Azərbaycan girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edə bilər
Bizi izləyin

Nida.az

Azərbaycan girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edə bilər

Ermənistanda girovluqda olan azərbaycanlı Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı cinayət ittihamı irəli sürülür. Belə ki, erməni tərəfi azərbaycanlıları ermənilərin qətlində günahlandırır. Nə qədər gülünc olsa da, ermənilərdən başqa nəsə gözləmək də çətin idi. Amma ortada hüquqi problem var. D. Əsgərov Rusiya, Ş. Quliyev isə Azərbaycan vətəndaşıdır. Birinci Rusiya, ikinci isə Azərbaycan qanunları ilə mühakimə edilməlidir.

Lakin ortada münaqişə predmeti olduğu üçün girovluqda olanların hansı yurisdiksiya ilə mühakimə olunacağı da suallar yaradır.

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası Ermənistana da şamil edilir: “Yəni dağlı Qarabağ ərazisi Ermənistana qarşı. Çünki faktiki olaraq, bu torpaqlar Ermənistanın işğalı altındadır. Ermənistan bu iki şəxsi tutmaqla beynəlxalq hüquq normalarını pozubdur. İndi beynəlxalq hüquqdan qaçmaq istəyir, istəyir onlara əsir münasibəti göstərməsin. Qondarma ittihamlar irəli sürüblər ki, məsələni beynəlxalq hüquq sahəsindən çıxartsın, onlarla cinayət hüququ sahəsi ilə rəftar etsin. Lakin bu şəxslərin Avropa Şurasının qoruyucu sənədlərindən istifadə hüququ var. Bunlardan biri Avropa İnsan Haqları Konvensiyası, digəri isə İşgəncələrin qarşısını almağa dair Konvensiyadır. Ermənistan həyasızcasına deyir ki, Dağlıq Qarabağ müstəqildir, onların hüququ altında deyil. Amma Avropa da bilir ki, Qarabağ erməni işğalındadır, sadəcə, demirlər. Burda bir problem var ki, Dağlıq Qarabağda qondarma rejim düzəltdikləri üçün Avropa Məhkəməsinin burda presedent hüququ yoxdur”.
Ekspert hesab edir ki, burda ən yaxşı yol rəsmi Bakının birbaşa Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsidir.

“Konvensiyada göstərilən 3-cü maddədə həmin şəxslərin hüquqları pozulub. Belə ki, heç kəs işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qala bilməz. Amma məlumatlar var ki, onlardan birinin gözünü çıxardıblar. Həm də yayılan video kadrlardan da görünür ki, onlara işgəncə edilir. Yenə də İşgəncələrə qarşı beynəlxalq konvensiyanın müddəaları pozulub. Bizə də onlardan keçən olur, amma bu qədər işgəncə heç vaxt edilməyib və onlara qarşı heç vaxt hansısa məsələ ilə bağlı ittiham irəli sürülməyib”,- deyə ekspert bildirib.

F. Mehdiyev qeyd edib ki, Azərbaycan təcili olaraq bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir: “Ən azından, daha mənfi nəticələrin qarşısı alınmalıdır. Ermənistan da başa düşəcək ki, girovları gec-tez qaytarmalıdır. Yeganə hüquq mexanizmi burda beynəlxalq hüquqdur”.

Ekspert bir məsələyə də diqqət çəkib. Bildirib ki, girovlar ittiham olunursa, onların vəkillə təmin olunması da həyata keçirilməlidir. Onun sözlərinə görə, bu vəkil həmin şəxslərin istəyinə uyğun olaraq Azərbaycan tərəfindən də ola bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm