• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rəsulzadənin 130 illiyi münasibətilə tədbir keçirilib

  • Nida.az
  • 31 Yanvar 2014 13:13
  • 604 Baxış
Rəsulzadənin 130 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə Bakıdakı "İstiqlal" abidəsinin önündə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Mətbuat Şuranın sədri Əflatun Amaşov və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi və digər dövlət qurumları ilə birgə M.Ə.Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı geniş tədbirlər planı hazırlanıb.

Ə.Qarayev deyib ki, tədbirlər planına uyğun olaraq il boyu M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə müxtəlif tədbirlər, konfranslar, görüşlər, "dəyirmi masa"lar təşkil olunacaq, eləcə də M.Ə.Rəsulzadə ilə bağlı çoxlu kitablar, jurnallar nəşr olunacaq: "M.Ə.Rəsulzadə AXC-nin qurucularından biri olmaqla Azərbaycanın istiqlal və müstəqillik ideyasını inkişaf etdirən və onu geniş kütlələrin arasında təbliğ edən şəxsiyyətlərdən biridir. Bu gün tariximizə nəzər salarkən biz fəxrlə qeyd edə bilərik ki, Şərqdə ilk demokratik və parlamentli dövlət, eləcə də opera, teatr Azərbaycanda yaradılıb. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verilib. AXC-nin ömrü qısa olsa da, çox böyük nailiyyətlər əldə edə bilib. Parisdə keçirilən beynəlxalq konfransda AXC-nin əksər dövlətlər tərəfindən tanınması isə xüsusi qeyd olunmalıdır".

Ə.Qarayev qeyd edib ki, M.Ə.Rəsulzadə uzun illər Avropanın bir neçə ölkəsində sürgünlük həyatı yaşasa da, Azərbaycanla əlaqələrini kəsməyib, Vətəninin müstəqilliyi uğrunda fəaliyyətini davam etdirib.

Nazir süqutundan sonra AXC-nin bayrağının ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda Ali Məclisin binasının üzərində qaldırıldığını xatırladıb.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, AXC dövrü Azərbaycan tarixində çox mühüm bir mərhələni təşkil edir. AXC-nin qurucularından olan M.Ə.Rəsulzadənin Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında və yaşadılmasında böyük xidmətləri olub.

M.Ə.Rəsulzadənin böyük elmi irsinin olduğunu deyən AMEA prezidentinin sözlərinə görə, azərbaycanlı alimlər, elm adamları bu irsin toplanması, tədqiqi və təbliği sahəsində geniş elmi iş aparırlar. Aparılan bu elmi tədqiqat işləri AXC-nin qurucularının ideyalarının öyrənilməsinə, o cümlədən M.Ə.Rəsulzadənin və onun irsinin Azərbaycan cəmiyyətinə, yeni nəslə daha yaxşı çatdırılmasına xidmət edir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, M.Ə.Rəsulzadə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridir. Onun dahi siyasi xadim olmaqla yanaşı, həm də böyük elm adamı, ictimai xadim, ədəbiyyatşünas, tarixçi və jurnalist olduğunu deyən Ə.Amaşov bildirib ki, Rəsulzadənin 30-a yaxın mətbu orqanda 1200-dən çox məqaləsi çıxıb: "Harada işləməsindən asılı olmayaraq Rəsulzadənin tək amalı Azərbaycana xidmət etmək olub. Məhz buna görə də bu gün ona, onun Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərə çox yüksək qiymət verilir. Nə qədər ki, Azərbaycan dövləti var, nə qədər ki, Azərbaycan xalqı var M.Ə.Rəsulzadənin əziz xatirəsi həmişə qəlblərdə anılacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR