biz hazırda əlimizdə olan və daxil olmaqda davam edən informasiyaları təhlil edirik. Yəqin ki, bununla bağlı müəyyən təkliflərimiz olacaq. Lakin fikrimizcə biz erməni diasporu və lobbi qurumları tərəfindən həyata keçiriləcək kampaniyalara cavab addımların

Gün.Az-a istinadən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla müsahibəni təqdim edirik:

- Cari ildə qarşıda duran planlarınız nədir?

- 2014-cü il üçün digər planlarımızla bağlı onu deyə bilərəm ki, bu il Dünya Azərbaycanlılarının Onlayn Forumu layihəsini də genişləndirmək istəyirik. Bu müasir sistem vasitəsilə biz dünyanın müxtəlif ölkələrində diaspor nümayəndələri ilə onlayn müzakirələr təşkil edə bilirik. Beləliklə, həm dövlət büdcəsinə qənaət etmiş oluruq, həm də istənilən məsələ ilə bağlı operativ müzakirələr təşkil edə bilirik. 2014-cü ildə Bakıda II Cənubi Qafqaz Forumunun keçirilməsi də planlaşdırılır.

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması yönündə əhəmiyyətli planlarımız var. Biz bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılmasına can atırıq. Eyni zamanda cari ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Dünya Azərbaycanlı Alimlərinin forumunun keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

- Azərbaycan diasporu və dövlətimiz 2015-ci ildə qondarma “erməni soyqırımı”nın yüz illiyinin irimiqyaslı təbliğinə və tanınmasına qarşı müəyyən addımlar atır. Konkret olaraq bu istiqamətdə hansı tədbirlər görülür?

- Bu məsələ ilə bağlı Ermənistan dövlət səviyyəsində müəyyən planlar hazırlayır. Erməni diaspor təşkilatlarına və lobbi qurumlarına da bəzi təlimatlar verildiyinə dair məlumatlar bizə də daxil olur. Biz hazırda əlimizdə olan və daxil olmaqda davam edən informasiyaları təhlil edirik. Yəqin ki, bununla bağlı müəyyən təkliflərimiz olacaq. Lakin fikrimizcə biz erməni diasporu və lobbi qurumları tərəfindən həyata keçiriləcək kampaniyalara cavab addımlarından daha çox ona diqqəti yönəltməliyik ki, Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktlarının daha geniş coğrafiyada tanınmasına nail ola bilək. Başqa sözlə desək, cənab prezidentin tövsiyələrinə uyğun olaraq hücum taktikasına üstünlük verməliyik.

Ermənilərin bu təbliğatı yüz ildir ki, davam edir. Doğrudur, bu sahədə məqsədlərinin bir qisminə nail ola biliblər, ancaq bu gün Azərbaycan dövlətinin gücü, imkanları, beynəlxalq nüfuzu elə bir səviyyədədir ki, Ermənistanın istənilən təşəbbüsünün qarşısını ala bilir. Burada əlbəttə ki, Türkiyə amilini də nəzərdən qaçırmaq olmaz. Eyni zamanda bugünkü Azərbaycan diasporu da beş il, on il bundan əvvəlki ilə müqayisədə daha güclüdür, on il bundan sonra indikindən daha güclü olacaq. Bizim türk diasporu ilə çox yaxşı əməkdaşlıq təcrübəmiz var. Ən əsası isə ermənilərin bu iddiaları heç bir tarixi fakta əsaslanmır.

- Bir neçə il öncə siz Azərbaycan diasporunun fəaliyyətində gənclərin rolunun artdığını qeyd etdiniz. Hal-hazırda vəziyyət necədir?

- Gənclik həmişə cəmiyyətin hərəkətverici qüvvəsi olub və həmişə də belə olacaq. Bu gün cənab prezidentin bilavasitə təşəbbüsü ilə həyata keçirilən dövlət proqramına uyğun olaraq xaricdə minlərlə azərbaycanlı gənc təhsil alır. Bu, əlbəttə ki, böyük potensialdır. Hesab edirik ki, gənclərin diaspor quruculuğu hərəkatında fəal iştirakı təqdirəlayiqdir. Xaricdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın milli maraqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində bir sıra uğurlu layihələr həyata keçirilər. Mən xüsusilə Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətini vurğulamaq istərdim.

Fəaliyyət göstərdiyi bir neçə il ərzində bu təşkilat Azərbaycanın təbliği, dünyada tanıdılmasına xidmət edən çox uğurlu layihələr həyata keçirib. Qısa vaxt ərzində çox ciddi və nüfuzlu bir təşkilat kimi özünü təsdiq edib. Hesab edirəm ki, AMOR xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması baxımından olduqca uğurlu bir modeldir. Bu təşkilatın təcrübəsindən faydalanmaq vacibdir. Eyni zamanda bir məlumatı da diqqətinizə çatdırmaq istərdim ki, bu il biz Azərbaycanın digər dövlət qurumları ilə birlikdə dünya Azərbaycanlı Gənclərinin II Konqresini keçirməyi planlaşdırırıq. Bu konqresdə də gənclərin diaspor quruculuğu işində daha fəal iştirakı ilə bağlı ideyalar, təkliflər müzakirə olunacaq.

- 2014-cü il yanvarın 1-dən Rusiya miqrantların ölkədə qalması haqqında qanunları sərtləşdirdi. Bu amil Rusiya Federasiyasındakı azərbaycanlıların fəaliyyətinə təsir edəcəkmi?

- Rusiyada yaşayan azərbaycanlı miqrantlara biz hər zaman həssaslıqla yanaşmışıq. Bu dəfə də soydaşlarımıza qarşı göstərilən təzyiqlər tərəfimizdən narahatlıqla qarşılandı. Bu problemləri yerindəcə araşdırmaq və həll etmək üçün əməkdaşlarımız dəfələrlə Rusiya Federasiyasına ezam olunmuşlar. Miqrantlara qarşı olan aqressiv münasibətlərə diaspor təşkilatları da biganə qalmamışlar və bu haqsızlıqlara etiraz əlaməti olaraq bəyanatlarla çıxış etmişdir. Hal-hazırda da biz bu məsələni diqqətdə saxlayırıq. Ümumrusiya Azərbaycanlıları Konqresinin mərkəzi ofisində hüquqi kömək göstərilməsi məqsədi ilə yaradılmış operativ qərargah hal-hazırda da fəaliyyət göstərir.

Hesab edirəm ki, meydana çıxan problemlərin həlli üçün ilk növbədə Rusiyada yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işini gücləndirmək lazımdır. Dövlət Komitəsinin şöbələri müxtəlif təkliflər, ideyalar üzərində işləyir. Həmçinin Rusiyanın müvafiq dövlət orqanları və hökumət strukturları ilə dialoqa xüsusi diqqət yetirilməlidir. Bu istiqamətlərin hər biri üzrə ciddi iş aparılmalıdır, çünki bu sistematik xarakter daşıyır və onlardan biri olmayanda, digərinin səmərəliliyi aşağı düşür. Biz işimizi bu cür qurmuşuq. İnanırıq ki, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə bu sahədə yaranan problemlərin aradan qaldırılmasına nail ola biləcəyik.

- Erməni lobbisi ABŞ, Fransa, Rusiya kimi ölkələrdə çox aktivdir. Son illərdə Azərbaycan bu ölkələrdə ermənilərə qarşı eyni gücdə öz lobbisini yarada bilibmi?

- Azərbaycan diasporu indi əvvəlki illərlə müqayisədə daha da güclənir. Biz dünyanın istənilən ölkəsində, əgər orda Azərbaycan diaspor təşkilatı varsa, istənilən məsələ ilə bağlı mövqeyimizi ictimaiyyətə çatdıra bilirik. Sizin adını çəkdiyiniz ABŞ-ın səkkiz ştatında Azərbaycan diasporunun səyi nəticəsində Xocalı soyqırımının tanınmasına nail olunub. Beş il, on il bundan əvvəl kimsə desəydi ki, ABŞ-ın hansısa ştatında Xocalı soyqırımının tanınması mümkün olacaq, bu çoxlarına xəyal kimi görünərdi.

Fransada Azərbaycan diaspor təşkilatları indi daha çox tanınır, siyasi partiyalarla, kütləvi informasiya vasitələri ilə əlaqələr qururlar. Xatırlayırsınızsa 2012-ci ilin noyabrında Azərbaycan diaspor təşkilatlarının Fransada iki böyük etiraz aksiyası olmuşdu. Rusiyada qeyd etdiyim kimi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresi kimi ciddi və nüfuzlu diaspor təşkilatlarımız var.

Lakin hansı ölkədə Azərbaycan diasporu daha güclüdür sualına gəlincə, hesab edirik ki, hər bir Azərbaycan diaspor təşkilatı öz imkanları, fəaliyyət göstərdiyi ölkənin ictimai münasibətlər sisteminin, siyasi reallıqlarının, qanunvericliyinin verdiyi imkanlar çərçivəsində Azərbaycanın milli maraqlarını qorumaq üçün maksimum dərəcədə səy göstərir. Əlbəttə ki, biz regionlar, ölkələr üzrə müəyyən təhlillər aparırıq, qiymətləndirmələrimiz olur, lakin bu təhlillərin ictimailəşdirilməsi doğru olmazdı. Biz hesab edirik ki, əgər hansısa azərbaycanlı uzun müddət Vətəndən kənarda yaşamasına baxmayaraq, öz həyatını qurmaqla bərabər, öz gündəlik yaşamalarını təmin etməklə bərabər, həm də vaxt tapıb Azərbaycan üçün nəsə etməyə çalışırsa, bu ancaq təqdirə layiqdir. Bizim üçün bu adamların hər biri qiymətlidir və onların arasında fərq qoymaq istəməzdik.

- Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün hər hansı bir ideya və ya təkliflər varmı?

- Bizim üçün prioritet istiqamətləri Dünya Azərbaycanlılarının III Qurultayında cənab prezidentin verdiyi tövsiyələrin yerinə yetirilməsidir. Bu tövsiyələrdən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsinin yüksəldilməsidir. Hesab edirik ki, bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik.

Diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməsi istiqamətində səylərin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bundan başqa müasir informasiya texnologiyalarının diaspor quruculuğu və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha geniş tətbiq olunması sahəsində bəzi planlarımız var. Hesab edirəm ki, bu il ərzində biz bu sahədə çox ciddi, sözün yaxşı mənasında hər kəsi təəccübləndirəcək bir layihə həyata keçirəcəyik.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm