"İranda "fars" adında millət yoxdur" – İran səfiri - Fotolar
Bizi izləyin

Nida.az

"İranda "fars" adında millət yoxdur" – İran səfiri - Fotolar

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri İran nə qədər köməklik göstərir. Xüsusilə də Azərbaycanla Ermənistan arasında müharibə gedən illərdə biz tamamilə Azərbaycanın yanında idik və onu dəstəkləyirdik. Bu barədə tarixi sənədlər də var. Zən

Xəbər verdiyimiz kimi İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pak Ayin “Gündəlik Teleqraf” şef-redaktoru Taleh Şahsuvarlı, redaktor Dilqəm Əhməd və Publika.Az saytının redaktoru Cəmaləddin Həsənoğlunun suallarını cavablandırıb. Səfir İranın bölgədə üzərinə götürdüyü yeni roldan, təmsil etdiyi dövlətin Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlərindən, o cümlədən Urmiya gölü ilə bağlı yaranan problemlərdən ətraflı danışıb.

Taleh Şahsuvarlı: Sözün açığı, mən hər zaman İrana tənqidi yanaşmışam. Ancaq son müşahidələrimə görə, İran Prezidenti Davos Forumunda iştirak etməklə sanki dünyaya açılan bir ölkə görüntüsü yaratmaq istədi. Bu, kifayət qədər cəlbedici görünürdü. Siz bu prosesi necə qiymətləndirirsiniz?

- Biz Azərbaycan Respublikasının bütün vətəndaşlarını, bizə müxalif olanları da, olmayanları da sevirik. Sizin müxalif fikirlərinizi eşitmək də yaxşıdır. Zənnimcə, cənab Ruhaninin və həmçinin cənab İlham Əliyevin belə bir vaxtda Davosa səfəri çox dəyərli idi. Onların görüşü səmimi şəkildə keçdi. Hər iki tərəfin istəyi nəzərə alınaraq görüş baş tutdu. Bu, prezidentlərin ilk görüşlərindən biri idi. Tərəflər bir-birini rəsmi səfərə dəvət ediblər, münasibətlərin genişlənməsinə təmayüllərini göstəriblər. Ölkə rəhbərlərinin əlaqələrin genişləndirilməsi barədə bu istəkləri biz səfirlərin məsuliyyətini bir az da artırır.

T. Şahsuvarlı: Bu il Azərbaycan və İran prezidentlərinin görüşü gözlənilirmi?

- Ümid edirəm ki, bu görüş baş tutacaq. Bunun üçün əlimdən gələni edirəm. Cənab Ruhani dəfələrlə elan edib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi prioritet məsələlərdəndir. Bizim xarici siyasət kursumuzda müsəlman, o cümlədən qonşu ölkələr bizim üçün prioritetdir. Azərbaycan müsəlman dövlət kimi bizə qonşu olduğundan bizim üçün də mühüm ölkədir. Bu səbəbdən əlaqələrimizin gələcəyini çox aydın görürəm.

T. Şahsuvarlı: Azərbaycanda İranla bağlı qıcıq doğuran əsas məsələlərdən biri Tehranın Ermənistanla münasibətləridir. Doğrudanmı, İranın Ermənistanla münasibətlərini normal qarşılayırsınız?

- İran İslam Respublikasının xarici siyasət xəttinin əsas prinsiplərindən biri qonşu ölkələrlə normal münasibətlər qurmaqdır. Bu, bütün dünya ölkələrində belədir. Hər bir ölkə öz qonşuları ilə yaxın münasibətlər qurmaq, ixtilafları minimuma çatdırmaq, onlarla əlaqələri genişləndirmək istəyir. İranın Ermənistanla münasibətləri də bu çərçivədədir. Düşünürəm ki, Azərbaycanın müdrik xalqı İranın Ermənistanla əlaqələrini dərk edir. Biz Ermənistanla əlaqələrimizə rəğmən heç vaxt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdən çəkinməmişik. Bizim Ermənistanla münasibətlərimiz heç vaxt Azərbaycanın əleyhinə olmayıb. Ermənistanla əlaqələrə malik olmağımıza rəğmən bütün beynəlxalq qurum və təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik. Düzdür, İranda kifayət qədər böyük erməni etnik icması var. Bu səbəbdən istər Sovet hökuməti dövründə, istərsə də ondan sonra İranın Ermənistanla münasibətləri olub. Bizim həm Ermənistanla, həm də Azərbaycanla eyni zamanda münasibətlərimizin olmağı bir üstünlükdür. Ona görə ki, bu, İrana lazım olduğu təqdirdə iki ölkə arasındakı Qarabağ münaqişəsinin tənzimləməsində vasitəçi rolu oynamaq üçün fürsət yaradır. Regionda bəzi ölkələr vardır ki, Ermənistanla heç bir əlaqəsi yoxdur, deməli bu üstünlükdən məhrumdurlar. Zənn edirəm ki, bizim Ermənistanla münasibətlərimiz izah olunandır. Bilirəm ki, Azərbaycanın Qarabağ münaqişəsindən əvvəl Ermənistanla əlaqələri var idi. Hətta ermənilər burda, azərbaycanlılar orada yaşayıb. Qarabağ münaqişəsi super güclər tərəfindən süni olaraq yaradılıb. İki ölkə arasında bu ixtilafın yaranmasında onlar öz mənafelərini güdürlər. Düşünürəm ki, gələcəkdə bu münaqişə həll olunacaq, iki ölkə yenidən qonşuluq münasibətlərinə malik olacaq. Hazırda iki ölkənin prezidentləri, xarici işlər nazirləri səviyyəsində görüşlər baş tutur. Qonşularla münasibətlərdə diqqətli olmaq lazımdır. Bu, qəbul edilmiş prinsipdir.

T. Şahsuvarlı: İranla Azərbaycan arasında zaman-zaman ixtilaflar meydana gəlir. Xüsusən də gömrük-keçid məntəqələrində keçən il gərginlik yarandı. Problem çözülmüş kimi görünür, amma təminat yoxdur ki, bir də yaşanmayacaq. Cənab səfir, bu halların bir daha yaşanmaması istiqamətində hansı tədbirləri görməyi planlaşdırırsınız?

- Qonşu ölkələr arasında məziyyətlərdən biri budur ki, həm bağlılıqları, həm də ixtilafları çoxdur. Elə iki qonşu görə bilməzsiniz ki, bir-biri ilə müəyyən ixtilafı olmasın. Əgər bu ixtilaflar olmasaydı, Xarici İşlər Nazirliyi ümumiyyətlə olmaz, biz diplomatlar da işsiz qalardıq. Azərbaycanla İran arasındakı ixtilaflar iki qonşu arasında olan adi ixtilafdır. Azərbaycan özünü Avropa ölkəsi, İran Asiya ölkəsi elan edib. Bəzən Asiya və Avropa gömrük qayda-qanunları bir-biri ilə tutuşmur.

Məsələn, yük maşınlarının hündürlük standartı Avropada bir ölçüdə, Asiyada başqa ölçüdədir. Bu, problem yaradır. Amma burada əsas məqam odur ki, biz oturub bu məsələni həll edirik. Bizim uzun sərhədlərimiz var və bu sərhədlərdə ola bilər ki, hər hansı sərhədçi fərdi şəkildə səhvə yol versin və hadisə törətsin. Bizim müştərək dənizimiz var, Xəzər dənizindən hər bir ölkə öz payını götürmək istəyir. Həmçinin Araz çayımız var ki, hər iki tərəf öz mənafeyi çərçivəsində ondan istifadə etmək niyyətindədir. Cari qayda-qanunları tənzim etmək üçün bəzən gərginlik yaranır. Bu səbəbdən bunlar həll olunası məsələlərdir. Lakin bəzi ixtilaflar var ki, bunlar üçüncü qüvvə tərəfindən yaradılır. Məsələn, Sizin ölkənizdə bəzi millətçi qruplar Azərbaycanın İranla normal əlaqələrinin olmasını istəmir. Onların sayı çox deyil, ictimaiyyətdə də mövqeləri aparıcı deyil. Lakin onları mediası və səsləri var. Bəzi xarici ölkələr, o cümlədən Amerika Konqresi bu qrupları dəstəkləyir. İranda da həmçinin ola bilər ki, bəzi qruplar Azərbaycanın İranla normal münasibətlərini istəməsinlər. Onların da həm səsi, həm də mediası var. Bəzən bu fəaliyyətlər iki ölkə arasında münasibətlərə təsir edir. Lakin burada mühüm olan rəsmi şəkildə problemimizin olmamasıdır. Siz rəsmi səviyyədə Azərbaycandan İran əleyhinə yaxud İrandan Azərbaycan əleyhinə hər hansı söz deyildiyini müşahidə edə bilməzsiniz. Qeyri-rəsmi səviyyədə biz Azərbaycanda İran əleyhinə 3-4 məqaləni görürük. İranda da belədir. Mühüm olan odur ki, iki ölkənin rəhbərləri əlaqələrin normal olmasını istəyirlər və bu münasibətlərin pisləşməsinin tərəfdarı deyillər. Düşünmürəm ki, Azərbaycanla həll olunmayan problemimiz olsun. Deyə bilmərik ki, heç vaxt ixtilaf olmayacaq. Qonşu ölkələrik, hər bir dövlətin öz mənafeyi var, bu səbəbdən də ola bilər ki, müəyyən gərginlik yaransın. Bizim bəzi qonşu ölkələrlə problemlərimiz daha çoxdur . Lakin Azərbaycanla ixtilaflarımız bir o qədər çox deyil.

Cəmaləddin Həsənoğlu: Qonşu və müsəlman ölkə olmağımızdan savayı qədim müştərək mədəniyyətimiz, coğrafiyamız, tariximiz var. Azərbaycanda xeyli sayda farsdilli, İranda çox böyük azərbaycandilli icma var. Ölkələrin bir-birinə münasibətləri təmənnalı münasibətlərdir. Yəni, sadəcə beynəlxalq hüquqa, diplomatiyaya, iqtisadi maraqlara söykənən əməkdaşlıq deyil. Bizim İrandan, İranın da bizdən gözləntiləri daha böyükdür. Bu da o tənqidləri meydana çıxarır ki, İrandan daha geniş dəstək gözlədiyimiz halda Siz Ermənistanla əlaqə qurursunuz. Bu, qardaşlıq umacağıdır...

- Vətəndaşlarınız şahiddir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri İran nə qədər köməklik göstərir. Xüsusilə də Azərbaycanla Ermənistan arasında müharibə gedən illərdə biz tamamilə Azərbaycanın yanında idik və onu dəstəkləyirdik. Bu barədə tarixi sənədlər də var. Zənnimcə, bəzi məsələlər ya ifrat dərəcədə şişirdilir, ya da bir başqa cür təqdim edilir. Azərbaycanda bəzi millətçi qruplar göstərirlər ki, guya İranda farslar azərbaycanlıları sıxışdırır. Bunu fars və Azərbaycan xalqlarının münaqişəsi kimi göstərməyə çalışırlar. Bunu bilin ki, İranda fars deyilən bir millət yoxdur. Fars milləti haradadır? Azərbaycandakı millətçilər Azərbaycan dilindən başqa dillərdə danışan xalqları fars milləti adlandırır. Çünki orada Azərbaycan dilində danışanlardan başqa kürd, ərəb, lor, bəluc, bəxtiyari, qaşqay var. İranda fars milləti adında bir millət yoxdur. Fars bir dildir. Fars İranın qədim adı olub - Persia. İndi dövlətin adı İrandır.

T. Şahsuvarlı: Bəs özünüzün etnik mənsubiyyətiniz nədir?

- Mən özüm iranlıyam, Şirazdanam. Bizim vilayətin adı Farsdır. Lakin bu, millət mənasında deyil, sadəcə bölgənin adıdır. Fars vilayətində Siz külli miqdarda azərbaycanlı, lor, bəxtiyari, qaşqay və başqa millətin nümayəndələrini görə bilərsiniz. Fars İran xalqlarının danışdığı bir dildir. İranda yaşayan xalqlar bu dilin dövlət dili olması barədə rəy veriblər. İranda heç bir millət fars dilinin rəsmi dövlət dili olmasına qarşı deyil.

C. Həsənoğlu: Yəqin ki, bu, başqa dillərin qorunmasına mane olmazdı...

T. Şahsuvarlı: Xüsusən, ana dilində təhsil məsələsinə...

- Elə onu izah edirəm. Bizim milli dilimiz fars dilidir. İran xalqının 98 faizi fars dilinin milli dil olmasını qəbul edib. Başqa xalqların da hər birinin öz dili var. Yəni, insanlar həm öz milli, həm də xalqının öz dilini qəbul edirlər. Hər bir ölkənin milli və rəsmi dili həmin ölkənin birliyinə səbəb olur. Bu səbəbdən də o zamankı müstəmləkəçi dövlətlər bir yeri tutmaq istəyəndə onun milli dilini aradan qaldırmağa çalışırdı. Beləliklə, xalqlar arasında təfriqə salmaq istəyirdilər. İranda əsrlərdir ki, fars dili milli dildir. Başqa xalqlar öz dillərini qorumaqla yanaşı, fars dilinə ehtiramlarını bildirirlər. Milli birliyin qorunması üçün İranda təhsil sistemi bütün ölkə boyu fars dilindədir. Konstitusiyamıza əsasən, hər bir xalqın öz dili universitetlərdə tədris olunur. Bütün xalqların öz dilində televiziya, radio, qəzetləri var. Bu dildə bir-biri ilə rabitə bərqərar edirlər. Mən özüm azərbaycanca bilmirəm. Amma Təbrizə gedəndə görürəm ki, hamı orada azərbaycanca danışır. Lakin onlar farsca da bilirlər, bundan heç narahat da deyillər. Ona görə ki, onların milli dilidir.

Şəhriyar fars dilində şeir deməyi ilə də fəxr edir. Biz özümüz də Şəhriyarın "Heydərbabaya salam" əsərini Azərbaycan dilində eşidəndə ləzzət alırıq.

Məhəmməd Əmin Rəsulzadə azərbaycanlılara yazdığı məktublarının bəzilərini fars dilində yazırdı. Məsələn, Tağızadə( sonralar İran parlamentinin spikeri olmuş Seyid Hüseyn Tağızadədən söhbət gedir-C.H) İranda böyük dövlət xadimi olub, azərbaycanlı idi. Lakin bu iki nəfər arasında yazışmalar fars dilində olub. Heç vaxt fars dili ilə Azərbaycan dili arasında ixtilaf olmayıb, bu, İranda çox normal qəbul olunur. Bizim əksər şairlərimiz Azərbaycan dilində şeirlər yazıb. Azərbaycandilli şairlər də fars dilində şeirlər deyirlər. Səddam Hüseyn İrana hücum edəndə ərəb və kürdlərin yaşadığı məntəqələrə həmlə etdi. Lakin İranın şimal-şərqində yaşayan azərbaycanlılar gedib oranı müdafiə etdilər və ölkə torpağının əldən getməsinə imkan vermədilər. Səttarxan və Bağırxan azərbaycanlı idi. Lakin onlar bütün ölkə üçün vuruşdular. İranda azərbaycanlıların sıxışdırıldığı barədə millətçilərin mediasında yazılanlar doğru deyil, belə bir şey yoxdur. Biz indi azərbaycanlılar üçün vizanı aradan qaldırmışıq. Hazırda ildə 1 milyona yaxın azərbaycanlı İrana gedir.

Qayıdanda onların fikirləri tamamilə dəyişilir. Millətçilər nə qədər təbliğat aparsalar da, onlar qəbul etmirlər, çünki gedib öz gözləri ilə real mənzərəni görüblər. Düşünürəm ki, media və qələmə əhlinin vəzifələrindən biri də həqiqətləri yazmaqdır. Bununla iki ölkə və xalq arasında dostluq daha da möhkəmlənər. Biz doğrudan da bir xalqıq, iki müstəqil ölkədə yaşayırıq. Bu, şüar deyil. Siz gedib görmüsünüz, qardaş da (Taleh Şahsuvarlıya - N.E.) gedib görsə, bunu hiss edəcək.

T. Şahsuvarlı: Mənim üçün Şirazdan olmağınız çox ilginc məqam oldu. Çünki Şiraz bu dünyada ən çox maraq göstərdiyim yerlərdən biridir. Bilirsiniz ki, Bayatı-Şiraz muğamımız var, o muğamı da çox sevirəm. Yazar olaraq Xorasanla, Qəzvinlə maraqlanıram. Təbrizi, Ərdəbili, Tehranı görmək istərdim. AMEA-nın işçisi, iki gənc yazar İrana getmişdi, onların səfəri qalmaqala səbəb oldu, həbs olundular. Hərdən Təbrizi görmüş dostlardan zarafatla soruşuram ki, İrana getsəm, məni də tutarlarmı?

- Bu, bir təsadüf idi. Mən bu məsələnin yenidən gündəmə gəlməsini istəməzdim. Tədqiqat aparmaq istəyənlər əvvəlcə tədqiqat aparacaqları yerdən icazə almalıdır. Dediyiniz xanım icazəsiz getmişdi. Tədqiqat apardığı yerdən başqa bir nəfərin də evinə getmişdi, həmin şəxs İran dövlətinə müxalif şəxslərdən olub. Təbiidir ki, bizim təhlükəsizlik orqanlarımız öz işləri ilə məşğul olublar, onu izləyiblər, şübhələniblər. Bir müddət saxlayıb, buraxdılar.

T. Şahsuvarlı: Azərbaycanda çox populyar olan mövzulardan biri də Urmiya gölü ilə bağlıdır. Orada həqiqətdə nə baş verir?

- Urmiya gölü İranın çox ciddi problemlərindən biridir. Bir sıra problemlər səbəbindən - yağıntıların azalması, o cümlədən pis idarəçiliyə görə bu göl qurumaq təhlükəsindədir. Düzdür, Urmiya gölü İranın ərazisindədir, lakin regionda yaşayan digər ölkələr də ekoloji fəlakətin yaranmasından qorxmalıdır. İran dövlətinin qarşıya qoyduğu vəzifələrindən biri də budur ki, Urmiya gölünün qurumasının qarşısı alınsın. İranda yeni kabinetin işə başlaması, bu məsələyə böyük miqdarda pulun ayrılması ilə hazırda vəziyyətin normallaşmasını görürük. İranda Urmiya gölü kimi digər göllər də var ki, qurumaq təhlükəsi ilə üz-üzədir. Məsələn, Xuzistan vilayətində yerləşən Karun gölü də bu problemlə qarşılaşıb. İsfahanın mərkəzindəki Zayanderud çayı da bu problemi yaşayır. Dövlət çalışır ki, çay və göllərin qurumasının qarşısını alsın. Bu, dövlətin prioritet məsələlərindən biridir. Əlbəttə, bunun bir hissəsinin məsuliyyətini bizim, bir hissəsi də təbiətin üzərinə düşür.

T. Şahsuvarlı: İran bölgədə sanki yeni oyunqurucu olmaq istəyir. Bu prosesdə kürd faktorunu necə dəyərləndirirsiniz?

- İranda kürd problemi yoxdur. İrandakı kürdlər azərbaycanlılar kimi bizimlə bir yerdə, bizim yanımızdadırlar. Regionda dörd ölkə var ki, orada kürdlər yaşayır - Türkiyə, Suriya, İraq və İran. İrandan başqa bu üç ölkədə kürdlərlə problem var. İranın Kürdüstan vilayətinə getsəniz, orada heç bir problem görməzsiniz. İranda vəhdət, birlik amili İslamdır. Yəni, bütün xalqlar İslam çətiri altındadır. Azərbaycanlı həm də müsəlmandır. Kürd də həmçinin, əvvəlcə müsəlmandır. Bu, İranda millətçiliyin əsas amilə çevrilməməsinə səbəb olub. Yəni, İranda İslam amili milli xalq amilindən daha güclüdür. Əgər İran dünyəvi ölkə olsaydı, regionda hər bir xalq öz istiqlaliyyətini istəyərdi və bunu tələb edərdi. Bəli, İslam inqilabından əvvəl bizim parçalanma problemimiz vardı. Regionda bəxtiyarilər, lorlar, kürdlər muxtariyyət və ya istiqlaliyyət istəyirdi. İndi bütün xalqlar nizama riayət edir. Bu da İslamla bağlıdır. İranda həm sünnilər, həm də şiələr var. Onlar hər ikisi İslam çətiri altında birləşib. Ola bilər ki, Avropada olan bəzi güclər ölkəmizdə yaşayan kürdləri qızışdırsınlar və onlar da gəlib nəsə desinlər. Məsələn, Kürd Xalq Cəbhəsi və s. Yaransa, bu, güclü və mühüm qüvvə olmayacaq. Çünki bunları Amerika və Qərb ölkələrin İranı sıxışdırmaq və təzyiq etmək üçün yaradırlar. İranda son prezident seçkilərində ən çox səs verən region kürd regionu olub. Bu, onu göstərir ki, kürdlər sistemə, nizama riayət edir. Allaha şükürlər olsun ki, İranda heç bir milli problem yoxdur. Kürdlər, azərbaycanlılar və başqaları bir-biri ilə qardaşdır.

C. Həsənoğlu: İran beynəlxalq regionda öz tarixinə, qüdrətinə layiqli yerini tutmaq istəyir. Bu, yəqin bir tərəfdən Həsən Ruhaninin hakimiyyətə gəlməsi ilə bağlıdır. Amma belə ehtimallar da səslənir ki, Qərbdə İranla yeni danışıqların başlaması, onun regionda rolunun etiraf olunması Qətərin, Səudiyyə Ərəbistanının və xüsusən də Türkiyənin artan roluna, qüdrətinə qarşı balans yaratmaq məqsədi daşıyır...

- İranın əvvəllər də regiona güclü təsiri olub. İran öz coğrafi mövqeyinə, iqtisadi potensialına və güclü diplomatiyasına görə istiqlaliyyət əldə etdikdən sonra həm regional, həm də beynəlxalq məsələlərdə aparıcı ölkələrdəndir. Biz inqilabın ilk illərində Fələstin məsələsində təsirli mövqe tutmuşuq. İran olmasaydı, Fələstin məsələsi İsrailin xeyrinə həll olunmuşdu. Lakin İranın bu gücü və mövqeyi sayəsində Fələstin məsələsi gündəmdə qalıb və problemin həll olunması istiqamətində ümidlər gündən-günə artır. İran Cənubi Afrika Respublikasının aparteid rejiminə neft satmamaqla, oradakı müxalif Nelson Mandelanın mübarizəsinə kömək etməklə bu ölkədə hakimiyyətin devrilməsinə təsir edib. Mən o zaman Cənubi Afrikanın yaxınlığında yerləşən Zambiyada səfir idim. Biz Əfqanıstan məsələsində təsirli gücə malik olmuşuq. Amerika özü də etiraf edib ki, bizim köməkliyimiz olmadan Talibanı məğlub edə bilməzdi. ABŞ ilə qısamüddətli əməkdaşlığımız olub, onlara Talibanı aradan qaldırmağa kömək etmişik.

Biz İraqda da təsirli gücə malik olmuşuq. Hazırda amerikalılar İraqdan gedib. İraq İranın ən yaxşı dostudur. Suriya məsələsi də artıq 3 ildir davam edir. Bunlar Bəşər Əsədi bir ay içində dəyişmək istəyirdilər. Lakin Suriyada terrorizmi gücləndirdilər. İndi də nakam qalıblar. Cənab Ruhani illərlə beynəlxalq və regional təhlükəsizlik məsələsində fəal diplomat olub. Ona görə də bizim hazırda bu sahədə fəaliyyətimiz genişlənib və güclənib. Bu müzakirələr də bu səbəbdən nəticə əldə etdi. Müzakirələrdə Zərif( xarici işlər naziri Cavad Zərif- C.H) kimi güclü diplomatımız, ondan yuxarı mərtəbədə güclü idarəçi Ruhani kimi şəxs və İranın ali dini rəhbərinin göstərişləri dayanır. Bütün bunlar bu sahədə müvəffəqiyyət əldə etməyimizə səbəb olur.

Dilqəm Əhməd: Biz Ruhaninin və Zərifin xarici siyasətini izləyirik. İran ortaya mövqe qoydu ki, əvvəlcə Suriyada terrorizm təmizlənməli, ondan sonra Bəşər Əsədin taleyi müzakirə olunmalıdır. Cenevrə-2 konfransına İran dəvət olunsa da, sonradan dəvət məktubu geri qaytarıldı. Sizcə, niyə Bəşər Əsədi devirmək istəyirlər? Amerika nə əldə etmək istəyir ki, İran da buna qarşıdır?

- Suriya İsraillə mübarizədə ön cəbhədə durur. İsrailin təhlükəsizliyini təmin etmək Amerikanın xarici siyasət prinsiplərindən biridir. ABŞ Suriyada bu müharibəni ona görə başladı ki, İsrail təhlükəsiz olsun. Demokratiya və başqa iddiaları haşiyədən kənardır. Hər hansı bir ölkədə demokratiyanın bərqərar olması üçün orada terrorizm gücləndirilməlidir? Əgər hər hansı ölkədə islahat aparmaq lazımdırsa, başqa ölkə gəlib hücum etməlidir? Görəsən, dünyada islahatlara ehtiyacı olan başqa ölkə yoxdurmu? Mən ad çəkmək istəmirəm, bunu yaxşı bilirsiniz, amma Amerikanın regionda dostu olan ölkələrdən hansı birində demokratiya var? Suriyadakı terroristlərə kömək edən region ölkələrində neçə faiz demokratiya var? İslahat, demokratiya, insan hüquqları və s. iddialar İsraili müdafiə etmək üçün ortaya atılan bəhanələr idi.

Baxın, bunlar elan etdilər ki, Suriyada kimyəvi silahlar məhv olunmalıdır. Bunu qərara alan kimi bu işi yerinə yetirdilər. Bu da İsrailin xeyrinə oldu. İndi bütün ölkələr deyir ki, terroristlərin əlində olan silahlar onlardan alınıb məhv olunmalıdır. Bəs nə üçün onlar buna əməl etmirlər? Niyə ifratçı dəstələrin əlində olan kimyəvi silahların onların əlindən alınması üçün iş görülmür? “Cenevrə-2” konfransının müvəffəqiyyətli olmamasının səbəbi budur ki, konfransda Suriyanın əsas problemi olan terrorizm probleminə diqqət ayrılmır. Hər hansı ölkə başqa ölkənin prezidentini təyin etsə, onda heç bir ölkənin prezidenti təhlükəsiz ola bilməz. Məsələn, bu gün deyir ki, mən Bəşər Əsədi dəyişdirmək istəyirəm, sabah deyər ki, başqa prezidenti dəyişirəm. Qərb dövlətləri “Cenevrə-1” konfransında nə Suriya dövləti, nə də Suriya dövlətinə müxalif olan qruplar iştirakı olmadan qərar qəbul etdilər və dedilər ki, Əsəd getməlidir. İndi də bizə deyirlər ki, İran “Cenevrə-1” konfransının qərarlarını qəbul etməlidir ki, “Cenevrə-2” konfransında iştirak edə bilsin. Biz əvvəldən də dedik ki, ön şərt qəbul etmirik. Bütün dünya ölkələri söylədi ki, İran konfransda iştirak etməlidir. BMT-nin baş katibi Pan Gi Mun da bizi dəvət etdi. Lakin Amerikanın təzyiqi ilə öz dəvətnaməsini geri götürdü. Suriya problemini bu şəkildə həll etmək istəyirlər.

T. Şahsuvarlı: Suriyanın axırını necə görürsünüz?

- Axırı budur ki, xarici ölkələr Suriyanın daxili işlərinə qarışmamalıdır. Suriya xalqı seçki yolu ilə öz sistemini və gələcək hökumətini özü təyin etməlidir. Həmçinin terrorizm məsələsi həll olunmalıdır. Fərz edək ki, “Cenevrə-2” konfransında müxaliflərin ölkəyə gəlməsi və seçkilər keçirilməsi barədə qərar qəbul olundu. Belə olan halda terroristlər onları öldürəcəklər. Daha terrorizm idarəçiliyi Qərbin, Amerikanın əlindən də çıxıb. Suriyada terrorizm problemi həll olunmayana qədər bu ölkədə sülh bərqərar olmaz.

T. Şahsuvarlı: Yəqin izləmisiniz, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə fətva verdi, çünki çox təəssüf ki, Azərbaycandan da terroristlərə qoşulub döyüşənlər var. Dünyada sünni məzhəbi daşıyıcıları terroru dəstəklədiyi halda, şiə terror təşkilatı yoxdur. İranda qaçaq şəklində Əsədin lehinə və ya əleyhinə döyüşənlər varmı? Şeyxin Azərbaycanda önünə keçmək istədiyi problemi, İran öz daxilində yaşayırmı?

- Ümumiyyətlə, sünniləri terrorist qruplardan ayırmalı, tamamilə fərqləndirməliyik. Sünnilərin əksəriyyəti terrorist qruplarına qarşıdır. Amerikalıların etiraf etdikləri kimi “əl-Qaidə” təşkilatını özləri yaradıblar, İslam adı ilə terror edib İslamı dünyada pis göstərməyə çalışırlar. İstər sünni, istərsə də şiələr terrorizmə müxalifdir. Məsələn, Səudiyyə Ərəbistanında əhli-sünnə alimləri terrorizm əleyhinə fətvalar verirlər. Təbii ki, İrandan heç kəs Suriyaya getmir. Mən cənab Allahşükür Paşazadənin bu barədə fətva verdiyinə görə təşəkkürümü bildirirəm. Bəzi gənclər düşünürlər ki, Əsəd əleyhinə vuruşsalar, şəhadətə çatacaqlar. Lakin cihad o zaman öz mənasını verir ki, bu, Allah yolunda olsun. Belə olan halda cihad edən mücahid cənnətə gedəcək. Amerikanın mənafeyi xatirinə öldürülən cənnətə düşməyəcək. Məlumatlara görə, Suriyada Avropadan gəlmiş yüzlərlə terrorist var. Hazırda Avropa Parlamenti onların yenidən Avropaya qayıtmasının qarşısını almaq üçün qərar qəbul etmək istəyir. Ona görə ki, bunlar qayıtsalar, Avropanın özünün təhlükəsizliyi sual altında olacaq. Terrorizmin idarəsi artıq onu yaradanların əlindən çıxıb. Bu təhlükə bütün ölkələr üçün var. Azərbaycan çox sabit, təhlükəsiz ölkələrdən biridir. Burada riskə getmək olmaz. Cənab Paşazadənin fətvası və bu mövqeyi də təqdir olunasıdır.

D. Əhməd: Dediniz ki, ABŞ İsrailin təhlükəsizliyini təmin etmək istəyir. Amma Türkiyə həm İsraillə problemi olan ölkədir, həmçinin indiki iqtidar islami yönümlüdür. Buna baxmayaraq, Bəşər Əsədin devrilməsini istədi, hətta oraya ordu yeridilməsini dəstəklədi. Buna necə baxırsınız? Və Ərdoğanın İran səfərini necə şərh edərdiniz?

- İranın Türkiyə ilə münasibətləri həmişə yaxşı və strateji olub. Bizim ticarət mübadiləmiz 30 milyard dollardır. İki ölkənin müştərək tarixi, mədəniyyəti, dini vardır. Lakin Suriya məsələsində bizim fikir ayrılığımız var. Həmişə də bu məsələni müzakirə edirik. Sevinirik ki, Türkiyə son aylarda özünün Suriya siyasətini bir az yumşaldıb. Bu problemin qeyri-hərbi yolla həll olunmasını istəyir və terroristlərin Suriyadan çıxması ilə razıdır. Bu, bizim Türkiyə ilə Suriya məsələsində müştərək fikirlərimizdir. Cənab Ərdoğanın artıq Tehrana səfəri başlayıb, ümid edirik çox müsbət səfər olacaq. Bizim fikirlərimiz, baxışlarımız günü-gündən daha da yaxınlaşır. Biz belə fikirləşirik ki, Türkiyə ilə İranın fikirləri nə qədər bir-birinə yaxın olsa, regionun təhlükəsizliyi üçün bir o qədər önəmli olar.

Qələmə aldı: Nərgiz EHLAMQIZI

Fotolar: Elçin MURADındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm