Erməni diversant Karen Petrosyan özünə qəsd edib – Şok iddia
Bizi izləyin

Nida.az

Erməni diversant Karen Petrosyan özünə qəsd edib – Şok iddia

Bir neçə gün öncə Tovuz rayonu ərazisindən Azərbaycan sərhədini keçən və sonradan qəfil dünyasını dəyişən erməni diversant Karen Petrosyan özünə qəsd edib.

Publika.az-a açıqlamasında bu barədə sabiq baş prokuror İxtiyar Şirinov deyib.

Sabiq baş prokuror bildirib ki, bu şəxs peşəkar bir diversant kimi tutulduğu zaman onun necə hərəkət edəcəyi, yəni özünü öldürməsi barədə verilmiş təlimatı yerinə yetirib: “Bu səbəbdən də o, özünə qəsd edib. Burada başqa bir səbəb axtarmağa ehtiyac yoxdur. Təəssüf etmək lazımdır ki, düşmən diversantının özünü öldürməsinə imkan verilib. Bu təxribatçı bizim əks-kəşfiyyata diri lazım idi. Əgər onu öldürmək fikri olsaydı, tutulması, hərbi hissəyə gətirilməsi və korpus komandirinin qarşısında dindirilməsi barədə video çəkiliş televiziya kanallarında göstərilməzdi. Azərbaycanın Silahlı Qüvvələri və əks-kəşfiyyatı hər zaman əsir götürülən düşmən əsgərlərinin və mülki şəxslərin sağ-salamat saxlanmasını təmin edib. Erməni tərəfi öz xislətinə uyğun olaraq yenə də hay-küy salacaq. Bütün bunlara baxmayaraq, diversantın meyiti lazımi qaydalara uyğun olaraq dəfn edilməli, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilməlidir”.

İ. Şirinov qeyd edib ki, mətbuatda bu diversantı yanlış olaraq kəşfiyyatçı adlandırırlar.

“Bu, doğru deyildir. Diversantın qarşısına qoyulan vəzifə ilə kəşfiyyatçının qarşısına qoyulan vəzifə bir-birindən çox fərqlidir. Onu kəşfiyyatçı adlandırdıqda törədəcəyi təxribatların miqyası azaldılır. Diversantla kəşfiyyatçının statusları da fərqlidir. Diversant terrorçunun bir başqa adıdır”, - deyə sabiq baş prokuror bildirib.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonu ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini Karen Petrosyan isə ələ keçirilib.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü K.Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm