• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Sərkisyanın son bəyanatı sülhpərvər sayıla bilməz” – YAP-çı deputatdan açıqlama

  • Nida.az
  • 11 Avqust 2014 17:36
  • 352 Baxış
“Sərkisyanın son bəyanatı sülhpərvər sayıla bilməz” – YAP-çı deputatdan açıqlama

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərin ötən gün keçirilən Soçi görüşünə “facebook” səhifəsində münasibət bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, deputat bildirib ki, görüşlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsinə həsr edilməsi barədə məlumat verilsə də, onun əsas mövzusunun Dağlıq Qarabağ probleminin müzakirəsi olduğu hamı üçün aydın idi.

“Avqustun əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən gərginlik və lokal döyüşlər dünyanın diqqət mərkəzində oldu. Hər iki tərəfdən olan böyük itkilər dünyanın bu həssas bölgəsində müharibənin yenidən başlaması ehtimalından xəbər verirdi. Yeni müharibə başlayacağı halda isə onun miqyası və əks-sədası Birinci Qarabağ Müharibəsinin (1991-1994) göstəricilərini çox-çox geridə qoya bilərdi. Ancaq adi silahlardan istifadə etməklə (artlilleriya, tanklar, təyyarələr və uzaqvuran raketlərdən istifadə edilmədi) gedən ikigünlük döyüşlərə dünya birliyinin reaksiyası olsa da, Rusiya tərəfi döyüşlərin praktiki olaraq dayandırılması və tərəflərin onun ərazisində təcili görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdi”, - A.Mirzəzadə yazıb.

Deputat qeyd edib ki, Ermənistan və Azərbaycan arasında problemin həlli ilə bağlı görüşlərin 20 ildən çox tarixi olsa da, bu görüş müəyyən ilklərlə yadda qaldı: “İlk dəfə idi ki, cəbhə xəttindəki gərginlikdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinin təklifi ilə təcili görüş keçirilirdi. İlk dəfə idi ki, tərəflər iki gün ərzində bir neçə rəsmi və qeyri-rəsmi görüş keçirdilər. İlk dəfə idi ki, həmsədr ölkə görüşdə üçüncü bir tərəf kimi iştirak edirdi. Bütün bu amillər Rusiyanın bu məsələdə praqmatik mövqe tutmağa çalışması kimi qiymətləndirilə bilər. Çünki problemin həll edilməməsi Rusiyanın cənub sərhədində müharibə ehtimalının yüksəlməsinə, onun hər iki ölkə ilə münasibətlərində pozitivliyin itirilməsinə gətirib çıxara bilərdi. Görüşün özü barəsində çox az məlumat verildi. Prinsipcə bu, müsbət qiymətləndirilməlidir. Tərəflərə piar deyil, problemin həlli ilə bağlı konkret müzakirələr lazım idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatı buna konkret sübut idi. Ancaq Ermənistan dövlət başçısı haqqında bunu demək olmazdı. Onun Rusiya prezidenti ilə görüşdə verdiyi bəyanat, ilk növbədə, öz ölkəsinin əleyhinə işləməyə başladı. Sərkisyan bildirdi ki, Azərbaycan məqsədli surətdə Ermənistan-Azərbaycan sərhədində, cəbhə xəttində gərginlik yaratdı. Hansı ki, o, əvvələr problemin guya Azərbaycanla “DQR” arasında olduğunu və Qarabağ ermənilərinin müqəddəratını həll etdiyini bildirirdi. İndi isə o, Qarabağ erməni icmasının “müqəddəratı” barədə dediklərini unudaraq həyasızcasına Ermənistan-Azərbaycan sərhəd xəttini Beyləqan, Ağdam, Goranboy və Kəlbəcər torpaqlarından çəkirdi”.

A.Mirzəzadə Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını da şərh edib: “Bəyanatda diqqətçəkən məqam “xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər” fikri oldu. Rusiyanın baş diplomatının sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir. Axırıncı cümlə müəyyən maraq doğurur, baxmayaraq ki, bunu hər tərəf bir cürə yoza bilər. Ermənistan prezidentinin Yerevana qayıtdıqdan sonra verdiyi bəyanat da heç də sülhpərvər sayıla bilməz. İşğalçı dövlətin işğal etdiyi dövlətə qarşı yenə də hədə gəlməsi heç də onun sülh istəməsindən xəbər vermir. Soçi görüşü başa çatsa da problem hələ də durur və öz həllinin tələb edir. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməsi ölkəmizi razı sala bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mövqeni dəfələrlə səsləndirib və cəmiyyət liderini tam dəstəkləyib. Ötən dövr göstərdi problemin dondurulması isə problemi həll etmir, onu daha da ağır vəziyyətə itələyir. Çətinliklərə baxmayaraq, Azərbaycan ötən illərdə öz iqtisadiyyatını və ordusunu kifayət qədər gücləndirə bilib. Beynəlxalq hüquq da ölkəmizin tərəfindədir. Ona görə də Ermənistan bu məsələdə ciddi seçimini etməlidir. Ya Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ya da bütün istiqamətlərdən Azərbaycanın təzyiqini və gücünü hiss etməlidir. Onun seçiminə ayrılan vaxt isə çox azdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR