“Qoçaq, onun payını ver”- Prezidentlərin Soçi görüşünün detalları
Bizi izləyin

Nida.az

“Qoçaq, onun payını ver”- Prezidentlərin Soçi görüşünün detalları

Rusiyanın nüfuzlu “Kommersant” qəzeti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü ilə bağlı maraqlı məqalə hazırlayıb.

Publika.az xəbər verir ki, nəşrin Soçiyə ezam olunmuş xüsusi müxbiri Andrey Kolesnikov prezidentlərin görüşü fonunda cəbhədəki gərginliyə diqqət çəkərək Soçi gecəsindən yazır.


İstirahət günləri Soçidə Rusiya prezidentinin müşaiyəti ilə Azərbaycan və Ermənistan prezidentləri görüşdü. Dağlıq Qarabağ üzrə mövqelər dəyişdimi? Aydınlaşdı ki, heç nə dəyişməyib. Lakin Soçidə şənbə gecəsi sambo döyüşlərinə baxarkən hər iki lider hər kəsə nəzakətli münasibətdə olduqlarını nümayiş etdirdilər. Vladimir Putin isə özünü bir Rusiya sərkərdəsi kimi hiss edirdi.

Şənbə günü onlar Vladimir Putinlə xüsusi və nümayişkar ünsiyyət saxlayırdılar, istər ikitərəfli danışıqlarda, istər axşam yeməyində, istərsə də sambo döyüşlərinə baxarkən. Putin onları çağırmışdı, onlar da imtina etmədilər.


Qarabağda gərgin vəziyyət fonunda birinci sırada Putinin, sağda İlham Əliyev, solda Sərkisyanın oturması güclü təəssürat yaradırdı.


Dünyanın sülh göyərçini kimi Putinin döyüşü izləməsi ortamı sakitləşdirirdi.


Rusiya prezidenti ilə şənbə günü səhər ayrı-ayrılıqda görüşən prezidentlər çox rəsmi görüntüdə idilər.


“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edəcəyik. Hansı ki, bu, olduqca çox uzanıb”, - İlham Əliyev dedi.


Düşünmək olardı ki, o, Soçiyə münaqişəni həll etmək üçün gəlib.

Bu arada “Boçorov çay"da oturan erməni jurnalistlər təxminən bu barədə danışırdılar: Azərbaycan hakimiyyəti Dağlıq Qarabağa öz diversantlarını göndərib münaqişəni qızışdırır, indi isə onu həll etməyi təklif edir”.


Onlardan 3 metr aralıdakı dəyirmi masada isə Azərbaycan jurnalistləri oturub. Onlar asta danışır, təvazökar görünürdülər. Sadəcə, ofisiant gedib-gəlir, boşqablar dolur-boşalır. Erməni jurnalistlərinin olduğu masa ilə onların yeganə bağlantısı tələsik gedib-gələn ofisiantdır.


Liderlərə dönək. Sərkisyan Putinə Ukraynadakı vəziyyətdən narahat olduqlarını dedi. Daha sonra regionla bağlı məlumat vermək istədiyini deyərək cəbhədə baş verənlərə görə rəsmi Bakını ittiham etdi. Yəni, Ermənistan prezidenti qısa fraza ilə sərhəddə baş verənlərə öz münasibətini bildirdi. Beləliklə o, başlanğıcdan özünü güzəştə getməyən olaraq göstərmək istədi. Amma o, Soçidə idi, ən azından gəlməməklə qınaq atəşinə tuş gəlmək istəmirdi.


Şam yeməyindən sonra sambo yarışı başladı. Qırx dəqiqə gecikməklə hər üç prezident və baş nazir Dmitri Medvedev salona girdilər və yerlərini tutdular. Dinamik bir mahnı səslənməyə başladı. Mahnı dünyanın gözəl olması, müharibələrin olmaması barədə idi. Bu fikir dörd nəfərin də əhvali-ruhiyyəsində əks olunmalı idi.

Aydınlaşdı ki, yubiley yarışında sərt ideoloji əsas mövcuddur. Aparıcı bildirdi ki, böyük rus sərkərdələrinin hər birinə həsr olunmaqla 10 döyüş nümayiş olunacaq. “O sərkərdələr ki, onların həyatı dövlət quruluşunun qorunub saxlanılmasına həsr olunub”,- aparıcı dedi və Vladimir Putinə minnətdarlıqla baxdı.


Böyük Knyaz Vladimirin şəxsiyyətinə həsr olunan döyüş müqəddəs sayılırdı. Rinqdə Rusiya və Latviya döyüşçüləri vuruşurdular. “Qoçaq, onun payını ver”, - zaldan kimsə qışqırır.


- Lazım deyil, öldürmə!- dəhşətli qışqırıq eşidilirdi.

İlham Əliyev susaraq Vladimir Putinin şərhlərini dinləyir. Lakin gülmür. Serj Sərkisyan isə sifətə və qaraciyərlərə vurulan hər uğurlu zərbədən sonra şənlənirdi. Görünür, bu, onun üçün siyasət qədər dramatik görünmürdü.


Həmin vaxt hiyləgər ağsaçlı belarus da rusa uduzdu. Ardınca sərkərdələrin adları çəkilərək döyüşlər baş tutdu. Növbə Böyük Vətən Müharibəsinə çatanda böyük döyüşlər bir-bir sıralandı. Ən maraqlı hansı sərkərdənin adının çəkiləcəyi idi.


- Jukov,- aparıcı diplomatcasına dilləndi.


Gecədə ilk dəfə olaraq İlham Əliyevin dodaqları qaçdı, lakin bu, uzun sürmədi. Sərkisyan isə şənlənməyində idi. Bu vaxta qədər Rusiya yığması 8:1 hesabı ilə qələbə çalırdı. Növbəti görüşlə 9:1 olacağı şübhəsiz idi.

Ən maraqlısı isə sonda Putinin nə deyəcəyi idi, xüsusilə Ukrayna ilə bağlı olmayan nələrsə.

Və o dedi:

- Əlbəttə, biz Rusiyada həmişə müxtəlif problemlərlə qarşılaşırıq. Lakin xalçada, rinqdə heç vaxt yad olmur. Bu idmandır. Əlbəttə rinqdə, xalçada rəqiblər var, amma onlar heç vaxt düşmən olmur. Bu, həmişə belə olur.


İlham Əliyev və Serj Sərkisyan bir-biri ilə danışmırlar. Onlar bunun üçün növbəti günü gözləyirlər. “Boçarov çay” iqamətgahında prezidentlər üçtərəfli görüş keçirdi. Hansısa şansdan danışmaq olarmı? Hər halda, görüşdülər.


- Bir daha çox qeyri-formal danışdıq. Düzdür, dünən gecə biz işgüzar məsələləri müzakirə etmirdik, amma bununla belə, müxtəlif mövzulardan danışmaq imkanımız var idi. Mənim fikrimcə, bu, regiondakı gərgin vəziyyəti müzakirə etmək üçün müəyyən atmosferi yaradır”, - Putin dedi.


O, anlamağa çalışırdı ki, ümumiyyətlə, prezidentlər bir-biri ilə danışırlarmı? Əgər bir gün əvvələ nəzərə salsaq, bir-birinə heç baxmırdılar da.Vladimir Putin daha çox danışıqlarda pozitiv vasitəçi kimi görünməyə çalışırdı.


Birinci İlham Əliyev danışdı:


- BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisini işğal edən erməni güclərinin qeyd-şərtsiz buranı tərk etməsi ilə bağlı dörd qətnaməsi var. İyirmi il keçdi, lakin bu qətnamələr hələ də kağız üzərində qalıb.


Bu sözlərlə çətin ki, Sərkisyanı danışıqlara cəlb etmək mümkün olsun.


- Bizim yaxın qonşumuz, müttəfiqimiz və dostumuz Rusiya münaqişənin nizama salınmasında xüsusi rola malikdir.

İlham Əliyev davam edir:

- Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar yolu ilə biz həll yolunu tapacağıq.Bu yol beynəlxalq hüquq normalarına uyğun olacaq.


İlham Əliyev dayanmadı və əlavə etdi:


- Həmçinin ədalətli olaraq.


“Biz düşünürük ki, əslində münaqişəni güzəştlə həll etmək olar”- Ermənistan prezidenti danışır və dediklərinə zidd olaraq əlavə edir:

- Azərbaycan tərəfi həmişə BMT-nin dörd qətnaməsinə istinad edir. Lakin mən cənab Əliyevdən soruşmaq istəyirəm ki, Azərbaycan tərəfi bu qətnamələrdən hansına əməl edib? Qətnamənin bəndlərinə yalnız Ermənistan əməl edibdöyüş əməliyyatlarını dayandırıb.


Daha sonra Vladimir Putin danışır və bununla bitirirlər:


- Mən məmnuniyyətlə təsdiq edirəm. Azərbaycan prezidenti sülh yoluna diqqəti yönəltdi. Əslində, insan ölümü qədər böyük faciə yoxdur. Biz səbirli olmalı, müdriklik göstərməli, bir-birimizə hörmətlə yanaşmalıyıq.


Ritorik suallar verilir, hər kəs ədalətli həlldən danışır, amma hər kəs yenə də bildiyini edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm