Azay Quliyev QHT-lərə müraciət etdi
Bizi izləyin

Nida.az

Azay Quliyev QHT-lərə müraciət etdi

“İşğalçı Ermənistanın təmas xəttində atəşkəsi pozaraq ordumuzun mövqelərinə etdiyi hücumun və törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksəl peşəkarlıqla yerinə yetirir. Ancaq hamımız bilirik ki, müharibə təkcə cəbhə xəttində deyil, eyni zamanda informasiya və diplomatiya sahəsində də aparılır. Buna görə də bu gün bizlər- millət vəkilləri, diplomatlar, siyasi partiyalar, QHT-lər, KİV-lər və bütövlükdə hər birimiz belə bir həssas məqamda məsuliyyətimizi və üzərimizə düşən vəzifəni düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıyıq”.

Publika.az xəbər verir ki, bu fikirləri şəxsi facebook səhifəsində Milli Məclisin deputatı, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yazıb. Deputat bildirib ki, indi ən vacib və təxirə salınmaz addımlardan biri beynəlxalq aləmdə Ermənistanın aqressiv mahiyyətini ifşa etmək və region üçün bu dövlətin ən böyük təhlükə olduğunu göstərməkdən ibarət olmalıdır: “Beynəlxalq qurumlardan aqressorun və işğalçının cəzalandırılmasını tələb etməliyik. Xüsusilə, Azərbaycan XİN-nin Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı verdiyi son bəyanatına bütün vətəndaş cəmiyyəti institutlarının qoşulmasına və onu dəstəkləməsinə ciddi ehtiyac var”.

A. Quliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bəzilərinin verdiyi ənənəvi “narahatıq” bəyanatının qətiyyən qəbul edilməz olduğunu da vurğulayıb: “Minsk Qrupu nəhayət Ermənistanın son addımlarının nə qədər təhlükəli olduğunu anlamalı və heç olmasa bir dəfə də olsun obyektivlik nümayiş etdirərək Ermənistanın atəşkəsi pozmasını və çoxlu sayda insan itkisinə səbəb olan təxribatlarını ciddi şəkildə pisləməlidir.

Belə bir ədalətlı mövqeyi biz eyni zamanda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joa Suareşdən də gözləyirik.

Bu baxımdan informasiya və diplomatiya sahəsində əldə etdiyimiz üstünlüyü qoruyub saxlamaq və daha da gücləndirmək üçün bütün QHT-lər , siyasi partiyalar, mətbuat nümayəndələri, dövlət qurumları və bütövlükdə ictimaiyyət vahid mövqədən çıxış etməli və zəruri hallarda fəaliyyətimizi əlaqələndirməliyik.

Mən, xüsusilə qeyri-hökumət təşkilatlarını bu günlərdə daha fəal olmağa, Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı məlumatları operativ şəkildə beynəlxalq təşkilatlara təqdim etməyə çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm