• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycan daxili işlərinə kənar müdaxilələri qəbul etmir və etməyəcək

  • Nida.az
  • 7 Avqust 2014 14:18
  • 359 Baxış
Azərbaycan daxili işlərinə kənar müdaxilələri qəbul etmir və etməyəcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibə verib. Publika.az müsahibəni təqdim edir.

- Əli müəllim, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Füle, eyni zamanda, bəzi xarici hüquq-müdafiə təşkilatları növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması iddiası ilə çıxış ediblər. Onların bu fikirlərinə münasibətinizi bilmək istərdik.

- Azərbaycan sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, bütün əsas fundamental insan haqlarının, demokratik azadlıqların təmin olunduğu hüquqi dövlətdir. Respublikada siyasi plüralizm və vətəndaş cəmiyyəti formalaşmış, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və müstəqil medianın fəaliyyəti üçün bütün lazımi şərait təmin edilib. Bu sahələrin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Azərbaycan hazırda demokratik təsisatların kəmiyyət və keyfiyyət göstəricilərinə, inkişaf səviyyəsinə, tam sərbəst və səmərəli fəaliyyətlərinin təminatına görə regionda və MDB məkanında ən öncül ölkə hesab olunur. Ölkədə azad cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm nailiyyətlər hakimiyyətin siyasi iradəsinin, bu məsələdə qətiyyətli və prinsipial mövqeyinin əyani təzahürüdür.

Məlum olduğu kimi, demokratik inkişafın başlıca tələblərindən biri də qanunun aliliyinin, sosial statusundan və fəaliyyət sahəsindən asılı olmayaraq, bütün vətəndaşların cəmiyyət və qanunlar qarşısındakı bərabər məsuliyyətinin təmin edilməsindən ibarətdir. Beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycanın qanunvericiliyi də daim demokratik standartlara uyğunlaşdırılır və tətbiq olunur. Avropa İttifaqına və Avropa Şurasına üzv dövlətlərdə olduğu kimi, Azərbaycanda da hər bir şəxs, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkə qanunlarına hörmətlə yanaşmağa, onun tələblərinə riayət etməyə borcludurlar. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin məlum bəyanatında "məşhur" elan edilmiş, habelə müxtəlif xarici təşkilatların açıqlamalarında adları keçən, amma ölkəmizdə geniş ictimaiyyətə tanış olmayan şəxslər konkret cinayət əməllərində şübhəli bilinərək aidiyyəti orqanlar tərəfindən həbs olunmuş və onların müəyyən müddətə saxlanılması barədə məhkəmələr tərəfindən müvafiq qərarlar verilib. Yalnız istintaq və məhkəmə araşdırması onların günahkar olub-olmadığına aydınlıq gətirə bilər. Buna görə də, hesab edirəm ki, həmin dairələrin bəzi maraqlı yerli antimilli qrupların "operativ" donoslarına əsaslanan tələsik, növbətçi bəyanatları subyektiv mülahizələrdən ibarətdir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır, habelə istintaqa və məhkəmələrə təzyiq məqsədi güdür. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinə, "Amnesty İnternational", "Human Rights Watch" və digər bu kimi təşkilatlara məsləhət görərdik ki, Azərbaycana qarşı selektiv, tendensiyalı münasibətə, ikili standartlar siyasətinə son qoysunlar.

Azərbaycan ictimaiyyəti nüfuzlu beynəlxalq qurumlardan, insan haqları sahəsində fəaliyyət göstərən xarici təşkilatlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı əməli yardım gözləyir. Bir neçə gün öncə işğalçı Ermənistanın kəşfiyyat-təxribat qruplarının total basqını nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulmuş, çoxlu sayda hərbçi və dinc insan həlak olmuş, genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması təhlükəsi yaranmışdır. Bu gün vətəndaşlarımız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə - öz torpaqlarına sərbəst gedə bilmir və yaxud ermənilər tərəfindən girov götürülərək işgəncəyə məruz qalır, qəddarcasına öldürülürlər. Sərhəddə və cəbhə xəttində sakinlər daim atəşə tutulur, çox təhlükəli şəraitdə yaşamağa məhkumdurlar. Son günlərdə əsgərlərlə yanaşı, məktəb yaşlı iki uşaq da erməni snayperləri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Təəssüf ki, Azərbaycanda ən müxtəlif məsələlərlə bağlı ardıcıl və bir qayda olaraq qərəzli bəyanatlar səsləndirən Avropa rəsmiləri, bəzi xarici hüquq-müdafiə təşkilatları bu reallıqları nəinki görmək istəmir, bir milyondan artıq azərbaycanlının elementar insan haqlarının neçə illərdir ki, kobudcasına tapdanması faktını da qulaqardına vururlar.

Onu da qeyd etmək istərdim ki, bu gün ATƏT məkanında, hətta Avropanın aparıcı ölkələrində də insan hüquq və azadlıqlarının kobud şəkildə məhdudlaşdırılması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Görünür, adı çəkilən qurumların rəsmilərinə bu həqiqətlər barədə danışmaq, onları etiraf etmək sadəcə sərf etmir.

Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və bundan sonra da etməyəcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR