Bahar Muradova: "Bu mövzuya tabu qoyulmayıb"
Bizi izləyin

Nida.az

Bahar Muradova: "Bu mövzuya tabu qoyulmayıb"

İlk növbədə təbii ki, bu məsələdə ən maraqlı tərəf Ermənistan özüdür. Çünki cənab prezidentin də ən yüksək səviyyədə açıqlamaları olmuşdu ki, danışıqların taleyi 2014-cü ildə Ermənistanın özünü necə aparmasından, məsələyə necə yanaşmasından asılıdır

Milli Məclis sədrinin müavini Bahar Muradova “Yeni Müsavat”a geniş müsahibə verib. Publika.Az həmin müsahibəni kiçik ixtisarla təqdim edir.

-Bahar xanım, son həftələrdə cəbhə xəttində baş verənlər gündəmin əsas mövzusudur. Elə 28 yanvarda baş nazir Artur Rasizadənin Müdafiə Nazirliyində döyüş hazırlığı ilə bağlı müşavirə keçirməsi də diqqətdən qaçmadı. Parlament rəhbərliyində olan şəxs kimi siz hazırkı situasiyanı necə dəyərləndirirsiniz?

-Cəbhədəki hadisələri nəzərə alsaq, situasiya kifayət qədər gərgindir və getdikcə gərginləşir. Ötən ilin sonlarında keçirilən prezidentlərin görüşündə müsbət əhval-ruhiyyə var idi və hətta bəziləri daha irəli gedərək hansısa nəticələrin ola biləcəyinə inamlarını ifadə edirdilər. O cümlədən mən də düşünürdüm ki, 2014-cü il yaxşı-əhval ruhiyyədə başlayır və bu il ərzində nələrəsə nail olmaq olar. Amma görünür, Ermənistan rəhbərliyi əvvəlki şakərindən əl çəkmək istəmir, nə vaxt ki, danışıqlar prosesində bir ümidverici nələrsə yaranır, onda təxribatlar meydana gəlir. İndi də növbəti provokasiyalar ortadadır. Atəşkəsin hətta insan itkisi ilə müşayiət olunan bir şəkildə pozulması və lokal döyüşlər səviyyəsinə gəlib çıxması, əlbəttə, narahatedici bir vəziyyətdir. Ona görə də Müdafiə Nazirliyində keçirilən müşavirəyə təbii baxmaq lazımdır. Müşavirənin detalları barədə məlumatım yoxdur. Amma bu, çox normal və təbiidir. Çünki ölkə rəhbərliyi, eləcə də hərbi rəhbərlik məsələni ən azı müzakirə edib vəziyyəti dəyərləndirməlidir.

- Bu ərəfədə gərginliyin yaranması səbəbləri ilə bağlı müxtəlif təxminlər səsləndi. Hətta Soçi Olimpiadası öncəsi bölgədə müharibə vəziyyətinin yaranmasının Rusiyaya lazım olmadığı barədə fikirlər də eşidildi. Siz bu təxribatların arxasında hansı qüvvənin durduğu qənaətindəsiniz?

- İlk növbədə təbii ki, bu məsələdə ən maraqlı tərəf Ermənistan özüdür. Çünki cənab prezidentin də ən yüksək səviyyədə açıqlamaları olmuşdu ki, danışıqların taleyi 2014-cü ildə Ermənistanın özünü necə aparmasından, məsələyə necə yanaşmasından asılıdır.

Yəni əgər mövqe konstruktiv məcrada olacaqsa, müəyyən irəliləyişlər olacaq, bizim imkanımız var ki, onların danışıqlarda nə dərəcədə səmimiliyini il ərzində yoxlayaq. Bunun özünü ortada ciddi tələblərin olmasının göstəricisi saymaq olar. Ermənistan tərəfi artıq bu şəkildə status-kvonun qorunmasına yönəlik fəaliyyətini davam etdirmək imkanlarını itirir. O, ya danışıqlar prosesində hansısa irəliləyişə səbəb olan addımlar atmalıdır, ya da sakit şəkildə deməlidir ki, mən təcavüzdən əl çəkmirəm və əraziləri də heç zaman işğaldan azad etməyəcəyəm. Onda da təbii ki, digər alternativlərin işə düşəcəyi gözlənilir. Görünür, bu təxribat onlara ilk növbədə bu mövqeni ört-basdır etmək üçün lazımdır ki, danışıqlar prosesində inamsızlığın yaranmasında məhz bu gərginlikləri səbəb gətirərək danışıqlar prosesini daha bir az uzatsınlar. Buna ilk növbədə Ermənistan maraqlıdır. Mən hansısa təxminləri təkrarlamaq istəməzdim. Çünki sadəcə, təxmin olduğu üçün mənim tərəfimdən söylənilə bilməz. Hər halda, arzu edərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vəziyyəti real dəyərləndirərək Ermənistana təsir göstərəcək addımlar ataydılar ki, ən azı danışıqlar prosesinə xələl gətirən mövqedən geri çəkilsinlər.

-Gələn həftə Milli Məclisin yaz sessiyası başlanacaq, iclasda qapalı, yaxud açıq şəkildə Qarabağ müzakirələri gözləniləndirmi?

-Bu mövzuya tabu qoyulmayıb. Qarabağ mövzusuna istər ölkə daxilində, istər xaricində parlamentarilərin iştirak etdiyi bütün tədbirlərdə toxunulur, bu məsələ qaldırılır, daim gündəmdədir. Amma qapalı bir müzakirələrin keçiriləcəyi ilə bağlı fikir söyləyə bilmərəm. Çünki belə bir fikir yoxdur. Hər halda, sessiyanın başlamasına bir gün qalıb, əgər lazım bilinsə, istənilən addım atıla bilər. Amma əminəm ki, vəkillər bir aylıq tətildən qayıtdıqdan sonra vəziyyətin gərginliyini nəzərə alaraq mütləq bu məsələləri gündəmə gətirəcəklər.

- Belə bir ərəfədə ölkə daxilindəki düşərgələr arasında Qarabağ mövzusu ilə bağlı dialoq gözləniləndirmi?

-Cəbhədəki vəziyyətdən asılı olmayaraq siyasi qüvvələr arasında normal münasibətlər həmişə olmalıdır. Əgər bu, dinc dövrdə mümkün deyilsə, ən azı əlbəttə, müəyyən gərginliklər olduğu dövrdə digər maraqlar bir kənara qoyulmalı, əsas diqqət ölkənin müdafiəsi, təhlükəsizliyi məsələlərinə yönəlməlidir. Hər halda, gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atılacaq. Amma siyasi qüvvələr öz aralarında münasibətləri bunsuz da normal məcraya qoymalıdırlar və buna hər zaman ehtiyac var. O ki qaldı kimlərinsə iştirakı ilə dialoqun keçirilməsinə, Azərbaycanda Dağlıq Qarabağ da daxil, milli və dövləti maraqlara aid məsələlər olduqda biz həmişə bir-birimizlə dil tapa bilmişik. Mən bu günə qədər ən azı bu məsələdə fikir ayrılığının olduğunu görməmişəm və düşünmək də istəmirəm ki, biz nə vaxtsa ümumi maraqları bir kənara qoyub ən ciddi məqamlarda belə öz maraqlarımızı güdə bilərik. Ona görə də hər hansı bir ehtiyac olacağı təqdirdə təbii ki, kimliyindən asılı olmayaraq hər kəs, istər siyasi, istər ictimai dairələrin nümayəndələri bir araya gəlib məsələləri müzakirə edə bilərlər.

-Belə bir fikir var ki, Rusiyanın başı Ukraynaya qarışdığı üçün Azərbaycana daha sərt təsir imkanlarından istifadə edə bilmir və Kiyevdə yaşananlar başa çatandan sonra bütün diqqət Qafqaz regionuna yönələcək, Azərbaycan da onda çətin sınaqlarla üz-üzə qalacaq. Bu, hakimiyyəti narahat edirmi? Yeri gəlmişkən, bugünlərdə Rəsul Quliyev Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ehtimalından danışmışdı.

-Rəsul Quliyevin bütün imkanları tükənib, yalnız versiya irəli sürməklə məşğuldur. Onun versiyalarının bir çoxu da öz təsdiqini tapmır, bu, başqa bir söhbətin mövzusudur.

O ki qaldı Azərbaycanda Ukraynada baş verən hadisələrin cərəyan etməsi ehtimalı, bu, ola bilməz. Çünki bu proseslər Ukraynanın özünün daxili ictimai durumundan qaynaqlanır. Əlbəttə, bunu kənardan körükləyənlər də var, amma əsas problem ölkənin içərisindədir. Çox şükür ki, Azərbaycan cəmiyyətini bərabər iki hissəyə bölən və yaxud da ən azı 3-ün 1-ə nisbətində bölən bir vəziyyət yoxdur. Azərbaycan vətəndaşları, ölkənin ictimai-siyasi prosesində iştirak edən insanlar öz imkanlarına, öz gücünə, öz sosial bazasına uyğun hərəkət etmək məcburiyyətindədir. Ona görə də biz nəzərə alsaq ki, Azərbaycanda kənardan planlaşdırılan və Azərbaycanın daxilinə kənardan gətirilməsinə çalışılan hadisələr heç zaman baş verməyib və bunu istəyənlər də sonda hər zaman iflasa uğrayıblar. Çünki Azərbaycanın daxilində buna dəstək verə biləcək mühit yoxdur və kimlərsə bunu istəyərdilərsə, onların buna imkanları yoxdur. Ona görə də Azərbaycanı belə bir təhlükə gözləmir. O ki qaldı Rusiyanın başının Ukraynaya qarışmasına, mən hesab edirəm ki, hər ölkənin başı elə özünə qarışıb, öz problemlərini həll etməklə məşğuldur. Azərbaycanla Rusiya arasında olan münasibətlərin dünəni, bu günü və perspektivi bizə belə açıq və ciddi təzyiqlərin ola biləcəyini ehtimal etmək imkanı vermir.

-Ölkədə müəmmalı şəkildə intihar dalğası yayılır. Necə bilirsiniz, bu, bəzilərinin dediyi kimi, kütləvi şəkildə hüquqpozmaların məntiqi nəticəsidir, yoxsa sosial vəziyyətin ağırlığından irəli gələn durumdur? Sizi bu vəziyyət narahat edirmi?

-Bu, doğrudan da narahatedici hadisədir və müvafiq dövlət qurumları vaxtaşırı öz narahatlığını ifadə edir, öz vəzifələrini bu istiqamətdə yerinə yetirməyə çalışırlar, bu cür hadisələrin baş verməməsi üçün lazım olan addımlar atırlar. Amma təkcə Azərbaycan cəmiyyətində yox, digər ölkələrdəki cəmiyyətlərdə də belə hallar baş verir. Bəzi hallarda obyektiv olduğu təqdirdə, bir çox halda subyektiv məsələlərə bağlanır və yaxud bunu insanların psixoloji durumu ilə əlaqələndirmək olar. İstənilən halda burada psixoloji durum böyük rol oynayır. Əlbəttə, onun da səbəbləri üzərində düşünmək lazıdır ki, nədən insan belə addım atmağa vadar olur. Bir tərəfdən də bu, elə bil ki, yoluxucu xəstəlik kimi yayılmağa başlayıb. Biz nə qədər çox bu məsələləri gündəmə gətiririksə, bu barədə nə qədər çox danışılır, göstərilir, yazılırsa, zərərli təcrübə daha çox yayılmağa başlayır. Ona görə məsələnin bu tərəfi üzərində də düşünmək lazımdır. İnsanların mənfi emosiyalarını gücləndirən prosesləri bəlkə bir az daha az, müsbət emosiyalar təlqin edən prosesləri isə bir az daha çox yaymaq lazımdır. Belə hallardan nə qədər çox danışılırsa, bu, bir o qədər ziyanlı olur.

-Amma Yevlaxda özünü yandıran Qarabağ qazisi deyib ki, məmurlar ünvanlı sosial yardıma görə ondan rüşvət istədikləri üçün bu aksiyaya əl atıb...

-Hər halda, bu məsələ müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Prosesin dəqiq nədən qaynaqlandığı və buna görə kimin məsuliyyətinin olduğunu yalnız o şəkildə müəyyən etmək olar. İndiki halda əlbəttə ki, mən bu hadisənin baş verməsindən təəssüfümü bildirirəm və həmin insana Allahdan cansağlığı arzulayıram.

-İsmayıllı hadisələrinə görə həbs edilən Tofiq Yaqublunun ailə üzvləri ağır qəzaya düşdü, yoldaşı ciddi əməliyyata məruz qaldı. Amma müsavatçı ilə bağlı həbs tədbiri dəyişdirilmədi. Siz bunu nə dərəcədə normal qəbul edirsiniz?

-Mən əlbəttə ki, istənilən şəxsin qəzaya düşməsinə, sağlamlığına dəyən xəsarətə görə təəssüf edirəm və o insanlara cansağlığı arzu edirəm.

O ki qaldı onların yaxın adamlarının cinayət işi ilə əlaqələndirilməsinə, burda da bəlkə bir az ehtiyatlı fikir bildirməyə ehtiyac var. Hər halda, bu barədə müraciətə cavab vermək müvafiq qurumların səlahiyyətində olan məsələdir.

- Ümumiyyətlə, həbsdə olan digər siyasilərlə bağlı problemi, nəhayət, həll etmək vaxtı deyilmi? Əfv və ya amnistiya gözləntisi realdırmı?

- Cənab prezident Avropada çıxışında da açıq şəkildə söylədi. Bizim mövqeyimiz hər zaman belədir ki, Azərbaycanda yalnız siyasi fəaliyyətinə görə məhbus həyatı yaşayan insanlar yoxdur, bu və ya digər əmələ görə günahlandırılan, həmçinin bu və ya digər siyasi mənsubiyyəti olan insanlar var. Vicdan məhbusları, siyasi məhbus deyilən kriteriyaların nədən ibarət olduğu və necə müəyyənləşdiyi məsələsi hələ beynəlxalq təşkilatların özündə mübahisəli olduğu bir zamanda Azərbaycanda bu və ya digər şəxsin siyasi məhbus, vicdan məhbusu adlandırılması bir az mübahisəlidir. Ona görə də bir var ki, bu şəxslərin kiminsə yaxını, siyasi həmkarı kimi azadlığa çıxması məsələsini qaldırasan, bir də var ki, konkret onları hansısa adla adlandırıb yalnız bu kontekstdə buna yanaşasan. Hüquqi prosedurlar gözlənilməklə istənilən şəxsin azadlığına çalışmaq, hüquqlarını müdafiə etmək, günahsızlığını sübuta yetirmək imkanları var və bu məsələ Avropa Məhkəməsinə qədər gedib çıxa bilir. Ona görə də bu məsələləri bir kənara qoyub bunu yalnız ölkə prezidentinin iradəsinə bağlamaq və ondan kütləvi şəkildə kimlərisə azad etməyi gözləmək doğru deyil.

-Amma Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarı olsa da, hələlik o, azadlığa buraxılmayıb.

-Bu proses davam edir və yekunda hansı qərarın veriləcəyi bəlli olar. Məhkəmə prosesi davam etdiyi üçün hansısa konkret fikir bildirə bilmərəm.

-Boş qalmış dairələrdə seçkilərin keçirilməməsi parlament rəhbərliyini narahat etmirmi?

- Parlament rəhbərliyi axı seçki elan etmir. Hər halda, bu məsələyə baxıla bilər. Ancaq hələ ki mənim heç bir məlumatım yoxdur. Məsələ MSK ilə müzakirə olunduqdan sonra yəqin ki, hansısa bir qərar vermək olar.

-Parlamentə smartfon, android platformalı telefonların qadağan olunmasına sizin münasibətiniz necədir? Üstəlik, noutbuk qadağası jurnalistləri xeyli narahat edib...

- Bu, hamıya şamil olunur. Necə deyərlər, “Elnən gələn qara gün toy-bayramdır”. (gülür) Mən bunu qara gün kimi dəyərləndirmirəm. Amma bir qayda ki, hamıya tətbiq olunur - özü də çox ciddi səbəbə görə - bu qaydaya tabe olmaq lazımdır. Mən elə həmin qərar qəbul olunandan dərhal sonra öz üzərimə düşən vəzifəni yerinə yetirdim və burada qeyri-adi heç nə görmürəm. Jurnalistləri narahat edən məsələni - zamanında, yaxud daha tez informasiyaların ötürülməsi məsələsi olduğunu bilirəm. Bununla əlaqədar müvafiq qurumlar jurnalistlərə müvafiq köməkliyi göstərəcəklər. Burada başqa bir problem görmürəm.

- Deməli, siz özünüz də mobil telefonunuzu dəyişməli olubsunuz...

- Bəli, mən dəyişmişəm. Hazırda mən sizinlə 100 manatlıq “Nokia” telefonu ilə danışıram. (gülür)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm