• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Natiq Miri: “Dağlıq Qarabağ məsələsi Avropa Birliyi və ABŞ üçün prioritet deyil”

  • Nida.az
  • 4 Avqust 2014 13:48
  • 2 351 Baxış
Natiq Miri: “Dağlıq Qarabağ məsələsi Avropa Birliyi və ABŞ üçün prioritet deyil”

Son günlər cəbhə xəttində baş verən hadisələr, Ermənistan Silahlı qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması, düşmən ölkənin kəşfiyyat-diversiya qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstərməsi, yaşayış məntəqələrinin atəşə tutulması rəsmi İrəvanın hansı niyyətdə olduğunu açıq şəkildə ortaya qoydu. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində heç də maraqlı deyil.

Bu barədə Publika.az-a danışan politoloq Natiq Miri deyib:

“Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Ermənistan ATƏT Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır”.

Politoloq bildirib ki, Azərbaycan torpaqlarının işğalının 20 ildən artıq bir müddətdə davam etməsinə və ona qarşı heç bir ciddi ölçü götürülməməsinə baxmayaraq, Ukraynanın ərazisi olan Krımın Rusiya tərəfindən zəbtindən bir neçə gün sonra bu ölkəyə qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları tətbiq olundu. Keçən müddət ərzində sözügedən sanksiyalar dəfələrlə genişləndirilib və daha sərt şəkil alacağı gözlənilir. Bütün bunlar isə beynəlxalq birliyin, dünya güclərinin Dağlıq Qarabağ məsələsinə ögey münasibət sərgiləməsindən xəbər verir. Ukrayna hadisələrinə Rusiyanı cəzalandırmaqla reaksiya verən qərb dövlətləri, beynəlxalq təşkilatlar nədən Dağlıq Qarabağ münaqişəsinin həllində görünməz olurlar?

Natiq Miri hesab edir ki, beynəlxalq birliyin yuxarıda qeyd olunan münaqişələrə ikili yanaşmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin qərb dünyası üçün təhlükəli olmaması ilə bağlıdır: “Ukrayna məsələsi birbaşa dünya güclərinin, xüsusilə də qərb dünyasının, ABŞ-ın və onun müttəfiqi olan Avropa Birliyinin təhlükəsizlik məsələsi olduğu üçün onlar dərhal hərəkətə keçdilər. Çünki İkinci Dünya müharibəsindən sonra bir ölkənin açıq olaraq başqa bir ölkəni işğal etməsi faktı baş verməmişdir. Doğrudur, bu cür faktlar var ortada, ancaq Ukrayna strateji ölkə olduğu üçün Qərb bu məsələyə dərhal reaksiya verdi. Çünki Ukrayna birbaşa Avropa məkanı ilə, Avropa ölkələri ilə həmsərhəddir. Rusiya tərəfindən Ukraynanın işğalı faktiki olaraq Avropanın özü üçün, Qərb üçün real təhlükə deməkdir. Ukraynanın təhlükəsizlik məsələsi birbaşa Avropa Birliyinin təhlükəsizliyini təhdid edir. Ona görə də dərhal Avropa Birliyi və ABŞ hərəkətə keçdi”.

Politoloq hesab edir ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsinə diqqət ayırması üçün Azərbaycan tərəfi hazırkı siyasi vəziyyətdən istifadə edib Dağlıq Qarabağda hərbi əməliyyatları başlamalıdır: “Dağlıq Qarabağ da faktiki olaraq 20 ildən artıqdır ki, işğal olunub. Hətta bu işğal faktını təsdiqləməkdə dünya birliyi müəyyən çətinliklərlə üzləşir. Bu ikili standartın bariz nümunəsidir. Buna görə də bu faktordan istifadə edərək Azərbaycan bütün dünya birliyini, xüsusilə də mötəbər beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıdır ki, Ukrayna ilə Azərbaycana münasibət, yanaşma eyni olsun. Hətta nəyinki Kırımla, nəyinki Ukrayna ilə, heç Gürcüstanla da Azərbaycana olan münasibət eyni deyil. Çünki Gürcüstanın işğal olunmuş ərazilərinə dünya birliyinin münasibəti birmənalıdır. Bütün dünya birliyi rus qoşununun Gürcüstanın işğal olunmuş ərazilərindən çəkilməsini istəyir. Ancaq Dağlıq Qarabağ məsələsində biz dünya birliyinin, beynəlxalq təşkilatların fərqli bir mövqeyinin, ögey münasibətinin şahidi oluruq. Ona görə də mənə elə gəlir ki, Azərbaycan dövləti bu məsələni çox ciddi şəkildə beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. Eyni zamanda Azərbaycan işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlayaraq indiki şəraitdə bir neçə kəndini azad etməlidir. Çünki bu Azərbaycan dövlətinin hüquqlarıdır. Bizim tam haqqımız var ki, anti-terror əməluiyyatlarına başlamaqla öz torpaqlarımızı azad edək. Hərbi əməliyyatların başlanması, bir neçə kəndin işğaldan azad olunması dünya birliyini hərəkətə keçirəcək, artıq onlar narahat olmağa başlayacaqlar. Bütün bunlar da sonra Dağlıq Qarabağ probleminin çözümü üçün çox vacibdir. Azərbaycanın hərbi əməliyyatlara başlaması beynəlxalq birliyi masa arxasında oturub problemi həll etməyə vadar edəcək.

Bu ikili yanaşmanın səbəbi nə Azərbaycana bəslənən ögey münasibətdən, nə də Ermənistana olan sevgidən irəli gəlir. Sadəcə Dağlıq Qarabağ məsələsi nə Avropa Birliyi, nə də ABŞ üçün prioritet deyil, amma Ukrayna məsələsi beynəlxalq güclər üçün prioritet bir məsələ idi. Çünki bu açıq şəkildə Avropa məkanını təhdid edən hadisə idi. Təbii ki, NATO-da buna imkan verə bilməzdi. Ancaq bu gün Dağlıq Qarabağ məsələsi ABŞ və Avropa Birliyi üçün təhlükə deyil. Ona görə də bu gün dünyanı sirkələmək lazımdır ki, bu məsələ dünya dövlətləri üçün prioritetə çevrilsin”.

Hikmət Kərimoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR