• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Soçi görüşü Rusiyanın strateji hədəflərini açıb ortaya qoyacaq”

  • Nida.az
  • 6 Avqust 2014 14:05
  • 942 Baxış
“Soçi görüşü Rusiyanın strateji hədəflərini açıb ortaya qoyacaq”

Elçin Mirzəbəyli: “Hazırda Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarının və ərazi bütövlüyünün bərpası üçün müəyyən imkanlar yaranıb”

İstər Rusiyanın, istərsə də ATƏT-in Misk qrupuna həmsədrlik edən digər dövlətlərin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərdə indiyədək heç bir uğurlu nəticə əldə olunmayıb. Buna baxmayaraq, Soçi görüşündə Rusiyanın qismən ədalətli mövqe nümayiş etdirəcəyi və Ermənistana təzyiq göstərə biləcəyi ehtimalı da yox deyil.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətinə açıqlamasında partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli təmsil etdiyi partiyanın hələ 2008-ci ildə Dağlıq Qarabağ probleminin tənzimlənməsilə bağlı aparılan danışıqlar prosesində Rusiyanın vasitəçi deyil, tərəf olduğunu açıqladığını bildirib: “Biz artıq 10 ildən çoxdur ki, danışıqların Rusiya ilə aparılmağının vacibliyini vurğulayırıq. Doğrudur, son 2 ildə hətta Rusiyanın siyasi layihələrində iştirak etmək üçün növbəyə dayanan dairələr bu məsələ ilə bağlı fikirlərimizi məqsədyönlü şəkildə yanlış istiqamətə yozmağa və haqqımızda böhtan xarakterli məlumatlar yaymağa cəhd göstərdilər. Amma dünyada və regionda baş verən hadisələr bizim haqlı olduğumuzu sübuta yetirdi”.

BAXCP təmsilçisinin qənaətinə görə, hazırda Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarının və ərazi bütövlüyünün bərpası üçün müəyyən imkanlar yaranıb: “Soçi görüşü bu imkanların nə qədər real olduğunu, eləcə də Rusiyanın strateji hədəflərinin əsl mahiyyətini açıb ortaya qoyacaq. Biz yenə də hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mövcud şəraitdə Rusiyanın maraqlarına da cavab verir. Əgər Moskva yaranmış imkandan istifadə edib ədalətli mövqe nümayiş etdirərsə, şübhəsiz ki, Azərbaycan da öz növbəsində Rusiyanın müəyyən maraqlarını nəzərə ala bilər. Daha öncə də bəyan etdiyimiz kimi, əgər Rusiya işğala son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində real addımlar atarsa, o zaman ölkəmizin gələcəkdə Avrasiya İqtisadi İttifaqında təmsil olunmasında da bir problem görmürük”.

Elçin Mirzəbəyli cəbhə bölgəsində baş verən son hadisələr müstəvisində BAXCP-nin ordu quruculuğu ilə bağlı mövqeyinə də bir daha aydınlıq gətirib: “Azərbaycan ordusunun peşəkarlardan təşkil edilməsi ilə bağlı təklifləri 2003-cü ildən etibarən səsləndiririk. Bu məsələ həmin dövrdə BAXCP sədri Qüdrət Həsənquliyevin seçki platformasında da yer almışdı. Hesab edirik ki, peşəkar ordu quruculuğu istiqamətində təcili və təxirəsalınmaz addımlar atılmalı, yaxın zaman ərzində Azərbaycan ordusunun ən azı yarısı peşəkar hərbçilərdən təşkil edilməlidir. Azərbaycan qanunvericiliyi xarici ölkələrdən də hərbçilərin bu prosesə cəlb edilməsinə imkan verir. Müxtəlif dövlətlərdən müasir hərbi texnika, silah-sursat aldığımız nəzərə alınarsa bu məsələyə də xüsusi diqqət yetirilməlidir. Peşəkar ordu həm də Azərbaycanın son illər ərzində əldə etdiyi müasir hərbi texnikaya peşəkar xidmət və bu texnikadan daha səmərəli, daha çevik istifadə deməkdir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR