Rəsul Quliyevin yeni partiyası təsis edildi
Bizi izləyin

Nida.az

Rəsul Quliyevin yeni partiyası təsis edildi


Gələcək Azərbaycan Partiyası (GAP) təsis konfransı keçirib. Publika.Az xəbər verir ki, yeni partiyanın Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu çıxış edərək bildirib ki, onların əsas məqsədi iqtidara gəlməkdir. O iddia edib ki, GAP ölkədə növbəti iqtidar olacaq və məhz bunun üçün yaradılıb: “Biz müxalifətdə qalıb müxalifətlə vuruşmaq fikrimiz yoxdur. Məqsədimiz iqtidardır və bütün sivil yollardan istifadə edərək məqsədimizə çatmağa çalışacağıq. Bu günki müxalifət partiyaları 20 ildir eyni yerdədirlər və onların fəaliyyətinin nəticəsi göz qabağındadır. Biz isə fərqli taktika seçəcəyik, əsasən gənclərlə işləyəcəyik. Artıq universitetlərdə tələbələrlə işləməyə başlamışıq. İlkin məqsədimiz odur ki, 2015-ci ilə qədər ən çox üzvü olan partiyaya çevrilək”.

O, GAP-ın Rəsul Quliyev və digərləri ilə bağlayanlara da cavab verib. Bildirib ki, bu yanlış yanaşmadır və heç bir əlaqəsi yoxdur: “Nə Əli İnsanov, nə Rəsul Quliyev, nə də Hüseyn Abdullayev GAP-da təmsil olunmur. əvvəl də dediyimiz kimi, əgər onlardan kimsə bizimlə mübarizə aparmaq istəyində olarsa bunu müzakirə edə bilərik, lakin indiki halda GAP burda oturan şəxslərin (konfransda olanları nəzərdə tutur-red) təsisçisi olduğu partiyadır. Təbii ki, biz Rəsul Quliyevin öz ölkəsinə qayıtmasını, Əli Həsənovun həbsxanada qalmamasını istəyirik və bunu fəaliyyətimizdə nəzərə alacağıq. Lakin bu, onların GAP-ı yaratması deyil”. O, adı çəkilən bu şəxslərin heç biri ilə danışıq aparmadıqlarını deyib.

A. Şakiroğlu partiyanın maliyyə mənbəyini də açıqlayıb. Bildirib ki, əsas maliyyə mənbəyi üzvlük haqqı olacaq və əlavə maliyyə mənbəyi yoxdur.

Təşkilat Komitəsinin üzvü Ağa Abdullaoğlu isə bildirib ki, ölkənin 11-dən çox rayonunda təşkilat komitəsi yaradılıb. O, fevral ayında partiyanın qurultayının keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, GAP əvvəlcə “Yeni Nəfəs” adı ilə gündəmə gəldi, lakin sonradan indiki ad uyğun görüldü. Əvvəldən bu partiyanı Rəsul Quliyev, Əli İnsanov və Hüseyn Abdullayev yaratdığı deyilir. Bu ehtimalın güclənməsinə səbəblərdən biri də A. Şakiroğlunun R. Quliyevin Azərbaycanda səlahiyyətli nümayəndəsi olmasıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm