Putin Soçidə Sərkisyana nə tapşırıq verib?- Məxfi
Bizi izləyin

Nida.az

Putin Soçidə Sərkisyana nə tapşırıq verib?- Məxfi

Ötən həftənin şənbə günü Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşən Ermənistan prezident Serj Sərkisyan İrəvana ilk addımını qoyan kimi özünün və “rəhbərlik” etdiyi “dövlət”in mahiyyətini bir daha göstərmiş oldu.

Sərkisyan bunu “Armnyus” televiziyasına müsahibəsində Azərbaycan Müdafiə Nazirliyinin “Yerevanı yerlə yeksan edərik” açıqlamasını şərh edərkən edib. Belə ki, erməni prezident Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına “Azərbaycan yaxşı bilir ki, bizdə ballistik raketlər var və onun radiusu 300 kilometri ötür. Bu silah istənilən çiçəklənən yaşayış məntəqəsini xarabalığa çevirə bilər. Buna nümunə kimi bu gün Ağdam xarabalığını göstərə bilərik” cavabını verdi. Erməni prezidentinin bu cavabı heç şübhəsiz ki, ilk növbədə onun Qarabağ müharibəsində dağıdıcı sifətini nümayiş etdirdi.

Bu müsahibə həm də onu göstərdi ki, erməni rəhbərliyi Moskvanın icazəsi olmadan bir söz belə demək ixtiyarında deyil. Sərkisyanın Bakıya təhdid dolu mesajları da məhz Moskvanın verdiyi “ev tapşırığı”nı xatırladırdı.
Məlumdur ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı prezidentlərin Soçi görüşündən əvvəl verilmişdi və həmin vaxt prezidentlərin görüşəcəyi barədə dəqiq informasiya da açıqlanmamışdı. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına cavab vermək üçün Soçi görüşünü gözləmək nəyə lazım idi? Sərkisyanın cavabı Soçi görüşündən sonra verməsi, xüsusilə hədələyici tonda “bizdə ballistik silahlar var” deməsi tapşırığın Vladimir Putin tərəfindən gəldiyini deməyə əsas verir. Görünür, Putinin tapşırığı “evə get və sən də Bakını hədələ” şəklində olub.

Belə bir nəticəyə gəlməyə daha bir məqam əsas verir.
Soçi görüşündə Vladimir Putinin Sərkisyandan əvvəl Azərbaycan prezident İlham Əliyevlə görüşməsi də diqqətçəkən məqamdır. Çünki Sərkisyana tapşırığın verilməsi məhz ikitərəfli görüşlərdə mümkün ola bilərdi. Bunun üçün isə Putin birinci növbədə Azərbaycanın bəzi məsələlərə, ilk növbədə Avrasiya İqtisadi İttifaqına mövqeyini öyrənilməli idi. Ehtimal etmək olar ki, Azərbaycan prezidenti ilə görüşdə istədiyini əldə edə bilməyən Putin Sarkisyanla görüşdə ona Azərbaycanı hədələmək barədə tapşırıq verib.

Erməni analitiklərinin özləri də açıq şəkildə etiraf edirlər ki, rəsmi Yerevandan verilən bütün bəyanatlar Moskva ilə razılaşdırılır, yaxud da birbaşa Moskva tərəfindən sifariş edilir. Xüsusən, Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyəti kəskin tənqid olunur. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son döyüşlərdən sonra bu tənqidlər daha da artdı. Tənqidlərin səbəbi də bu idi ki, Rusiya Xarici İşlər Nazirliyi cəbhə xəttində gərginliyə reaksiya verdiyi halda, Ermənistan Xarici İşlər Nazirliyi susqunluq nümayiş etdirmişdi. Bu isə ona əsas verdi ki, erməni ekspertləri Yerevana Moskvadan susmaq göstərişinin gəldiyini iddia etməyə başladılar.

“Əslində, belə bir bəyanatla Ermənistan XİN-i çıxış etməliydi. Nalbandyan nədənsə susur. Bu o vaxt baş verir ki, gənc əsgərlərimiz həyatı bahasına vuruşur. Ümumiyyətlə, Ermənistanın Avrasiya Birliyinə üzvlüyü gündəmə gələndən bu yana ölkəmiz problemlərlə üzləşib. Milli maraqlarımıza Moskva, Astana və Bakı tərəfindən zərbələr dəyir. Qənaətimizcə, Xarici İşlər Nazirliyi bir diplomatik idarə deyil, üçüncü ölkələrin geniş agentura şəbəkəsidir”, - erməni ekspertlərindən biri vurğulamışdı.

“Bir sözlə, asanlıqla Xarici İşlər Nazirliyimizi itirilmiş saya bilərik”, - bir başqa erməni eksperti bildirdi.

Sərkisyanın Moskvanın sifarişi ilə verdiyi son müsahibə nəinki xarici işlər naziri, həmçinin prezident postunun Ermənistan üçün tarixə qovuşduğunu deməyə əsas verir.

Erməni ekspertləri tərəfindən irəli sürülən digər bir iddia da Ermənistan prezidenti postunun ləğv edilməsinin vacib olduğunu göstərir. Bildirilir ki, Sərkisyan Argentina səfərində verdiyi müsahibəyə görə də Putinlə görüşdə danlanıb. Xatırladaq ki, Səırkisyan Argentinaya səfərində bu ölkənin “La Nacion” nəşrinə müsahibəsində Rusiyadan narazılığını dilə gətirmişdi. O, Rusiyanın Azərbaycana silah satışından erməni xalqının narahat olduğunu dilə gətirmişdi. Təbii ki, xalqın adından danışan Sərkisyan rəsmi Yerevanın narahat olduğunu səsləndirə bilməzdi. Ancaq bu da onu Moskvanın danlağından qoruya bilməyib.

Xüsusi diqqət çəkən məqamlardan biri də şənbə axşamı Soçidə keçirilən sambo yarışlarında Sərkisyanın şənlənməsi idi. “Kommersant” qəzetinin xüsusi reportajında deyilir: “Bütün gecəni Əliyev ciddiliyini qorudu, Sərkisyansa döyüşçülərin sifətinə və qabırğasına dəyən dəqiq zərbələrdən şənlənirdi”.
Serji şənləndirən yəqin ki, təkcə dəqiq zərbələr yox, gündüz Putindən aldığı “hədələ” tapşırığı imiş. Çünki onsuz da sıfır imicə malik olduğu erməni cəmiyyətinin qarşısında ona “bizdə ballistik silahlar var, istənilən yeri xarabalığa çevirə bilərik” deməsi və “Ağdam xarabalığını buna nümunə göstərə bilərik” sözləri ilə qürrələnməsi üçün şans verilmişdi.


Asif Nərimanlı
Ömər Dağlı

Publika.az-ın Analitik Qrupu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm