...Və güllələr işə düşür – Atəşkəsin pozulmasının SƏBƏBLƏRİ
Bizi izləyin

Nida.az

...Və güllələr işə düşür – Atəşkəsin pozulmasının SƏBƏBLƏRİ

Çox maraqlıdır ki, adətən Şimal qonşumuz Dağlıq Qarabağ kartını son ana saxlayır, yəni ən kritik məqama. Görünür, hazırda Rusiya üçün ən kritik məqam bu andır.

Cəbhədə atəşkəs rejiminin ermənilər tərəfindən davamlı pozulduğu son günlərdə qəfil hücumlarla bağlı müxtəlif ehtimallar ortaya çıxdı. Əsas ehtimal isə burda üçüncü-maraqlı olan qüvvənin mövcudluğuna dairdir. Adətən cəbhədə yaşananlar müstəvisində üçüncü qüvvə dediyimizdə Rusiya göz önünə gəlir. Nə də olsa Ermənistana dəstək verdiyini Moskva özü də gizlətmir.

“Cəbhədə qeyri-erməni dilində də komandalar verilir”

Müdafiə Nazirliyinin rəsmi məlumatında belə deyilmişdi. Hansı dildən bəhs edildiyi deyilməsə də, faktiki olaraq diqqətlər üçüncü qüvvənin mövcudluğuna yönəldi. Güman ki, rəsmilər kimdən söhbət getdiyini bilir, lakin şərtlər bunu açıqlamağa imkan vermir, həmçinin açıqlamamaq da olmaz. Məhz buna görə belə bir “dil” seçildi.

Publika.Az –n dərhal başladığı araşdırmalarda müəyyən ip ucları tapıldı (http://publika.az/p/2434 ). Söhbət rus zabitlərindən gedirdi. Adının çəkilməsini istəməyən hərbi mənbə belə iddia edirdi. Özü də bu zabitlər Ermənistandakı rus hərbi bazasından deyil, birbaşa Moskvadan xüsusi olaraq göndərilibmiş. Hərbi ekspertlər də bunu istisna etmədilər.
Bəlkə də təəccüblü heç nə yoxdur, axı söhbət Rusiyadan gedir. Amma niyə məhz indi?

Hər-halda Azərbaycan ordusu “qış sınağına” çəkilmir, xüsusilə Ermənistan buna getməz. Hər kəs cəbhənin o üzündəkilərin atəşkəsi pozacağı vaxt kimi ilin aprelini (köhnə Andranik söhbəti-red) gözləyirdi. Lakin qəfil hücum və bu hücumun Prezident İlham Əliyev Davosda olduğu zaman, həmçinin Ermənistan-Azərbaycan XİN rəhbərlərinin görüşü ərəfəsində edilməsi ehtimalları artırdı.

Ukraynada barrikadalarla davam edən avrointeqrasiya “müharibəsi” fonunda Rusiyanın xal itirməsinin Moskvanı Avropaya qarşı açacağı cəbhəni Cənubi Qafqaza qədər geri çəkməyə məcbur etdiyi görünür və ilk hədəf kimi müstəqil siyasətə can atan Azərbaycanın sıxışdırılması lazımdır. Çünki Moskva “2008-ci il Gürcüstan dərsini” bu dəfə Ukraynada “tədris” edə bilmədi. Bu baxımdan sədləri aşacaq ilk ölkə Azərbaycan ola bilər və buna zəmin də kifayət qədərdir.

Rusiyanın seçki öncəsi təzyiq layihələri sıradan çıxıb. Belə olduğu təqdirdə yeganə və ən ağır zərbə Qarabağla vurula bilər, hansı ki, cəbhədə baş verənlər ehtimalları gücləndirir. Buna paralel olaraq Ermənistanda da müxalifət artıq avrointeqrasiya şüarlarını dilə gətirməkdədir və bu dəfəki dirəniş Ermənistan üfüqlərində indiyə qədər görünməyən dirənişə bənzəyir.

Görünən odur ki, Qərb Rusiyaya qarşı “taran hücumuna” bənzər hücuma keçib. Ukraynadakı zərbələrin ardınca Rusiya zərbə ən zəif yeri, “Axilles dabanı” hesab olunan Cənubi Qafqazdan vurula bilər. Faktiki olaraq 3 region ölkəsindən biri- Gürcüstan müəyyən mənada Avropa istiqamətini götürüb. Azərbaycan əvvəldən bəyan etdiyi kimi qərbyönümlü siyasətini yürüdür, bunu Rusiya amili nə qədər ləngitsə belə. Bircə Ermənistan tam olaraq Rusiya məkanı olaraq qalır.

Güman ki, Qərb Azərbaycanın hazırkı iqtidarı, Ermənistanın isə avromüxalifəti ilə Rusiyaya qarşı işbirliyinə başlayıb. Rəsmi Bakı o halda razı olub ki, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Buna qədər də mövcud iqtidar əsas prioritetinin Dağlıq Qarabağ olduğunu dəfələrlə bəyan edib. Ermənistan isə buna yalnız hazırkı müxalifətlə razı ola bilər. Nəzərə alsaq ki, məhz Qarabağ münaqişəsinin həllinə razı olduğuna görə hakimiyyətdən salınan Levon Ter-Petrosyan bu gün müxalifət düşərgəsində iqtidara qarşı vuruşur, onun da əsas istiqaməti Qərbə doğrudur, proseslər müəyyən mənada belə bir gümanı ortaya çıxardır.

Dağlıq Qarabağ münaqişəsində Türkiyə faktorunun artması bu ehtimalı daha da gücləndirir. Ankaraya İsveçrədən də- diqqət edin, həmsədr olmayan ölkələr- dəstək gəlməsi Qərbin münaqişəni hazırki formatdan kənarda və daha çox qapalı olaraq sürətlə həll etmək istəyində olduğunu göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı etdiyi çıxışda dolayısı ilə 2014-cü ilin Ermənistan üçün çətin il olacağını, rəsmi İrəvanın ya konstruktiv mövqeyə gələcəyi, ya da başqa yollar üzərində düşünüləcəyini bəyan etməsi məhz bu ilin münaqişə üçün düşərli ola biləcəyi təsəvvürünü yaradır. Bu, Ermənistan üçün növbəti və sonuncu ola biləcək xəbərdarlıq hesab oluna bilər. Mövcud beynəlxalq şərtləri nəzərə almadan Azərbaycan dövlət başçısının bunu deməsi inandırıcı deyil.

Deməli, Rusiya Dağlıq Qarabağ oyunundan çıxarılır. Bu isə Moskvanın Azərbaycana qarşı əsas kozırını itirməsi, beləliklə də həm Cənubi Qafqazı, həm də Avropaya olan rıçaqları itirməsi deməkdir.

Və qəfil cəbhədə ermənilər tərəfindən atəşkəs pozulur, güllələr dayanmadan yağmağa başlayır.

Moskva hər iki ölkə üçün gərginlik yaratmaqla Azərbaycana “müharibə dərsini” vermək istəyir. Bu həm də Şimaldan Azərbaycan qarşı dövrü olaraq istifadə olunan və ən öldürücü zərbədir. Çox maraqlıdır ki, adətən Şimal qonşumuz Dağlıq Qarabağ kartını son ana saxlayır, yəni ən kritik məqama. Görünür, hazırda Rusiya üçün ən kritik məqam bu andır.

Ermənistanın cəbhəyə sürüklənməsi isə avrointeqrasiya tərəfdarı erməni müxalifətinə “daha vacib müharibə gedir” mesajını vermək məqsədi daşıyır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm