Deputat açıqladı: “Ermənilərin bazaları dağıdıldı”
Bizi izləyin

Nida.az

Deputat açıqladı: “Ermənilərin bazaları dağıdıldı”

Suallarımıza Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev cavab verib. Millət vəkili, əsasən, erməni silahlı qüvvələrinin cəbhədə vəziyyəti gərginləşdirməsindən, Azərbaycan ordusunun cavab addımlarından, itkilərdən, düşmənin hərəkətlərindən, prezidentlərin Soçidə aparacağı müzakirələrdən, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfərindən, beynəlxalq qurumların reaksiyalarından, müharibə ehtimallarından və sülh imkanlarından danışıb.

- Musa müəllim, cəbhədəki mürəkkəb durumu, Azərbaycan ordusunun addımlarını necə qiymətləndirirsiniz?
- 1994-cü ilin mayında atəşkəs elan olunsa da, ermənilər vaxtaşırı atəşkəs rejimini pozurdu. İyulun sonu, avqustun əvvəllərində isə atəşkəs daha şiddətli şəkildə pozuldu və hətta “mini müharibə” vəziyyətinə çatdı. Ermənilər tərəfindən atəşkəsin bu cür kəskin pozulması, bütün cəbhə boyu postlarımıza hücum etməsi göstərir ki, bu prosesin arxasında siyasi qüvvə və siyasi maraq var. Başqa sözlə, bu heç də Ermənistanın özünün iradəsi ilə bağlı məsələ deyil. Ola bilsin ki, atəşkəsin pozulması həm də Azərbaycan ordusunun hərbi gücünü və sayıqlığını yoxlamaq məqsədilə edilib. Hər halda onlar layiqli cavabını aldılar, geri çəkilməyə məcbur oldular.

- Konkret nəyi nəzərdə tutursunuz?
- Külli miqdarda insan, texnika itkisinə yol verdilər. Bir neçə yerdə bazaları dağıdıldı. Azərbaycan ordusu özünün üstünlüyünü təkcə ermənilərə deyil, həm də onların havadarlarına göstərdi. Dünyaya sübut etdi ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və qısa müddətə qarşısına qoyulan hərbi vəzifələri yerinə yetirməyə qadirdir. Baxmayaraq ki, biz cəbhədə şəhidlər verdik, ancaq Azərbaycan xalqını bu döyüşlər bir daha birləşdirdi və Qarabağ uğrunda mübarizə üçün ayağa qaldırdı. Azərbaycan hər yerində yaşayan və sosial kateqoriyasından, yaşından, vəzifəsindən asılı olmayaraq hamı ali baş komandanın ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Eyni zamanda ordu-xalq, ordu-dövlət birliyi özünü göstərdi. Bir daha göründü ki, bu birlik hər şeyə qadirdir.

- Prezident İlham Əliyevin bu gərgin situasiyada cəbhə bölgəsinə səfər etməsi necə qiymətləndirilə bilər?
- Cənab Prezidentin Ağdama səfər etməsi, orada hərbçilər, yerli sakinlərlə, şəhid ailələri və məcburi köçkünlərlə görüşməsi, habelə cəbhədə fərqlənən hərbçiləri mükafatlandırması, hərbi rəhbərliklə müşavirə keçirib tapşırıqlarını verməsi son hadisələrin kuliminasiya nöqtəsi hesab oluna bilər. Artıq bu məsələ beynəlxalq mediada ciddi müzakirə edilir. Azərbaycan prezidentinin dərhal cəbhəyə səfər etməsi, hərbçilərlə görüşməsi, müəyyən tapşırıqlar verməsi, ordumuzun qüdrəti olması medianın əsas diqqətində olan məqamlardır.

- Atəşkəsin pozulması erməni cəmiyyətini narahat etdimi, yoxsa onlar bunu gözləyirdi?
- Atəşkəsin bu şəkildə pozulması erməni ictimaiyyətinin özünü də ciddi şəkildə narahat etdi. Baxmayaraq ki, ilkin günlərdə erməni siyasi-hərbi rəhbərliyi itkilərin sayını gizlətməyə çalışdı, ancaq bu mümkün olmadı. Sonda onlar vaxtaşırı itkilərin artdığını etiraf etməyə məcbur oldular. Artıq erməni ictimaiyyəti bilir ki, Ermənistanın indiki rəhbərliyi ilə onlara rahatçılıq yoxdur. Digər tərəfdən, Ermənistanın rəsmiləri ziddiyyətli bəyanatlar verirlər. Faktiki olaraq müdafiə naziri bir, baş nazir bir, prezident isə başqa bir bəyanat verir. Bu göstərir ki, Ermənistanda hərbi və siyasi birlik ciddi formada pozulub. Onu da deyim ki, artıq Ermənistanda Soçi görüşü ilə bağlı müxtəlif fikirlər ortaya atılır. Bu da göstərir ki, ermənilərin indiki rəhbərliyinə heç bir ümidi qalmayıb.

- Cəbhədə baş verən son gərginlikdən sonra, deyə bilərikmi ki, Soçidə keçiriləcək görüşə Azərbaycan üstün tərəf kimi gedir?
- Azərbaycan, ümumiyyətlə, bütün görüşlərə üstün tərəf kimi gedib. Bu son illər özünü açıq göstərir. Həm də Azərbaycan atəşkəs rejiminə hər zaman əməl edib, atəşkəsin pozulmaması haqda öhdəliklərə hörmətlə yanaşıb və ATƏT-in Minsk qrupunun ortaya qoyduğu real layihələri qəbul edib. Yəni BMT-nin qəbul etdiyi dörd qətnamənin həllini Azərbaycan həmişə tələb edib. Ölkəmiz həm də özünün ərazi bütövlüyü çərçivəsində bu münaqişənin həllini istəyib. Eləcə də, Azərbaycan Dağlıq Qarabağdakı erməni vətəndaşlarına digər vətəndaşları kimi bərabər hüquq və imkanlar yaradacağını öz üzərinə götürüb. Bundan artıq ermənilərin istəyə biləcəyi bir şey yoxdur. Bundan artıq istəyəcəkləri şübhəsiz ki, sülh danışıqlarının predmeti deyil. Azərbaycan həmişə sülh tərəfində olub, sülh danışıqlarında yaxından iştirak edib. Bu son hadisələr, xüsusilə Prezidentin cəbhədə “biz bu məsələni istər sülh, istərsə də hərb yolu ilə həllinə qadirik” bəyanatı birbaşa Soçi görüşü ərəfəsində ciddi mövqe idi.

- Hazırda regionda müharibənin alovlanması üçün beynəlxalq şərait varmı?
- Son 25 ildə müharibə ehtimalı hər zaman olub. Elə indi də müharibə ehtimalı var. Azərbaycan bu müharibəni qələbə ilə başa vuracaq. Beynəlxalq ictimaiyyət artıq Azərbaycanın tərəfindədir. Beynəlxalq ictimaiyyət, bu problemlə məşğul olan mütəxəssislər bilirlər ki, Azərbaycan sülh danışıqlarına hər zaman hazır olub, danışıqlarda fəal iştirak edib, eləcə də, Madrid prinsipləri və digər təklifləri dəstəkləyib. Həmçinin bu gün ermənilər atəşkəsi bütün cəbhə boyu pozurlarsa, hətta konflikt zonasından kənar olan Tovuz, Qazax və Naxçıvan istiqamətində atəş açırsa, Azərbaycanın sərhəd toxunulmazlığına qəsd edirsə, Azərbaycan dövlətinin bu problemi başqa vasitələrlə həll etmək imkanı var. Bu saat həm Ermənistanda, həm də onun himayədarı rolunda çıxış edən Rusiyanın özündə ciddi problemlər var. Xüsusilə, beynəlxalq ictimaiyyət tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, əslində Ermənistana çoxdan tətbiq edilməli idi. Ancaq bu embarqolar Ermənistana tətbiq edilməsə də, Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistana da öz təsirini göstərəcək. Bu mənada bəlkə də Ermənistan Soçi və ya ondan sonrakı görüşlər zamanı sülh danışıqlarına gəlməyə məcbur olacaq. Proseslər bunu göstərir.

- Ermənistan parlamentinin “Respublikaçılar”, “Çiçəklənən Ermənistan”, “Erməni Milli Konqresi”, “Orinats Yerkir”. “Daşnaksütyun” və “İrs” fraksiyaları Azərbaycana qarşı birgə bəyanat imzalayıb. Necə düşünürsünüz, Milli Məclisdə olan müxalifət partiyalarının belə bir bəyanat verməsinə ehtiyac varmı?
- Bu saat bizdə bu tip bəyanatlara ehtiyac yoxdur. Əgər Azərbaycan müharibə şəraitinə keçərsə və ölkədə fövqəladə və ya hərbi vəziyyət elan olunarsa, bu zaman siyasi partiyalar fəaliyyətini dayandırmaq və ya fövqəladə vəziyyətə uyğun fəaliyyət göstərmələri haqda qərarlarını bildirəcəklər. Ancaq bu gün belə bir bəyanata ehtiyac görmürəm. Onsuz da Qarabağ məsələsində bir neçə radikal və antimilli qrupları çıxmaqla bütövlükdə Azərbaycan xalqı cənab Prezidentin arxasındadır. Leyla Yunus və digər bu kimilər dənizdə xırda damladır və onlar heç nəyi dəyişməyəcək. Parlamentdə olan müxalifət partiyalarının hamısının mövqeyi Azərbaycan xalqının və cənab Prezidentin mövqeyi ilə üst-üstə düşür. Odur ki, xüsusi bəyanata ehtiyac görmürəm. Ancaq ermənilərin verdiyi bəyanatın elə bir ciddi əhəmiyyəti yoxdur. Sadəcə ermənilər istər daxili auditoriya, istərsə də xarici ictimaiyyət qarşısında zəifliklərini və cılızlıqlarını ört-basdır etmək üçün belə addım atırlar.

- Parlamentdən kənar müxalifət partiyalarının bəyanatla çıxış etməsinə, dövlətin yanında olduqlarını nümayiş etdirməsinə ehtiyac varmı?
- Ümumiyyətlə istər müxalifət partiyası olsun, istərsə də Qeyri Hökumət Təşkilatı olsun, bu qurumlar öz fikirlərini ifadə etməkdə sərbəstdir və bu həm də onların bir vətəndaş mövqeyini ifadə etməsidir. Bu təşkilatlar fikirlərini istədikləri vaxt ifadə edə bilərlər. Ancaq heç kəs bunu nə onlardan xahiş edir, nə də onları belə mövqe ortaya qoymağa məcbur edir. Amma hər halda parlamentdən kənarda olan, bəzən radikal mövqe tutan siyasi qurumlar da bu halda vətəndaş mövqelərini ortaya qoymağı bacarmalı və bunun üçün özlərində güc tapmalıdırlar ki, dövlətin, ali baş komandanın yanında olduqlarını bildirsinlər.

- Milli Məclisin fövqəladə toplantısının keçirilməsini, sessiyada cəbhədə baş verən hadisələrin müzakirə olunmasına ehtiyac varmı?
- Belə bir ehtiyac hiss etmirəm, bunun vacib olduğunu da düşünmürəm. Hər şey Ali Baş Komandanın, Azərbaycan dövlətinin nəzarəti altındadır. Bizim mövqelərimiz ordu tərəfindən ciddi şəkildə müdafiə olunur. Bu gün parlamentin fövqəladə toplanmasına və hər hansı qərar verməsinə ehtiyac görmürəm.

- Cəbhədə baş verən son hadisələrə beynəlxalq reaksiyaları necə qiymətləndirirsiniz?
- O qədər də vəziyyətə adekvat qiymətləndirmirəm. Təəssüflər olsun ki, ikili standartlardan çıxış edən mövqelər var. Ümumi şəkildə hər iki tərəfə tövsiyələr edilir ki, atəşi dayandırın. Heç kəs də, araşdırıb müəyyən etmək istəmir ki, atəşkəsi kim pozub, ilk olaraq kim kimə basqın edib, işğalçı kimdir və s. Bunların fərqinə varsalar, ən azı Ermənistana qarşı ciddi mövqe tutmalıdırlar. ATƏT-in, Avropa Şurasının, BMT-nin bu konfliktlə bağlı qəbul etdiyi qərarların icrası ilə bağlı mexanizm düşünməlidirlər. Bu mənada reaksiyaları qeyri-adekvat hesab edirəm. Beynəlxalq ictimaiyyət əgər, doğrudan da, özünə hörmət edirsə, tərəfkeşlik etməməli, ədalətli mövqe tutmalıdır.

Nemət Hüseynli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm