Akademik Ramiz Mehdiyevin əsəri Litva dilinə tərcümə edilib
Bizi izləyin

Nida.az

Akademik Ramiz Mehdiyevin əsəri Litva dilinə tərcümə edilib

Görkəmli ictimai və dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" adlı tarixi oçerki diasporumuzun xətti ilə Litva dilində yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə bu ilin 27 və 29 yanvar tarixlərində Litvanın populyar www.slaptai.lt portalında "Azerbaidžaniečių genocido realijos" başlığı altında dərc olunub. Əsər litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərəfindən tərcümə edilib. Tərcüməçi tərəfindən yazılmış giriş məqaləsində Litva oxucularına akademik R.Mehdiyevin həyat və yaradıcılığı haqqında məlumatlar da təqdim olunub.

Qeyd edək ki, akademik R.Mehdiyev 2000-ci ildə yazdığı bu əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi köklərini dərindən araşdıraraq üzə çıxarıb, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı amillərini və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparıb.

Litva Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə, əsərlə tanış olan litvalı siyasət adamları və tarixçilər akademik R.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" kitabını 20 Yanvar qırğını tarixinin dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış bu əsər digər elmi-tarixi məziyyətlərlə yanaşı, Azərbaycan tarixinin, həm də ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir.

Xatırladaq ki, Litva xalqı azadlığa gedən yolda dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün nə olduğunu öz təcrübəsi ilə bilir. Belə ki, 20 yanvar Bakı hadisələrindən bir il sonra - 13 yanvar 1991-ci ildə litvalılar Vilnüs qanlı hadisələrini yaşayıblar. Buna baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixi və geosiyasi planda belə yığcam şəkildə və dərin məzmunlu formada təhlil edib açıqlayan əsər yox idi. Buna görə də akademik R.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" əsərinin litva dilinə tərcümə edilib dərc olunması Litvada azərbaycanşünaslığın irəliləyişi üçün verilmiş əhəmiyyətli bir töhfədir.

Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik R.Mehdiyevin göstərilən əsəri ilə litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyini daha yaxından başa düşəcək və Azərbaycan-Ermənistan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də hazırda gedən mürəkkəb proseslərin əsil səbəblərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər.

Litva ictimaiyyətinin marağını nəzərə alaraq, yaxın zamanlarda kitabın tam şəkildə litva dilində nəşr edilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm