Putinin hiyləsi bumeranq effekti yaratdı - TƏHLİL
Bizi izləyin

Nida.az

Putinin hiyləsi bumeranq effekti yaratdı - TƏHLİL

"Karib böhranı" zamanı prezident Con Kennedi vaxtilə hərbçi olmuş eks-prezident Duayt Eyzenhauerin dediyi ifadəni xatırladır:

"Hərbçilərə qulaq asmayın, onların başını mis kaskaları sıxdığından, düşünmək qabiliyyətlərini itiriblər. Onlara ancaq müharibə lazımdır".

Bəli, o zaman prezident Kennedinin baş katib Nikita Xruşşovla birbaşa telefon əlaqəsi yaratması dünyanı nüvə fəlakətindən xilas edə bildi.

Bu gün isə Rusiya prezidenti Vladimir Putinin durumu fərqlidir. Onun real siyasi opponentləri olan hərbçilər son 2 ildə ciddi revanş götürərək və ictimai-siyasi təsir imkanlarını genişləndirərək, artıq siyasi hakimiyyətə də bir sıra qərarların qəbulunda ciddi təsirə malik olan siyasi gücə çevriliblər.

Təsadüfi deyil ki, bu müddətdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səsləndirdiyi bəyanatların mütləq əksəriyyəti özündə siyasi və geosiyasi çalarlar daşıyır. Onların maliyyə imkanları da 2-3 qat genişlənib. Görünür, elə bu səbəbdən də yaranmış siyasi reallığı yaxşı anlayan Putin xüsusilə də Ukraynada baş verənlərə münasibətdə daha ağıllı və uzaqgörən siyasət qurdu.

Ukraynadakı silahlı separatizm Rusiyada hakimiyyət uğrunda mübarizənin təzahürlərindəndir. Ukraynada keçirilən prezident seçkisinədək bu məsələdə dominantlığı əldə saxlayan prezident Putin seçkilərdən sonra separatçılara dəstəyini qəflətən kəsdi. Bunun ardınca Donetsk və Luqansk vilayətlərində savaş qızışdı. Bu da təbiidir. Çünki Ukrayna "kartını" Putinin real siyasi opponentləri olan hərbçilər ələ aldılar.

Ukraynanın Avropa Birliyi ilə "Assosiativ tərəfdaşlıq" sazişi imzalaması ərəfəsində Rusiya Dövlət Duması prezident Putinin təşəbbüsü ilə Rusiya ordusuna Ukraynaya hərbi müdaxiləyə imkan verən qanunu ləğv etdi. Əslində, bu, Rusiya hərbçilərinə verilən "kart-blanş" idi. Amma Rusiya qanunlarından da kənar olan "kart-blanş".

Rusiya hərbi qüvvələri Ukraynanın iki şərq vilayətini nəzarətə götürəcəyini və bu uğurunu Kremlin qarşısında mühüm arqument kimi istifadə edəcəyini düşünürdü. Məhz bu səbəbdəndir ki, Rusiyanın hərbi kəşfiyyatı (ГРУ) Ukraynadakı terrorçulara dəstəyini nəinki gizlətmirdi, hətta əsasən Rusiya mediası vasitəsilə geniş təbliğ də edirdi. Burda da qeyri-adi heç nə yoxdur - Rusiya auditoriyasının önəmli hissəsini təşkil edən şovinist kəsim öz qəhrəmanlarını və qardaş Ukrayna xalqının "xilaskarlarını" tanımalı idi.

Son zamanlar isə Rusiya hərbi dairələri Ukraynadakı separatçıları (əslində Ukrayna hakimiyyətində onların mütləq əksəriyyətinin Rusiya vətəndaşları olan diversantlar olması barədə çoxsaylı sübutlar var) daha müasir silahlarla, o cümlədən, hava hücumundan müdafiə sistemləri olan "Buk" və sair zenit-raket komplekslərilə təhciz etməyə başlamışdı.

Bütün baş verən hadisələr generalların hakimiyyət uğrunda savaşını xatırladır. Onların əlində bu tip müasir silahların mövcudluğu isə özünü Rusiya mətbuatında geniş təbliğ edilməklə yanaşı, həm də Ukrayna hərbi-hava qüvvələrinə məxsus təyyarə və helikopterlərin vurulmasında göstərirdi.

Hər şey plan üzrə gedirdi, lakin iyulun 17-də axşam saatlarında Donetsk səmasında Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması Rusiya hərbçilərinin bütün hesablamalarının yanlış olduğunu və hələ 55 il öncə Eyzenhauerin söylədiklərinin nə qədər böyük həqiqət olduğunu üzə çıxardı.

Hakimiyyət uğrunda gizli (əslində isə açıq) mübarizə aparan Rusiya generallarının məğlub olduqlarını artıq indidən demək olar.

İyulun 17-də Ukrayna üzərində Amsterdamdan Kuala Lumpura uçan Malayziya təyyarəsinin vurulması və 80-ə qədəri uşaq olan 298 insanın qətlə yetirilməsi dünya ölkələrini ayağa qaldırdı. Güman olunur ki, Rusiya bundan sonra Azərbaycan da daxil olmaqla, qonşuları ilə ehtiyatlı davranmağa məcbur olacaq.

Rusiya diversantları tərəfindən qətlə yetirilən sərnişinlər arasında 10 ölkənin vətəndaşı var və onların yarısından çoxu avropalıdır.

Artıq bir çox ölkələr BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukraynaya dair təcili toplantısını çağırıb. Buradan da aydın olur ki, Rusiyaya təzyiqlər və sanksiyalar güclənəcək və daxili siyasi mübarizədə bu siyasi iddialar durmadan qızışan generallara qarşı işləyəcək.

Sanksiyaların tətbiqi üçün sübutlar isə tam ortadadır. Belə ki, terrorçuların özlərinin təyyarəni vurmaları haqda sosial şəbəkələrdə yaydıqları sübutlar azmış kimi, üstəlik də, Ukrayna Təhlükəsizlik Xidməti də artıq terrorçuların bu barədə Rusiya hərbi kəşfiyyatının (ГРУ) rəsmilərilə telefon danışıqlarının audioyazılarını ictimailəşdirib. Bu hadisə və onun fəsadları təkcə Rusiya hərbçilərini deyil, ümumilikdə Rusiyanı bundan sonra öz "kiçik" qonşuları ilə münasibətlərində daha diqqətli olmağa vadar edəcək.

Həmçinin Rusiya hərbi dairələrinin növbəti revanşının da sona yaxınlaşdığını demək olar. Tarix bir daha sübut etdi ki, general-prezident Eyzenhauer haqlı imiş.

Malayziyaya uçan sərnişin təyyarəsinin Ukraynada vurulmasının səbəbini bilmək üçün ilk növbədə Rusiyanın rəsmi Kiyevə münasibətinə nəzər salmaq lazımdır. Rusiya Ukraynanı dövlət kimi saymır, siyasi hakimiyyətini qəbul etmir.

Yəni bununla Putin deyir ki, Poroşenko və onun komandası ölkəni idarə edə bilmir. Bunları biləndən sonra başa düşürsən ki, onlar Malayziyanın təyyarəsini niyə vurub.

Qərblilər 10 kilometr yüksəklikdə uçan təyyarənin separatçılar tərəfindən vurulmasını inandırıcı saymır. Çünki təyyarə Rusiyada istehsal olunan zenit əleyhinə raketlə vurulub. Həmin raket kompleksini idarə etmək üçün professional adamlar lazımdır. Böyük ehtimalla ruslar elə biliblər ki, uçan Ukraynanın sərnişin təyyarəsidir. Əgər vurulan təyyarə Ukraynaya məxsus olsaydı, Rusiyanın təxribatı nəticə verərdi.

Təsəvvür edin ki, 300-ə yaxın ukraynalının olduğu təyyarə vurulur. Ölkə Poroşenkoya qarşı ayağa qalxacaqdı. Sonra da deyəcəkdilər ki, ölkəni idarə edə bilmirsən, separatizmlə mübarizə apara bilmirsən və sairə. Bununla da xalq onu istefaya göndərə bilərdi. Bundan əvvəl separatçılar Ukraynanın yük təyyarəsini vurmuşdular. Xalq Poroşenkodan tələb edir ki, ölkədə qayda-qanun yaratsın, separatizmə son qoysun, stabillik olsun.

Digər tərəfdən isə, Rusiya bu addımı ilə Ukraynanı "terrorçu məkanı" kimi Qərbin gözündən salmaq planını həyata keçirə bilər. Təsadüf elə gətirdi ki, vurulan Malayziya təyyarəsi oldu. Ona görə də baş verən terror Rusiyanın əleyhinə işlədi. Artıq düşünmək olar ki, bundan sonra Putin hakimiyyətinə qarşı çox sərt sanksiyalar olacaq, təzyiqlər güclənəcək.

Putin düşündüyü kimi Ukraynanı məhv edə bilməyəcək. Çünki 50 milyonluq xalqı tamamilə məhv etmək mümkün deyil. Putin istəyir ki, Ukrayna çöksün, hakimiyyəti dəyişsin və sonra da bəyan eləsin ki, görürsünüz, mən sizə Ukraynanın dağılacağını demişdim.

Putin hesab edir ki, dünyada Ukrayna adlı xalq yoxdur, onlar balaca ruslardır. Putinin Malayziyanın baş nazirinə göndərdiyi başsağlığında "Poroşenko separatçılara qarşı əməliyyatlar həyata keçirməsəydi, təyyarə vurulmayacaqdı" deməsi ilə əslində qətlə yetirilənlərin ruhunu incidib.

O, Malayziyanın baş nazirinə də hörmətsizlik edib. Hamı bilir ki, Ukraynadakı separatçıları Rusiya silahlandırır. Bu gün Ukrayna hakimiyyətinə qarşı vuruşanlar da Putinin qoşunlarıdır.

Putin öz ölkəsində müstəqillik istəyən xalqlara qarşı necə davranır?

İndiyədək Rusiya dəfələrlə Çeçenistanı bombardıman edib, digər xalqların qanını töküb və sairə. İndi də Rusiya Ukraynadan tələb edir ki, qoy separatçılar ölkəni dağıtsınlar, parçalasınlar. Ukrayna da olsun Rusiyanın quberniyası.

Putin düşünür ki, öz ölkəsi böyük, Ukrayna isə kiçik Rusiyadır, onlar birləşməlidir.

Oxşar hadisə 2010-cu il aprelin 10-da baş vermişdi. Həmin vaxtı Polşa prezidenti Lex Kaçinskinin "Tupolev Tu-154" tipli təyyarəsi Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğramışdı. Hadisə nəticəsində prezident də daxil olmaqla təyyarədə olan 95 nəfərin hamısı həyatını itirmişdi.

O vaxt Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya və hökumətin yüksək səviyyəli bir sıra rəsmisi İkinci Dünya müharibəsi zamanı baş vermiş Xatın qətliamının qurbanlarının 70-ci ildönümü ilə bağlı hazırlanmış xatirə mərasimində iştirak etmək üçün Rusiyaya gedirdi. Ancaq bu ziyarətləri baş tutmadı və təyyarədə olan hər kəs həlak oldu. Bu, həmin faciə idi ki, 1940-cı ildə Smolensk yaxınlığında, Xatında 20 min nəfər polyak zabiti və əsgəri Sovet təhlükəsizlik qüvvələri tərəfindən qətliama məruz qalmışdı.

Lex Kaçinski həlak olanda da bütün şübhələr Rusiyanın üzərində idi. Hətta o vaxt da, indi də qəzaya uğrayan təyyarələrin qara qutuları Rusiyanın əlinə keçmişdi.

Bu faciədən sonra prezidentin təyyarəsi ilə bağlı çox söhbətlər, çox versiyalar irəli sürüldü. Litvadan olan bir professor isə heç nədən çəkinmədən irəli gedərək Kaçinskinin ölümünü sui-qəsd adlandırmışdı.

O deyirdi ki, Kaçinskinin təyyarəsi quru üzərinə endirilmişdi və bunun konkret dəlilləri də var. Ancaq təyyarə quruya müvəffəqiyyətlə enib hərəkət edəndən bir müddət sonra partlayır. Bu isə bir daha göstərir ki, Kaçinskinin təyyarəsi rus terrorçuları tərəfindən bir vakuum bombası ilə partladıla bilər. Hətta o vaxt Kaçinskinin təyyarəsinin enməsini gözləyən prezident mühafizəçilərindən birinin qəfil ortadan qeyb olması barədə məlumatlar yayılır. Kim bilir, bəlkə də, bombanı işə salan adam da məhz o idi.

Ancaq Rusiyanın xüsusi xidmət orqanları qara qutunun və cəsədlərin araşdırılması işini özləri aparır və nəticədə isə həqiqət şübhə olaraq qalır.

Kaçinskiyə qarşı sui-qəsdin həyata keçirilməsində bir çox məqsədlər də ola bilərdi. Çünki Kaçinski hələ Varşava Şəhər Şurası Başçısı və daha sonra isə bələdiyyə başçısı olan zaman ilk işi Varşavanın ən böyük meydanına Çeçenistanın sabiq prezidenti Cövhər Dudayevin adını verir.

Bundan əlavə, Kaçinski prezident seçkilərinə hazırlaşan zaman seçki kampaniyasının şüarlarından biri də “milli oyanış” və Polşaya qarşı işlətdiyi cinayətlərə görə Rusiyanın tarixi səhvini etiraf etməsi məsələsi idi.

Kaçinskinin Rusiyanı qıcıqlandıran bu kimi hərəkətləri çox idi. Bunlardan biri də Kaçinskinin 2006-cı il noyabrın 24-də Avropa Birliyi və Rusiya arasında başlanan əməkdaşlığa veto qoyması idi.

Gürcüstan və Rusiya arasında 2008-ci ildə başlanan müharibə zamanı da Polşanın tutduğu mövqe Rusiyanı qane etmirdi. Çünki Cənubi Osetiyada baş vermiş 2008-ci ilin avqust döyüşləri zamanı Kaçinski Gürcüstana tam və açıq dəstək verdiyini bəyan edir. Hətta, o vaxtı Kaçinski hökuməti Rusiyanın Gürcüstana qarşı hücumundan sonra, ABŞ-ın Polşa ərazisində raket hücumundan müdafiə sistemlərinin yerləşdirməsi təklifini qəbul edir.

Kaçinski daha da irəli gedərək Gürcüstanın NATO-ya qatılması istiqamətində fəal lobbiçiliyə başlayır.

Kacinskinin Rusiya əleyhinə olan daha bir təşəbbüsü isə Polşa ərazisindən çıxarılan qaz istehsalını artıraraq Avropanın Rusiya qazına olan asılılığını aradan qaldırmaq idi. Bu vəziyyətdə Polşa bu növ yanacaq tədarükçüsü kimi Avropanın ən böyük “sığınacağı” olacaqdı. Əlbəttə ki, bütün bunlar Rusiyanı razı sala bilməzdi. Ona görə də Kaçinski və onun komandası bir anın içərisində çox faciəli şəkildə aradan götürülür.

Bu gün isə eyni və yaxud buna bənzər ssenari Ukraynada təkrarlanır. Ukraynadakı təyyarənin vurulmasını da oxşar qüvvələrin oxşar hərəkətləri kimi qəbul etmək olar. Məncə, təkcə bu məqamı da Qərb və Ukrayna yaxşı nəzərə almalıdır...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm