Millət vəkili: “Azərbaycanlılara qarşı işgəncə faktları AŞPA-da gündəmə gətiriləcək”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Azərbaycanlılara qarşı işgəncə faktları AŞPA-da gündəmə gətiriləcək”

“Əslində, bu, gözlənilən idi. Ermənistan tərəfinin bu cür saxta və yalan fəaliyyətini birinci dəfə deyil ki, görürük”.

Publika.az-a açıqlamasında bu sözləri Azərbaycan Respublikası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov Karen Petrosyanın ölümü məsələsinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) gündəmə gətiriləcəyi ilə bağlı erməni tərəfinin iddialarını şərh edərkən deyib.

R.Cəbrayılov deyib ki, Ermənistan tərəfi mütəmadi olaraq Azərbaycan əleyhinə bu cür kampaniyalar aparır: “Ermənistanın bu cür hərəkətlərini çox görmüşük. Ermənilərin hər hansı bir məsələdən əleyhimizə istifadə etməsi bizimçün yeni hal deyil”.

Deputat Azərbaycan tərəfinin Ermənistanın bu kimi fəaliyyətinə həmişə layiqli cavab verdiyini söyləyib:

“Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri Azərbaycan və Qarabağ həqiqətlərini mütəmadi gündəmə gətirir, Ermənistan tərəfinin qondarma və uydurma iddialarına cavab verirlər. Təbii ki, bu dəfə də Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da ermənilərin cavabını verəcək və Ermənistanda girov saxlanılan azərbaycanlılara qarşı ağır işgəncələrin verilməsi faktlarını gündəmə gətirəcəklər. Buna heç kəsin şübhəsi olmasın”.

Xatırladaq ki, AŞPA-da erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan jurnalistlərə verdiyi açıqlamasında qurumun payız sessiyasında Azərbaycanda ölən erməni əsirin məsələsini qaldıracağını bildirib.

“Məni beynəlxalq hüquq müdafiəçilərinin mövqeyi təəccübləndirir, çünki onların heç biri əsir erməninin Azərbaycanda öldürülməsinə reaksiya vermədi”, - deyə Zöhrabyan bildirib.

O, həmçinin əlavə edib ki, hazırlayacağı hesabatın da beynəlxalq hüquq müdafiəsi təşkilatlarında heç bir reaksiya doğurmayacağına əmindir.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonu ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini Karen Petrosyan isə ələ keçirilib.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü K.Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm