Azərbaycanlı jurnalistlər gürcü nazirlə görüşdü - FOTOLAR
Bizi izləyin

Nida.az

Azərbaycanlı jurnalistlər gürcü nazirlə görüşdü - FOTOLAR

Bu gün Azərbaycan jurnalistlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti Gürcüstana səfərə gəlib.

Publika.az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, müxtəlif kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri səfər çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı və Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyin yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihənin həyata keçirilməsində iştirak edəcəklər. Layihəyə bu gün start verilib.

Azərbaycan jurnalistləri ulu öndər Heydər Əliyevin Tiflisdəki büstünü, sonra Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsini ziyarət ediblər.

Daha sonra isə azərbaycanlı jurnalistlər Gürcüstanın idman və gənclərin işi üzrə naziri Levan Kipiani ilə görüşüblər. Görüşdə nazir Gürcüstan-Azərbaycan arasında olan dostluqdan, hər iki ölkənin idman nazirlikləri arasında həyata keçirəcəkləri bir sıra layihələrdən söhbət açıb.

Levan Kipiani deyib ki, Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin tarixi müstəqillik illərindən sonrakı vaxta təsadüf edir. Gürcü nazir Azərbaycanla əmkdaşlıqdan məmnunluğunu ifadə edib:

"Azad Rəhimovla çox səmimi dostluq münasibətlərimiz var. Mən sizin vasitənizlə Azad Rəhimova da salamlarımı çatdırmağınızı xahiş edirəm".

Sonra "Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihənin rəhbəri, Gürcüstandakı Azərbaycan Mədəniyyət Mərkəzinin şöbə müdüri Nərgiz Әliyeva isə gürcüstanlı nazirə təşəkkür edib. O deyib ki, bu layihənin iki dövlətin münasibətlərinin daha da inkişafında və media körpüsünün yaranmasında böyük rolu var.

Aralarında Publika.az xəbər portalının əməkdaşının da təmsil olunduğu səfər çərçivəsində Azərbaycan jurnalistlərinin Gürcüstan prezidenti ilə də görüşü də gözlənilir.

Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində Azərbaycan jurnalistləri Gürcüstanın mədəni-tarixi abidələri ilə tanış olacaq, ölkənin bir sıra görməli yerlərinə, eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinə səfər edəcəklər.

Onu da bildirək ki, “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə avqustun 4-də başa çatacaq.

Vasif Həsənli - Tiflis

Oxumağa davam et
Reklam
Reklam

Gündəm