"Kənardan digər dini cərəyanların gəlməsinin qarşısını almalı idi "
Bizi izləyin

Nida.az

"Kənardan digər dini cərəyanların gəlməsinin qarşısını almalı idi "

-Cihad haqqında fətvanı ancaq Peyğəmbər əleyhisəllam verə bilər. İmamlar belə bu məsələdə fətva verməkdən qaçıblar. İnsanları cihada dəvət etmək o qədər də asan məsələ deyil. Dini ancaq şəhidlik məktəbi kimi təqdim edirlər, halbuki din bizi nəfsimizə qali

Tahir Abbaslı: “Qafqaz Müsəlmanları İdarəsi uzun müddət gözləmə mövqeyi tutub"

Publika.Az a müsahibəsində ilahiyyatçı Tahir Abbaslı Qafqaz Müsəlmanları İdarəsi Suriyada döyüşən azərbaycanlılarla bağlı verdiyi fətva, Suriyaya döyüşməyə gedən azərbaycanlılar, cəmiyyətin dini baxımdan maarifləndirilməsi və digər məsələlərlə bağlı sualları cavablandırıb.

-Suriyaya döyüşməyə gedənlər cihada getdiyini iddia edirlər. Bu barədə siz necə düşünürsünüz?

-Cihad haqqında fətvanı ancaq Peyğəmbər əleyhisəllam verə bilər. İmamlar belə bu məsələdə fətva verməkdən qaçıblar. İnsanları cihada dəvət etmək o qədər də asan məsələ deyil. Dini ancaq şəhidlik məktəbi kimi təqdim edirlər, halbuki din bizi nəfsimizə qalib gəlməyə, sülhsevər olmağa dəvət edir. Bu məsələdə tələskənliyə yol vermək olmaz.

-Qafqaz Müsəlmanları İdarəsi verdiyi fətva ilə bağlı fikirləriniz necədir?

- Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatı olsa da, dini mövzuda bir çox məsələləri üzərinə götürüb. Baxmayaraq ki, bir çox məsələlərdə geçikib. Cəmiyətin içərisində olaraq onların dini çağırışlarına əksər hallarda münasibət bildirilməyib. İndiyə kimi dinlə bağlı aparılan siyasətdə ciddi nöqsanlar var. Amma bütün bunlara baxmayaraq verilən fətvaya münasibətimiz normaldır.

-Söhbət hansı nöqsanlardan gedir?

-Azərbaycan geostrateji bir məkanda yerləşir. Ölkəmizdə müxtəlif ölkələrin müxtəlif dini məqsədləri var. Ayıq olmaq lazımdır ki, vətəndaşlarımız özbaşına qərar verməsinlər. Azərbaycan xalqı ya dinə qarşı çıxmalı, ya da dinlə hərəkət etməlidir. Çatışmazlıq isə ondan ibarətdir ki, zamanın və cəmiyyətin nəbzini tuta bilməyiblər. Bunun nəticəsində də cəmiyyət özbaşına qərarlar qəbul etməyə, özünə yad olan məsələlərə meyllənməyə gətirib çıxarır. Bu məsələlərdə insanları dini bilgilərin olmaması, maddi vəziyyəti də müəyyən rol oynadı. Bu müddətdə isə Qafqaz Müsəlmanları İdarəsi gözləmə mövqeyi tutub. Halbuki Suriyada vətəndaş müharibəsi indi başlamayıb. Ondan daha əvvəl başlayan Misir və Liviya hadisələrindən nəticə çıxarılmalı idi. Təəssüf ki, bu məsələlərdə tolerantlıq adı ilə biganəlik özünü göstərdi.

-Qeyd etdiniz ki, azərbaycanlıların Suriyaya getməsi məsələsi uzun müddətdir ki, gündəmdədir. Məsələyə indiki şəkildə reaksiya verilməsi nə ilə bağlıdır? Vəziyyət çoxmu ciddidir?

-Məsələnin ciddiliyi neçə vaxtdır ki, özünü göstərir. “Meşə Qardaşları”, Sumqayıtdakı atışmalar və sair. İndi reaksiya isə Suriya böhranın uzanması ilə ortaya çıxdı. Artıq tam şəkildə ortaya çıxdı ki, Suriyada hansı oyunçular var və məqsədləri nədir. Bu baxımdan da Azərbaycan dövləti məsələyə ciddi şəkildə reaksiya verməyə bilməzdi. İnsanların kifayət qədər dini bilgilərin olmaması dövlətdən ciddi düşünməyi tələb edir. Güclü dövlətlər Azərbaycan kimi ölkələri zəiflətmək üçün istənilən vasitələrdən istifadə edir. İstər müxalif partiyalar, istərsə də müxalif təvəkkürlü insanlardan.

-Suriyada gedənlərin əksər hallarda məscidlərdən göndərildiyi bildirilir. Düşünmək olarmı ki, məscidlərdə nəzarət zəifdir?

-Suriyaya gedənlərin məscidlərdən göndərildiyi barədə qəti fikir söyləyə bilmərəm. Amma təhlillərimiz onu göstərir ki, hər şey ibtidaidən başlanır. İnsanlar hansı məktəbə qədəm qoyurlarsa, onun təsiri altından çıxa bilmirlər. Məscidlər də insanların toplandığı yerdir və istisna deyil ki, insanların fikirlərinə orada da təsir göstərilir. Amma onu da qeyd etmək lazımdır ki, insanları yalnız dəvət etməklə bu olmur. İnsanların özlərində də müəyyən əməllərə meyllik var. Onların çərçivədən kənara çıxmaması üçün dini olduğu kimi təqdim etmək lazımdır. Din insanların üzərinə vəzifə qoyur ki, yetişdiyi cəmiyyətin qaydalarına tabe olsun.

-İnsanlara dinin düzgün çatdırılmamasının günahı kimlərdədir və yaxud nə ilə bağlıdır?

-Din dövlət səviyyəsində əhəmiyyət kəsb edən bir məsələdir. Bəzən Türkiyə və İranda belə fikirlər səsləndirilir ki, Azərbaycanın hansı məzhəbə qulluq etdiyi bilinmir. Bu baxımdan da dövlət kənardan digər məzhəblərin gəlməsinin qarşısını almalı idi və bu məsələ həssas bir dövrdə yaşadığımız üçün indi daha da aktualdır. Azərbaycan din məsələsində özünün sağlamlığını qorusa, bir çox məsələlərdən yan keçə bilər. Bu həmçinin kənar qüvvələrin də Azərbaycanın indiki durumuna təsir imkanlarına azaldar.

-Bu gün ilahiyyatçılarımızdan biri belə bir fikir səsləndirdi ki, sələfi-şiə qarşıdurması fonunda Azərbaycan əslində İran-Səudiyyə Ərəbistanı qarşıdurması poliqonuna çevrilib. Bu fikirlər razısınızmı?

-Demək istəməzdim ki, bu həm də İran-Səudiyyə Ərəbistanı qarşıdurmasıdır. Onu da nəzərdən qaçırmaq olmaz ki, bu qarşıdurmanın arxasında güclü maddiyyat dayanıb. Söhbət həm də ondan gedir ki, bu məsələlərdə müsəlman dünyasını xarabazara çevirmək istəyən xarici qüvvələrin marağı var. Belə bir qarşıdurmanın olması ehtimalı da var. Amma söhbət ondan gedir ki, bu problemin öhdəsindən gəlmək üçün Azərbaycan xalqı və dövləti nə edir? Səudiyyə Ərəbistanın Azərbaycan xalqının təvəkkürünə təsir etmək imkanları çox zəifdir.

-Az öncə qeyd etdik ki, Suriyayakı müharibəyə azərbaycanlıların getməsində məscidlərin rolu xüsusi qabardılır. Mətbuatda Aşurbəy məscidinin də adı hallanır və onun bağlanmasının vacibliyi qeyd olunur…

-Əgər bir məsciddən ibadət üçün deyil, başqa məqsədlər üçün istifadə olunursa, onun fəaliyyəti dayandırıla, sökülə də bilər. Amma məcsidin başlanılması və yaxud da sökülməsi çıxış yolu deyil. Məsələnin həlli nöqsanlara doğru yola tanıtdırmaqdadır, insanları doğru düşündürməyə meylləndirməkdədir. Bu məsələdə bir məscidin üzərinə düşmək problemin həlli deyil. Daha yaxşı olardı ki, məscidlərin fəaliyyəti nəzarətə götürülsün.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm