“Hərbçilərimizin müalicəsi barədə təlimatı Ərdoğan verib” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Hərbçilərimizin müalicəsi barədə təlimatı Ərdoğan verib” – MÜSAHİBƏ

Publika.az-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri barədə fikirlərini bildirib.

- Ötən gün Türkiyədə keçirilən prezident seçkilərində AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan prezident seçildi. Qarşıdakı illərdə Türkiyə prezidentinin Azərbaycanla münasibətlərdə prioriteti nə olacaq?

- Rəcəb Tayyib Ərdoğanın ötən gün prezident seçilməsi Türkiyədə böyük coşqu ilə qarşılandı. Əslində, bu, gözlənilən qələbə idi. Yəni, cənab baş nazir hələ prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edərkən də bütün beynəlxalq siyasi dairələr Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyini proqnozladırmışdı. Avqustun 10-da Türkiyə prezidentini ilk dəfə olaraq xalq seçdi. Bu tarixi xoşbəxtlik isə Rəcəb Tayyib Ərdoğana nəsib oldu. Onun prezident seçilməsi həm Türkiyə daxilində, həm də Türkiyənin yaxından əməkdaşlıq etdiyi dövlətlərlə münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Türkiyənin strateji əlaqələri genişləndirəcəyi dövlətlər arasında Azərbaycan birinci yerdə gəlir. Çünki Türkiyə və Azərbaycan arasındakı mövcud münasibətlər tarixdən bəri davam edən dostluq və strateji əməkdaşlığa söykənən münasibətlərdir. Uzun illər bundan sonra da Azərbaycan və Türkiyə prezidentləri dostluq və əməkdaşlıq münasibətlərini davam etdirəcəklər. Rəcəb Tayyib Ərdoğan hələ seçkilərdən öncə də bəyan etmişdi ki, prezident seçildiyi təqdirdə Azərbaycanla yaxından əməkdaşlıq prioritet olacaq. İndi mən də onun verdiyi vədlərin yüksək formada həyata keçəcəyinə inanıram.

- Son günlər Ermənistan hərbçiləri cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Döyüşlərdə Azərbaycan ordusunun bir neçə hərbçisi şəhid olub, bir neçəsi isə yaralanıb. Yaralanan həbçilərimizdən bir neçəsi hazırda Türkiyədə müalicə olunur. Türkiyə iqtidarı Qarabağda baş verən son hadisələri izləyirmi?

- Rəcəb Tayyib Ərdoğanın yaralanan hərbçilərimizlə bağlı təlimatı var. Mən “hərbçilərimiz” sözünü təsadüfən işlətmədim. Düşmən gülləsi ilə şəhid olan hərbçilər təkcə Azərbaycanın şəhidləri deyil, onlar bizim də şəhidlərimizdir. Yaralanan əsgərlər də bizim əsgərlərimizdir. Onların Türkiyədə müalicəsi barədə Rəcəb Tayyib Ərdoğan bilavasitə təlimat verib. Həmin təlimat əsasında Türkiyədən Bakıya xüsusi təcili tibbi yardım təyyarəsi göndərilib. Yaralı əsgərləri burada baş nazirinin müavini şəxsən qarşılayıb. Ötən gün isə xarici işlər nazirimiz xəstəxanada yaralı əsgərlərimizi ziyarət edib, onların səhhəti ilə maraqlanıb. Azərbaycanlı əsgər qardaşlarımız Türkiyədə ən yüksək şəkildə müalicə olunacaq və Allahın köməyi ilə sağ-salamat Azərbaycana yola salınacaq. Mən sizin vasitənizlə buradan şəhid olmuş azərbaycanlı qardaşlarıma Allahdan rəhmət, valideynlərinə isə səbir diləyirəm. Azərbaycan və Türkiyə xalqının başı sağ olsun.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm