“Heç kəs demir ki, bu dövlət idealdır” – YAP rəsmisi
Bizi izləyin

Nida.az

“Heç kəs demir ki, bu dövlət idealdır” – YAP rəsmisi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Milli Məclisin deputatı Asəf Hacıyev son günlər bir qrup Azərbaycan vətəndaşının guya maddi imkansızlıqdan və işsizlik üzündən Suriyaya döyüşməyə getməsi barədə səsləndirilən iddialara cavab verib.

YAP-çı deputat A.Hacıyev Publika.Az-a açıqlamasında söyləyib: “Heç kəs demir ki, Azərbaycanda problem yoxdur və bu dövlət idealdır. Təbii ki, təkcə Azərbaycanda deyil, ABŞ-da iş problemi mövcuddur. Tutalım ki, Suriyaya gedənlərin hər birinə döyüşməsi üçün aylıq 10 min manat pul verilir. O zaman o hətta işləsə belə, yenə zəif iradəli olduğu üçün o pulu görüb döyüşməyə gedəcək. Bu zaman ona ancaq valideynləri başa salmalıdır ki, burada söhbət puldan deyil, insan həyatından gedir. Hər bir insana həyat bir dəfə verilir. Hər şeyi pula qurban verməz olmaz. Bunu valideyn başa düşməlidir.

Hər bir insanın hüququ var ki, xarici ölkələrə sərbəst formada səfər etsin. Misal üçün, həmin insanlar xaricə turist kimi səfər edirlər, ancaq orada olanda isə döyüşürlər. O zaman bunun qarşısını necə almaq olar? İlk növbədə bu insanların şüuru dəyişməlidir. Onlar başa düşməlidir ki, 21-ci əsr silah müharibəsi əsiri deyil, informasiya müharibəsi əsiridir. Ona görə də Azərbaycan vətəndaşlarının Suriyada gedib döyüşməsi müsbət hal deyil. Bunu heç bir qanunla da tənzimləmək mümkün deyil. Tutalım ki, bununla bağlı hər hansı qanun qəbul etdik, ancaq o isə gedib Suriyada yenə döyüşdü və həlak oldu. Bəs o zaman hansı tədbir görüləcək? Ona görə də ilk növbədə əhali ilə maarifləndirmə işi aparılmalıdır”.

A.Hacıyev qeyd edib ki, doğma Vətən uğrunda döyüşmək lazımdır: “Qarabağ və digər işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşmək vacibdir. Bu tamam ayrı məsələdir. Amma gedib hər hansı ölkənin ərazisində döyüşən və müharibədə iştirak edən şəxslər barədə əvvəlcədən məlumat öyrənmək çox asan məsələ deyil. Bunun qarşısını ona görə almaq çətindir ki, həmin şəxslər turist adı ilə səfər edib getdiyi ölkədə müharibəyə qoşulurlar. Bunu da qanunla tənzimləmək mümkün deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm