Mirşahin və sələfilərin kələfi
Bizi izləyin

Nida.az

Mirşahin və sələfilərin kələfi

Mirşahinin sözlərindən belə çıxır ki, qeyri-ənənəvi təriqətlərin mənsubları çoxaldıqca cəmiyyətin gözü qırılır və kimsə onların əleyhinə açıq danışmaq istəmir.

Taleh Şahsuvarlı

Bazar günündən bu yana ictimai müzakirələrin baş mövzusu Mirşahinin ANS-dəki qeyri-ənənəvi dini təriqətlərə qarşı çıxışıdır.

O çıxışı mən də izlədim və yaxşı mənada xeyli təəccübləndim.

İsminin başında seyid titulu daşıyan, hər çıxışının sonunda bütün tamaşaçılarını Allaha əmanət edən Mirşahindən bunca dünyəvi bir yanaşma gözləmirdim, doğrusu.

Demək ki, seyid də olsan, inanclı da olsan, əgər peşəkar jurnalistsənsə Mirzə Fətəli Axundovun, Mirzə Cəlil Məmmədquluzədənin, Üzeyir Hacıbəyovun çırağı yanır düşüncə qatlarında...

Demək ki, artıq Azərbaycanda islam, "əsl islam" adı ilə Azərbaycanın hər bir şəhərinə, kəndinə, ailəsinə daxil olmuş qeyri-ənənəvi təriqətlər- sələfilər, nurçular, xəvaricilər və digərləri o qədər ciddi bəlaya çevriliblər ki, ANS-in timsalında rəhbərləri inanc sahibi olan bir telekanal da həyəcan təbili çalmağa məcbur olub.

Mən ictimai maraqlar baxımından son dərəcə faydalı, kifayət qədər pozitiv və tam səhih faktlarla zəngin çıxışına, çağırışına görə Mirşahinə bir vətəndaş olaraq öz təşəkkürümü bildirirəm.

Amma bir etirazım da var.

Mirşahinin sözlərindən belə çıxır ki, qeyri-ənənəvi təriqətlərin mənsubları çoxaldıqca cəmiyyətin gözü qırılır və kimsə onların əleyhinə açıq danışmaq istəmir.

İçərisində özüm də olmaqla, onlarla imza sahibi tanıyıram ki, hər həftə, hər gün "əsl islam" adıyla Azərbaycanın damarlarına İrandan, Türkiyədən, Səudiyyə Ərəbistanından, Dağıstandan yeridilən ideoloji zəhər əleyhinə yazılar yazır, məqalələr yayınlayır.

Ancaq bu adamlara bir dəfə də olsun ANS efir verməyib, cəmiyyətə səslənmək və zahiri fərqlərindən asılı olmayaraq bütün qeyri-ənənəvi təriqətlərin Azərbaycanın Qərbə gedən yoluna düzülmüş minalar olduğunu ifadə etməyə imkan yaratmayıb.

O təriqətlərin, cəmiyyətin alt qatlarında cənnət vədi və maddi şirnikləndirmə ilə tərəfdar toplayan, üst qatlarda özünü reallaşdıra bilməyən natamam şöhrətpərəstləri Hacı titulu ilə vitrinə çıxaran sələfilərin, nurçuların, xəvaricilərin, xomeyniçilərin içində o imzalarla polemika apara, diskussiyaya girə biləcək bilik sahibi yoxdur.

Rafiq Tağının qətlini, Ağalar Məmmədovun didərgin salınmasını, Aqşin Yeniseyin təhdid edilməsini bir qırağa qoyuram, hansı uzunsaqqalın ehkamları psixoloq Elmir Əkbərin dünyəvi baxışları qarşısında sağlam görsənə bilər?

Guya sələfilər, nurçular, xəvaricilər, xomeyniçilər Mirşahinə samballı cavabmı verə bildilər?

Dünən özünü Azərbaycandakı sələfi camaatının imamı sayan Qamət Süleymanovun Mirşahinə verdiyi cavabı izlədim.

"İkrah duydum" desəm azdır, mədəm bulandı.

Hər şeydan əvvəl Mirşahinə "savadsız" deməkdən böyük şər, iftira, cəhalət ola bilməz Azərbaycanda.

Özü də klassik və müasir dünya ədəbiyyatını, fəlsəfəsini, sosiologiyasını Mirşahin qədər oxumamış, ömründə bir dəfə operaya, baletə baxmamış, sərgiyə, sinemaya ayaq basmamış bir anti-kültürəl varlıq deyəndə adam əlini dizinə lap möhkəm çırpır...

İnsafən, Qamət Süleymanov sələfilərin arasında ən xoşgörülüsüdür, amma madam Mirşahinə, Mirşahinin timsalında dünyəvi Azərbaycanın ittihamlarına cavab verməyi öz üzərinə götürüb, o zaman digər sorulara da münasibət bildirsin.

Baxın, Qamət Süleymanov, mən Sizə "vəhhabi" demirəm, deyə, Sizin məhz vəhhabi olduğunuzu əsaslandıra bilərəm, amma söyləmirəm. Hər bir insanın əqidə və inancına, o cümlədən Sizin də fərdi etiqadınıza sayğı duyuram. Bura qədər anlaşdıqmı? Anlaşdıqsa, suallarıma keçim.

1) Azərbaycan vətəndaşları Məkkəni görüb, əsl islamla tanış olub, sələfi camaatına qoşulursa, Siz mənə Kəbəyə yanaşmanızın xaricində, müsəlmanların ən müqəddəs şəhərində bir çağdaş mədəniyyət nümunəsi göstərin.

2) Ərazisində Məkkə, Mədinə kimi müsəlmanların ən qutsal şəhərləri yerləşən Səudiyyə Ərəbistanında 1915-ci ildə Böyük Britaniyanın İbn Səudu kral kimi tanımasından bu yana aparılmış bir samballı tədqiqat, edilmiş bir ciddi ixtira göstərin.

3) Madam Suriyada cihada gedənlər bizdən deyil deyirsiniz, o zaman əlinə silah deyil, mükafat almış bir sələfinin adını çəkin.

4) Madam belə bilik sahibisiniz, mənə tapındığınız dinin, "işdə budur" dediyiniz islamın 7-ci əsrdən bu yana xoşbəxt etdiyi, barış, dialoq, tolerantlıq içində yaşayan, dünyanın tərəqqisinə konkret nəsnə ərməğan etmiş bircə toplum, bircə iqtidar, bircə dövlət göstərin.

Qamət bəy, Siz özünüz də çox yaxşı bilirsiniz ki, "Namaz əsnasında övrətin açılması" kimi moizələrlə dinozavrların kökünün kəsildiyi günlərdən bəri insan hüquq və azadlıqlarının, elmi-texniki kəşflərin ən yüksək həddə olduğu 21-ci əsrdə dünyanın tərəqqisində söz sahibi olmaq mümkün deyil.

Qamət bəy, Siz özünüz də yaxşı bilirsiniz ki, Sizin yaydığınız sələfilik silaha məsafəsindən asılı olmayaraq, 21-ci əsrin adamlarını təkcə bığ, saqqal və balağı ilə deyil, qafası, zehniyyəti ilə 7-ci əsr ərəblərinin səhrasına aparır.

Qamət bəy, Siz özünüz də yaxşı bilirsiniz ki, "Hudhud" adlı bir özəl məktəbə qədər hazırlıq müəssisəsində Azərbaycanın pırıl-pırıl balalarının başını bağlamaqla, onların istedadını adını "halal rəsm" qoyduğunuz yaradıcılığın fəlsəfəsinə ayqırı bir "məşğuliyyət" növü ilə öldürməyinizlə NASA da çalışa biləcək insanlar yox, Suriyada, İraqda, daha hansı cəhənnəmlərdə qarnına bomba bağlayacaq, "kafir" statusunda gördüyü hər kəsi öldürmək haqqına sahib olduğunu düşünən zombilər yetişdirirsiniz.

Qamət bəy, Siz özünüz də yaxşı bilirsiniz ki, müstəqilliyimizdən sonra bu ölkənin küçələrində ilk uzun saqqalı, gödək balaqlı adam dolaşdığı gündən bəri Azərbaycana problemdən, vahimədən, atışma və partlayışdan başqa bir şey gətirməmisiniz.

Əgər "iman gətirmişik", "doğru yol gətirmişik", "əsl islam gətirmişik" deyirsinizsə, nəhayət, anlayın artıq: bir insanın, ağlı, şüuru, mədəniyyəti normal olan bir insanın Tanrıya inanıb-inanmamaqda, dini kitabları qəbul edib-etməməkdə, inancını həyat tərzinə hansı şəkildə, ölçüdə daxil edə bilməkdə heç bir missionerə, vasitəçiyə, imama ehtiyacı yoxdur.

Yəni, anlamanız lazım Qamət Süleymanov, bu ölkə heç zaman Səudiyyə Ərəbistanı kimi teokratik monarxiya, İran kimi islam respublikası olmayacaq, bu ölkədə heç vaxt dünyəvi hüququ şəriət əvəzləməyəcək, deməli, Sizin camaatınız olsa-olsa Azərbaycana təhdid olacaq, onun içində hər zaman xarici kəşfiyyat orqanlarının agentləri yuva quracaqlar.

Yəni, bu ölkədə etiqad hər zaman fərdi məsələ, şəxsi iş olacağına görə Azərbaycan vətəndaşları ABŞ-ı, Avropanı, sivilizasiyanı, demokratiyanı, mədəniyyəti gördüklərinə görə Sizin kimi din xadimləri "Molla Nəsrəddin" jurnalına üz qabığı olmaqdan savayı Azərbaycanın inkişafına heç bir töhfə verə bilməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm