YAP rəsmisi: “Üzümüzü birdəfəlik Qərb yoluna çevirməliyik” – Müsahibə
Bizi izləyin

Nida.az

YAP rəsmisi: “Üzümüzü birdəfəlik Qərb yoluna çevirməliyik” – Müsahibə

Publika.az-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov Türkiyədə başa çatan prezident seçkiləri, Leyla Yunusun həbsi və digər məsələlər barədə sualları cavablandırıb.

- Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğan bu ölkənin 12-ci prezidenti seçildi. Azərbaycanın hakim partiyası bunu necə qarşılayır?

- Mən bunu normal hesab edirəm. Biz Türkiyəyə hər zaman ümid bağlamışıq. Türkiyə həqiqətən də dünyada yeganə dövlətdir ki, hər zaman Azərbaycanın yardımına gəlib. 1918-ci ildə erməni daşnakları ruslarla azərbaycanlıları kütləvi şəkildə öldürürdü. Həmin vaxt Nuru Paşanın hərbi dəstəsi Gəncədən Bakıya qədər döyüş yolu keçərək azərbaycanlıları və Bakını xilas etdi. Ancaq insanlarımız düşünməsin ki, kimsə bizə əbədi müstəqillik bəxş edəcək. Biz yalnız özümüz öz müstəqilliyimizi qorumalı və əbədiləşdirməliyik. Gürcüstan və Moldova Qərb və NATO ilə yaxınlığı seçdiyi üçün Rusiya bu dövlətlərə qarşı açıq təxribatlardan çəkinir. Çünki Rusiya yaxşı bilir ki, artıq NATO-nun bu dövlətlərə qarşı öhdəliyi var. İndi bizim yolumuz birdəfəlik Qərb yolu olmalıdır. Azərbaycan Rusiya ilə heç zaman müstəqil olmayacaq. Ermənistanı bizimlə düşmən edən də Rusiyadır. Yəni, özümüzü aldatmamalıyıq. Rusiya bizə heç nə verməyəcək. Amma biz Rusiya ilə açıq şəkildə düşmənçilik də etməməliyik. Amma yolumuz Qərbə tərəf olmalıdır. Bu gün Azərbaycanda milli birlik formalaşıb. Bu gün Qarabağ məsələsində ikitirəlik yoxdur, iqtidar və müxalifət eyni mövqedədir. Bundan sonra da çalışmaq lazımdır ki, ölkəmizdə vətəndaş cəmiyyəti daha da güclənsin və Azərbaycan vətəndaşları özlərinə güvənsinlər. Bu gün Türkiyənin də Qərbin qarşısında müəyyən öhdəlikləri var. Türkiyə Azərbaycana müəyyən qədər kömək edə bilər. Ancaq inanmıram ki, Türkiyə müharibə zamanı bizə birbaşa kömək edə bilsin. Yalnız və yalnız millət birləşməlidir, düşmənin üzərinə də millət getməlidir. Türkiyə bizə ancaq silah-sursat və mənəvi yardım edə bilər. Unutmaq lazım deyil ki, Türkiyənin dünyada və Avropada öz mənafeləri var.

- Müxalifət son günlər həbs edilən şəxslərin günahsız olduğunu iddia edir. Bəs YAP-ın bu məsələyə mövqeyi necədir?

- Mən qəzetlərdən də oxuyuram. Onlar saxlanılan şəxslərin məhkəmədə verdikləri ifadələrdən istifadə etmək istəmirlər. Çünki məhkəmə zamanı məlum olub ki, bu adamlar ermənilərə kömək ediblər, ermənilərlə gizli sazişlərə gediblər, düşmənə Azərbaycanın hərbi strateji məkanları haqqında məlumatlar ötürüblər. Bütün bunlar faktdır və məhkəmədə də təsdiqini tapıb. Rauf Mirqədirov, Leyla Yunus və onun ərinin əməlləri barədə konkret faktlar mövcuddur. Bu adamlar düşmənlə əlbir olublar, danışıqlara gediblər. Nəyə görə? Çünki bu adamlara külli miqdarda pul veriblər. Bəzi cavanlarımız da müəyyən cərəyanlara qoşulublar. Hər hansı gəncin siyasi proseslərə qoşulması bizi narahat etmir. Ancaq həmin cavanların sağlam siyasi proseslərdə iştirakı vacibdir. Biz müharibə şəraitində yaşayırıq. Demokratiya və bu kimi digər söhbətlər qurtarmalıdır. Müharibə edən dövlət demokratiya ilə yaşamır. Tarixdə və dünyada elə bir fakt da yoxdur ki, müharibə edən dövlət demokratiyanın prinsipləri ilə yaşasın. Nizam-intizam olmalıdır, iqtidar və müxalifət mövcud qanunlara əməl etməlidir.

- Siz qeyd etdiniz ki, bəzi gəncləri tərbiyələndirmək lazımdır. Sizə elə gəlmirmi ki, həmin o gənclərin tərbiyəsi ilk növbədə aidiyyəti dövlət orqanları məşğul olmalıdır?

- Bu fikirlə tam razıyam. Yeni Azərbaycan Partiyasında 240 mindən çox gənc var. Partiyamız və şəxsən Əli Əhmədov həmin gənclərlə çox ciddi şəkildə məşğul olur. Gənclərimiz ön cəbhədə hərbi xidmət keçirlər, döyüşürlər və şəhid olurlar. Biz müharibə şəraitində yaşayırıq. Müharibə oyun deyil, səbəbsiz müharibə aparılmır. Biz müharibəni torpaqlarımız uğrunda aparırıq.

- Müharibənin qanunlarından biri də hərbi səfərbərlik zamanı sadə vətəndaşla imkanlı şəxs arasında ayrı-seçkiliyin qoyulmamasıdır. Azərbaycanda bununla bağlı vəziyyət necədir?

- Bilirsiniz, keçmişdə müəyyən qanun pozuntuları olub. Ancaq düşünürəm ki, indi bu cür hallar mövcud deyil. Əgər olsa belə, bu, yox dərəcəsindədir. Mən kifayət qədər imkanlı ailə tanıyıram ki, onların hamısının övladları hərbi xidmətdə olublar. Kiminsə buna şübhəsi varsa, o zaman konkret faktlar söyləsin. Hesab edirəm ki, bu cür məsələlərlə bağlı yalan və uydurma kampaniyalar aparmaq gənclər arasında nifaq salmaq və iqtidara ləkə gətirmək məqsədi daşıyır. Müxalifət isə bununla müxalifətçilik etmək istəyir. Bu isə doğru deyil. Azərbaycan müxalifəti, o cümlədən AXCP və Müsavat Partiyaları hakimiyyətlə eyni mövqedə olmalıdır. Sevindirici haldır ki, bu gün bu partiyalar Qarabağ məsələsində hakimiyyətlə eyni mövqedən çıxış edir. Ancaq özünü müxalifət adlandıran “üçüncü cəbhə” var ki, onlar ermənilərlə işbirliyindədirlər.

- Bir müddət öncə YAP-çı Maksim Musayev hakim partiyanın ünvanına bir sıra ittihamlar səsləndirmişdi. Sizcə, Maksim Musayevi narazı salan nədir?

- Onları narazı salan heç bir şey yoxdur. Mən bir il öncə Maksim Musayevə cavab vermişəm. Ona görə də indi Maksim Musayevə cavab vermək fikrim yoxdur. Amma görürəm ki, həmin çıxışların hər hansı əsası yoxdur. Mən Maksim müəllimə bu cür çıxışlar etməyi əsla məsləhət görməzdim. Çünki onun YAP-ın və icra katibinin ünvanına söylədiyi fikirlər Maksim müəllimi yalnız və yalnız hörmətdən salır. Maksim müəllim Qax rayonunda icra başçısı işləyib və sadə camaat da ondan çox razı qalıb. Maksim Musayev xeyli quruculuq və abadlıq işləri aparıb. Qaxda insanların əksəriyyəti Maksim müəllimin hörmətini indi də saxlayırlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm