Rusiyada Qarabağ üçün könüllü ordu yığılır
Bizi izləyin

Nida.az

Rusiyada Qarabağ üçün könüllü ordu yığılır

Moskvada yaşayan soydaşlarımız son günlər Ermənistan tərəfinin Azərbaycana qarşı hücumlarını kəskin pisləyib və baş verə biləcək mümkün müharibəyə könüllü şəkildə yazılmağa başlayıblar.

Publika.az-a bu barədə “Lider-TV” və “Radio Azərbaycan”-ın Rusiya bürosunun rəhbəri Anar Həsənov məlumat verib.

Moskvanın azərbaycanlı icması fəallarının təşəbbüskarı olduğu aksiya Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi qarşısında keçirilib. Bir neçə saat ərzində Azərbaycan səfirliyinin Rusiya paytaxtındakı binası önünə yüzə yaxın soydaşımız toplaşaraq son zamanlar gərginlik müşahidə olunan cəbhəyə yollanmağa hazır olduqlarını bəyan ediblər.

Aksiya təşkilatçılarından biri Nəriman Təhməzov toplaşanlara minnətdarlığını ifadə edərək bildirib ki, aksiyanın əsas məqsədi Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən anda cəbhəyə yollanıb Ermənistanın təcavüzünə birdəfəlik son qoymağa hazır olduqlarını bildirməkdir. Onun sözlərinə görə, aksiya Soçi danışıqları ərəfəsində Prezident İlham Əliyevə bir növ dəstək xarakteri daşıyır. O, əminliyini vurğulayıb ki, dövlətimizin başçısı növbəti danışıqlarda da Azərbaycanın ədalətli, prinsipial və təcavüzkarla barışmaz mövqeyini bir daha ortalığa qoyub işğal altındakı torpaqların qeyri-şərtsiz və tam şəkildə azad edilməsini tələb edəcək.

Moskvadakı “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov qeyd edib ki, son günlər cəbhədə yaşanan vəziyyət hər bir azərbaycanlını narahat edir. “Biz Azərbaycan prezidenti İlham Əliyevə tam dəstəyimizi ifadə edirik və onun fikri ilə tam razıyıq ki, müharibə hələ bitməyib, münaqişənin ikinci fazası başlaya bilər. Bundan əlavə, biz müharibəyə getməyə, düşməni bütün işğal olunmuş Azərbaycan torpaqlarından vurub çıxarmağa hazır olduğumuzu bildiririk və Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistana bir daha xatırlatmaq istəyirik ki, öz təxribat xarakterli hərəkətləri ilə özünü tam şəkildə məhv olmağa məhkum edə bilər”, - deyə o qeyd edib.

“SalamNews”un Rusiya bürosunun və “İnterAz-TV”nin Moskva ofisinin rəhbəri, Rusiya Jurnalistlər İttifaqının üzvü Roman Ağayev çıxışında qeyd edib ki, Azərbaycan tam əsaslı şəkildə və dəfələrlə istənilən sahədə Ermənistandan üstün olduğunu bəyan edir. “Bu həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrə aiddir. Lakin bütün bu üstünlüklərin reallıqda gerçəkləşdirilərək Ermənistanın təcavüzünə birdəfəlik son qoyulmasının vaxtı yetişib. Bütün nikbinliyimizə baxmayaraq, torpaqlarımızın sülh yolu ilə qaytarılmasına inanmaq olduqca çətindir. Bütün hadisələr də ona dəlalət edir ki, Azərbaycan ləngimədən, savaş meydanında ordusunun tam gücünü və xalqın iradəsinin qüdrətini nümayiş etdirməlidir. Və hər birimiz vətəndaşlığından, ailə vəziyyətindən və digər statusdan asılı olmayaraq Ali Baş Komandanın əmri ilə sıraya durub bizim üçün azadlıq rəmzi olan və müqəddəs sayılan müharibədə parlaq qələbənin qazanılmasına öz tövhəmizi verməyə hazırıq”, - deyə o vurğulayıb.

“Lider-TV” və “Radio Azərbaycan”nın Rusiya bürosunun rəhbəri Anar Həsənovun fikrincə, müasir Azərbaycanın ordusu hal-hazırda Cənubi Qafqazın ən güclü və ən yüksək səviyyədə təmin olunmuş ordusudur. “Bu faktı Rusiyanın nüfuzlu hərbi ekspertləri də etiraf edir. Əgər Azərbaycanın və prezident İlham Əliyevin Qarabağ məsələsini sülh yolu ilə həll edilməsi barədə xoş niyyətinə Ermənistan hərbi xarakterli təxribatlarla cavab verirsə, onda bu o deməkdir ki, biz hamımız bir nəfər kimi əlimizə silah alıb qələbə əldə edilənədək vuruşmağa hazır olduğumuzu bildiririk. Biz buraya toplaşmağımızla bir daha bəyan edirik ki, biz – Azərbaycanın əsgərləriyik və Ali Baş Komandan İlham Əliyevdən müvafiq əmr gözləyirik”, - deyə o qeyd edib.

Ümumrusiya Azərbaycan Konqresi Moskva regional bölməsinin sədr müavini Qalib Məmmədov öz çıxışında əvvəlki natiqlərlə həmfikir olduğunu deyərək məlumat verdi ki, tək bu gün ərzində, bir neçə saata ÜAK-ın bölməsinə 500-dən artıq azərbaycanlı müraciət edib Ermənistanla baş verə biləcək müharibəyə könüllü yazılıblar. “Biz vətənpərvər ruhlu soydaşlarımızın axınını müşahidə edirik. Onların hamısı cəbhəyə yollanıb işğal altındakı ərazilərimizin azad edilməsində fəal şəkildə iştirak etməyə hazır olduqlarını bildirirlər. Onlar öz əlaqə məlumatlarını bizə bildirirlər ki, zərurət yarandıqda onlarla tez bir zamanda əlaqə saxlaya bilək. Könüllülərin sayı sürətlə artmaqda davam edir, siyahı getdikcə genişlənir”, - deyə o qeyd edib.

Qeyd edək ki, aksiyada Birinci Qarabağ müharibəsinin veteranları da aktiv iştirak ediblər. O cümlədən, Mircamal Seyidov və Əliş Kərimov Azərbaycan əsgərlərinin yenilməzliyindən, şücaiyətindən, mərdliyindən və çoxsaylı faktlarla təsdiq edilmiş qəhrəmanlığından söz açıblar.

Aksiya səfirlikdə davam etdirilib. Qarabağda canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra könüllülərin siyahısı səfirin müşaviri Asəf Mehdiyevə təqdim edilib. Öz növbəsində Asəf Mehdiyev Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından Moskvanın azərbaycanlı icmasının nümayəndələrini salamlayaraq qeyd edib ki, Azərbaycan dövləti və səfirliyi Rusiyanın Azərbaycan diasporunun dəstəyini, prinsipial mövqeyini və bir çox aktual məsələlərdə konstruktiv rolunu yüksək qiymətləndirir. “Sizin bu vətənpərvər mövqeyinizi ortalığa qoymağınız və istənilən anda Vətənin çağırışı ilə Azərbaycan prezidenti və xalqı ilə birgə olmağa hazır olduğunuzu ifadə etməyiniz bizim hamımıza ilham verir, fəxarət hissi yaşadır və qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün zəruri olan daha da böyük qüvvət verir”, - deyə diplomat vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm