“Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik” - Prezident İlham Əliyev
Bizi izləyin

Nida.az

“Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik” - Prezident İlham Əliyev

“Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər”

“Bu gün təmas xəttində vəziyyətlə tanış oluram. Müdafiə Nazirliyi müntəzəm olaraq operativ məlumat verir. Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib”.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdama səfəri zamanı keçirdiyi müşavirədə bildirib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər.

“Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni biz icra edə bilərik.

Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir”.

Ali Baş Komandan diqqətə çatdırıb ki, bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər.

“Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilibdir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər.

Bu gün təmas xəttində olarkən son günlər ərzində baş vermiş hadisələri də yada salırıq. Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim bölgələrimizə hücum etmişlər. Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ail,ələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdir və bu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları təltif etmişəm. Göstərdiyiniz cəsarətə görə, peşəkarlığa görə sizə Azərbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə icra edəcəksiniz.

Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin – işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər”.

İlham Əliyev daha sonra qeyd edib ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır.

“Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşmüşdür. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq”.

Prezident bildirib ki, bu gün ölkəmizin iqtisadi, siyasi potensialı Ermənistandan qat-qat artıqdır, üstündür. Son illər ordu quruculuğu sahəsində görülən işlər nəticəsində biz hərbi üstünlüyü də əldə etmişik və öz potensialımızı getdikcə daha da artıracağıq.

“Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tarixi, əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son həftə ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq. Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır. Onsuz da son illər ərzində Ermənistanı orta hesabla ildə 70-80 min vətəndaş həmişəlik tərk edirdi. Ancaq son günlər ərzində bu köç daha da güclü olmuşdur. Yəni onlar bizdən qorxurlar, panikadadırlar. Özləri etiraf edirlər ki, xarici yardım olmadan Ermənistanın müstəqilliyini saxlaya bilməzlər. Açıq şəkildə etiraf edirlər ki, xarici qüvvələrə güvənirlər. Biz isə öz xalqımıza, öz gücümüzə güvənirik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik. Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir. Siz ordumuzun inkişafında böyük xidmətlər göstərmisiniz. Bizim, əlbəttə, bütün hərbi hissələrimizdə xidmət edən əsgər, gizir və zabitlər çox böyük qiymətə layiqdirlər. Ancaq sizin əməliyyatlarınızın, xüsusi təyinatlı bölmələrdə xidmət edən əsgər və zabitlərimizin xüsusi xidməti vardır. Siz hər an öz həyatınızı risk altına salırsınız, böyük qəhrəmanlıq göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və istəyirəm Azərbaycan xalqı da bilsin ki, bizim necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var”-deyə prezident bildirib.

Ölkə başçısı daha sonra vurğulayıb: “Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan edirlər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır.

Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

Mən hərbi hissələrdə tez-tez oluram. Təmas xəttində də, bu bölgədə də, digər mövqelərdə də olmuşam. Bir daha demək istəyirəm ki, mənə operativ məlumat verilir. Ancaq bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Sizi şərəfli xidmətinizdə bir daha salamlayıram və sizə bu şərəfli işdə yeni uğurlar arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm