BMT-nin qətnamələri nəyi tələb edirdi? – Sərkisyana yaddaş dərsi
Bizi izləyin

Nida.az

BMT-nin qətnamələri nəyi tələb edirdi? – Sərkisyana yaddaş dərsi

İyulun 10-da Soçidə Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Serj Sərkisyan özünəməxsus formada yanlışlığa yol verib.


Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisini işğal edən erməni güclərinin qeyd-şərtsiz buranı tərk etməsi ilə bağlı dörd qətnaməsini xatırladaraq bildirib ki, 20 il keçib, lakin bu qətnamələr hələ də kağız üzərində qalıb. “Bizim yaxın qonşumuz, müttəfiqimiz və dostumuz Rusiya münaqişənin nizama salınmasında xüsusi rola malikdir. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar yolu ilə biz həll yolunu tapacağıq, hansı ki, beynəlxalq hüquq normalarına uyğun olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Danışmaq növbəsi Sərkisyana çatanda isə o, bu sözləri deyib: “Azərbaycan tərəfi həmişə BMT-nin dörd qətnaməsinə istinad edir. Lakin mən cənab Əliyevdən soruşmaq istəyirəm ki, Azərbaycan tərəfi bu qətnamələrdən hansına əməl edib? Qətnamənin bəndlərinə yalnız Ermənistan əməl edib – döyüş əməliyyatlarını dayandırıb”.

Publika.az S.Sərkisyanın diqqətinə bir daha BMT TŞ-nin qətnamələrini təqdim edir.

822 saylı qətnamə: 1993-cü ilin 30 aprelində qəbul edilən qətnamədə BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edilir.

853 saylı qətnamə: 1993-cü ilin iyulunda qəbul olunan bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulub. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmasının zəruriliyi bildirilir.

874 saylı qətnamə: 1993-cü ilin oktyabrında qəbul edilən qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış “Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli” təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilib. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in (indi ATƏT-red) səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənir.

884 saylı qətnamə: 1993-cü il noyabrın 11-də qəbul edilən qətnamədə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edilir və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunur.

Qətnamələrdən də göründüyü kimi, Ermənistan heç bir məsələni yerinə yetirməyib və 20 ildən artıqdır ki, işğalçı siyasətini davam etdirir.

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bildirib ki, S.Sərkisyan yalan danışır.

“Bu qətnamələrdə tərəflərə sülhün bərqərar olması çağırışı edilir və ərazi bütövlüyü xüsusi vurğulanır. İşğal olunmuş ərazilərin dərhal boşaldılması tələb olunur. Amma Ermənistan indiyə qədər buna əməl etməyib. Ona görə də Sərkisyanın dedikləri söz toplusundan başqa heç nə deyil. Sərkisyan yenə də öz ampluasındadır”, -deyə ekspert vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm