Azərbaycanda beynəlxalq casus şəbəkələri - Şok Araşdırma
Bizi izləyin

Nida.az

Azərbaycanda beynəlxalq casus şəbəkələri - Şok Araşdırma

“Bir sıra postsovet ölkələrində baş verən inqilablar, misal üçün Ukrayna, Gürcüstan, Qırğızıstandakı proseslər beynəlxalq QHT-lər tərəfindən reallaşdırılıb”.

Bu sözləri Avropanın demokratik ölkəsi, “inqilab yuvası” Fransadan olan tədqiqatçı Mark Antuan Pöruz dö Monklon deyir.

Yenə “İnqilab yuvası”nda fəaliyyət göstərən Kəşfiyyat Məsələləri üzrə Fransız Tədqiqat Mərkəzinin direktoru Erik Dönese beynəlxalq QHT-ləri belə xarakterizə edir: “Ərəb inqilabları”nda bu QHT-lərin aparıcı güc rolunu oynadıqlarını deyir. Onun fikrincə, 2007-2008-ci ildən başlayaraq, beynəlxalq adlandırılan, əslində isə, amerikan mənşəli belə təşkilatlar ərəb ölkələrindəki bloqerlərə, hərəkat liderlərinə konfranslar, treninqlər təşkil edərək inqilaba hazırlıq işləri görürdülər”.
Bu, Avropalıların özləri haqda ən nadir etiraflarındandır.


USAID-in Azərbaycan mediasını inkişaf etdirmək istəyi ilə qrant müsabiqəsini səssizcə keçirməsi beynəlxalq QHT-lərin profilini yenidən gündəmə gətirdi.
Publika.az QHT adı altında Azərbaycanda fəaliyyət göstərən beynəlxalq casus şəbəkələri haqda araşdırma aparıb.

Beynəlxalq QHT-lərin ilk nümunəsi 1863-cü ildə təsis edilən Beynəlxalq Qırmızı Xaç Komitəsi hesab olunur. Beynəlxalq QHT-lər beynəlxalq hüquqa BMT-nin yaranmasından sonra daxil edildi. Ardınca BMT Xartiyasının 10-cu bölməsinin 71-ci maddəsi həmin QHT-lərə məsləhətçi statusu verdi və onların beynəlxalq fəaliyyətinə hüquqi zəmin yaratdı. Daha sonra BMT-nin ixtisaslaşmış orqanlarından olan ECOSOC-un 288(X) nömrəli qətnaməsində “beynəlxalq müqavilə ilə yaradılmayan bütün təşkilatları” beynəlxalq QHT sırasına daxil edilir.
Beynəlxalq QHT-lər müxtəlif istiqamətlər üzrə, sosial layihələrin həyata keçirilməsindən ekologiyaya qədər, müharibə zamanı əsirlərin dəyişdirilməsi, mülki şəxslərin müdafiəsi və digər sahələrdə fəaliyyət göstərir. Hazırda ECOSOC tərəfindən məsləhətçi statusu almış beynəlxalq QHT-lərin sayı 3536-dan artıqdır.
Nəzəri baxımından bu QHT-lər dövlətlərin və dövlətlərarası təşkilatların fövqündə dayanır. Belə təşkilatlar xüsusilə 1990-cı illərdən sonra, yeni müstəqil dövlətlərin yaranması ərəfələrində meydana çıxıb. Əsas fəaliyyət istiqamətləri də ikinci dərəcəli, yəni yenicə müstəqilliyini qazanmış dövlətlərə humanitar yardımların edilməsi, demokratiyanın təbliği və bu kimi məsələlərlə bağlı idi. Maraqlıdır ki, beynəlxalq QHT-lər deyəndə ilkin təəssürat onların sanki dünyanın xilaskarı missiyasının daşıyıcıları olması ilə bağlı olur. Bu missiyanın özəyində də bəşəri dəyərlər dayanır. Amma bu, hər zamanmı belə olur?



Mövcud dünyada beynəlxalq hüquq və diplomatiya heç bir dövlətin başqa bir dövlətə müdaxiləsində icazə vermir. Amma dünya gücləri və ya fövqəltəbii təsir bağışlayan qüvvələr kiçik dövlətlər üzərində nəzarət funksiyasını həyata keçirmək istədikdə sanki “qaydalar pozmaq üçündür” prinsipi işə düşür. Bu müdaxilələr siyasi və iqtisadi rıçaqlar, yaxud beynəlxalq sanksiyalarla həyata keçirilir. Buna paralel vasitələrdən biri isə məhz beynəlxalq QHT-lərdir. Çünki adı üstündə olan bu təşkilatların heç bir dövlətə bağlılığının olmaması və fəaliyyət rakursunun fərqli olması ilə bağlı yetərincə rəy formalaşdırılıb. Belə bir rəy isə bu təşkilatların siyasi mahiyyətinin pərdələnməsinə kömək edir.
Maraqlıdır ki, bu təşkilatların maliyələşməsinə nə üçün milyonlarla dollar xərclənir. Hətta dünyadakı maliyyə böhranının belə bu təşkilatlara ayrılan yardımlara ciddi təsir etmədiyi deyilir. Araşdırmalar göstərir ki, burda əsas məqsəd bu təşkilatlar vasitəsilə hökumətlərə təzyiq etmək, “prinsiplərə” əməl etməyən ölkələr haqqında “demokratik böhran” rəyi formalaşdırmaq, həmçinin təmsil etdikləri hökumətlərin digər ölkələrlə açıq deyə bilmədiyi hansısa məsələdə hücuma keçməkdir.

Məqsədlər sırasında xüsusi yer tutan məqamsa bu təşkilatlar vasitəsilə kiçik ölkələrdəki əhalinin “təşkilatlandırılmasıdır”. Bununla da lazımi məqamlarda, yəni maraqların toqquşduğu zaman, daxildən “ictimai partlayış” baş verir ki, bunda məhz bu QHT-lərin rolu xüsusi yer tutur. 90-cı illərin sonlarından başlayan proseslərdə buna kifayət qədər misal çəkmək olar. Belə təşkilatlarla bağlı siyahıı uzatmaq mümkündür.
Lakin təkcə Azərbaycanda fəaliyyət göstərən bu təşkilatların fəaliyyəti prosesə müəyyən açıqlıq gətirir. Onların siyahısında ən məşhurları bunlardır: Milli Demokratiya İnstitutu, Alman Marşal Fondu, Beynəlxalq İnkişaf Agentliyi, Demokratiyaya Dəstək Fondu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Demokratiyanı Milli Himayə Fondu (NED).

Milli Demokratiya İnstitutu: 2013-ci ilin martında baharla birgə gələn “facebook inqilabı” layihəsinə 3 milyonluq “Corc Vaşintqon” ayırdığı haqda xəbərlərlə gündəmə gəldi. Bu institutun əsas fondu hesab olunan NED-in müxalifyönümlü “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi”nə 139 min manat qrant ayırdığı deyilir. NED-in “qardaşı” hesab olunan EED (European Endowment for Democracy) isə təkcə bu il 13 min manatı gənclərin fəallaşdırılması istiqamətində layihələrə ayırıb. Eyni istiqamət üzrə bundan əvvəl 50 min manat maliyyə ayrılmışdı.
Hakimiyyətin qatı əleyhdarı olan “Meydan TV” bu təşkilatdan 300 min qrant almağı bacarmışdı.

Alman Marşal Fondu: Bu fondun adı Con Colemanın müəllifi olduğu “300 Komitet- Dünya hökumətinin sirləri” kitabında keçir. hansı ki, bu kitabda dünyanın inqilablarla necə idarə olunmasından bəhs edilir. Marşal fondunun Azərbaycandakı fəaliyyəti haqda informasiya qıt olsa da, fondun müxalifyönlü QHT-ləri mükafatlandırdığı bəllidir.



Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu: (SOROS): Bu ad rəhbəri olduğu Corc Sorosun adı ilə bağlıdır. Məşhur inqilabçı Soros. Soros Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı adı altında hakimiyyət əleyhinə 20 milyonundan keçib. Fondun etimad göstərdiyi şəxslər və təşkilatlar müxalifət partiya üzvlərinin yaratdığı QHT-lərdir. Fond tərəfindən son 10 ildə müxalifət partiya üzvlərinə 14 milyon dollar vəsait ayırıb.
Bu təşkilatlar sırasına Beynəlxalq İnkişaf Agentliyi, Demokratiyaya Dəstək Fondu, eləcə də digərləri daxildir. Ümumi olaraq isə Qərb fondları Azərbaycandakı QHT-lərə son 12 ilin statistikasına görə 43 milyon dollar vəsait ayırıb.
Bu vəsaitlərin ayrıldığı təşkilatlar və şəxslərin təsnifatı da olduqca maraqlıdır. Bir sıra adların bəlli olmasına baxmayaraq, ikisinin adını açıqlamaqla ümumi mənzərəni əks etdirməyin mümkünlüyünü düşünürük.



RATİ və Leyla Yunusun rəhbərlik etdiyi təşkilat, yaxud təşkilatlar. Bu iki təşkilat Qərbin ən çox sevdikləridir. Belə ki, RATİ Alman Marşal Fondu, Demokratiyaya Milli Dəstək Fondu, Beynəlxalq İfadə Azadlığı Təşkilatı, Beynəlxalq Media Müdafiə Təşkilatı və “Her Majesty the Queen in Right of Canada” təşkilatı tərəfindən dəfələrlə mükafatlandırılıb. Məsələn, ABŞ Alman Marşal Fondu təşkilatın bir, Demokratiyaya Milli Dəstək Fondu beş, Beynəlxalq İfadə Azadlığı Təşkilatı iki, Beynəlxalq Media Müdafiə Təşkilatı yeddi, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası beş layihəsini maliyyələşdirib. Bu təşkilata ümumilikdə altı xarici donor tərəfindən 21 layihə üzrə vəsait ayrılıb. RATİ-nin 3 il ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş layihələrinə ümumilikdə 1 milyon 41 min manat vəsait yönəldilib.



Leyla Yunusun rəhbərlik etdiyi “Azərbaycan Qadınları Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyəti” təşkilatı da ən çox diqqətlərə düşən QHT-dir. Bu təşkilat qısa müddət ərzində beynəlxalq donor təşkilatlarından 357 min manat miqdarında qrant alıb. Ona da maliyyə vəsaitini əsasən ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu, German Marşal Fondu, Ədalət və Təhsil Fondu, “Fredoom House” təşkilatı, Avstriya Knyazlığının Açıq Cəmiyyət İnstitutu, Almaniyanın “Helfen journalisten” təşkilatı, BMT İnkişaf Proqramı, Böyük Britaniyanın və İsveçrənin Azərbaycandakı səfirlikləri ayırıb.



Ən maraqlı detal isə maliyyələşdirilən layihələrin spesifik sahələrə aid olmasıdır. Misal üçün, Xəzərdə suitilərin qorunması üçün Qərb təşkilatları kisələrinin ağzını açır. Eləcə də, şəhərin küçələrindən politelin butulkaların toplanması kimi maraqlı layihələrə yetərincə maliyyə yarıdımı ayrılır.

lakin bütün bu adlar altında inqilabi şəbəkələrin yetişdirilməsi, təşkilatlandırılması və kənardan idarəolunan qüvvələrin yaradılmasına xidmət edir. Bunu təkcə biz yox, Qərbin öz mütəxəssisləri də etiraf edir. Fransalı kəşfiyyatçı kimi: “Onlar inqilaba hazırlıq işini gördülər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm