• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Naxçıvan görüşünün sirri: Yeni cəbhə açılır- ANALİZ

  • Nida.az
  • 18 Avqust 2014 14:55
  • 1 834 Baxış
Naxçıvan görüşünün sirri: Yeni cəbhə açılır- ANALİZ

Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Naxçıvanda görüşəcək.

Rəsmi məlumata görə, görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirələr aparılacaq. Həmçinin neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə olunacaq. Görüşdə tədbirlər planının həyata keçirilməsi üçün razılaşma sazişinin imzalanması da nəzərdə tutulub.

Naxçıvan amili: mesaj kimədir?

Son geosiyasi təhlükələr fonunda belə bir görüşün keçirilməsi təsadüf hesab olunmamalıdır. Söhbət NATO ölkəsi Türkiyə və NATO-ya inteqrasiya yolunu tutmuş Gürcüstanla Azərbaycandan gedir. Bundan öncə hər üç ölkənin xarici işlər nazirləri səviyyəsində Naxçıvandan görüşlər keçirilib. Lakin hərbi müstəvidə görüşün keçirilməsi ilk haldır. Görüş yeri kimi Naxçıvanın seçilməsi də diqqət çəkəndir. Ona görə ki, bu bölgə faktiki olaraq blokadadır və onun işğalı təhlükəsi var. Bu təhlükənin mənbəyi Ermənistan olsa da, arxa planda Moskva dayanır. Bu baxımdan, belə bir görüşün Naxçıvanda keçirilməsini ümumi mesaj hesab etmək olar.

NATO-nun Şərqi Avropa ssenarisi Qafqazda

Ukrayna böhranı gündəmə gələndən sonra NATO-nun təşəbbüsü ilə Polşa, Baltikyanı ölkələr və Ukrayna arasında birgə hərbi briqadalar yaradıldı. Ukrayna NATO-nun üzvü deyildi, amma ortada Rusiya təhlükəsinin olması Şimal Alyansının nizamnamə çərçivəsindən kənar olsa da, Şərqi Avropada belə bir addım atmağa vadar etdi.
Sirr deyildi ki, Kreml Ukraynada itirdiklərinin Qafqazda təkrarlanmasına imkan verməyəcəkdi. Bunun üçün əsas hədəf Azərbaycan olmalı idi. Çünki Ermənistan Moskva üçün de-fakto federasiya statusu daşıyır. Gürcüstan üzünü Avropaya tutub. Hər tərəflə eyni məsafəyə saxlamağa çalışan Azərbaycan Cənubi Qafqazın açarıdır. Bakını təsir altına almaqla Tiflisi də “zəbt etmək” mümkündür.

Amerikanın nüfuzlu beyin mərkəzi “Stratfor” bu günlərdə Qafqazla bağlı hazırladığı analizdə bildirir: “Moskva Bakını əldə saxlamaq və Qərbə meyillənməyinin qarşısı kəsmək üçün bütün vasitələri dövriyyəyə buraxıb”.
Bu kontekstdə Naxçıvan görüşünü Rusiya təhlükəsinə qarşı birləşmək gedişi hesab etmək olar. Prosesdə NATO-nun rolu şübhəsizdir. Bir növ Şərqi Avropadakı ssenari Qafqazda təkrarlana bilər.

Rusiyaya qarşı yeni cəbhə

3 ay öncə, mayın 6-da Tiflisdə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin görüşündə qeyri-rəsmi olaraq regionun təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu haqda xəbərlər yayılmışdı.
Diplomatik mənbələrin məlumatında deyilirdi ki, Türkiyə bölgədə yeni hərbi birlik məsələsini təklif edib.
“Rusiya təhlükəsinin regionda artması Qərbi belə bir layihənin reallaşdırılmasına sövq edir. Əsas narahatlıq Azərbaycan və Gürcüstanda Rusiyanın eyni ssenarini davam etdirməsidir. Rusiyanın başı Ukraynaya qarışıb, belə bir məqamda Kremlə qarşı digər cəbhənin açılması gündəmdədir. Faktiki olaraq iki ölkə, xüsusilə də Bakı Kremlin təzyiqini üzərində hiss edir. Qərb Rusiyanın başı açılmamış regionda yeni cəbhənin açılmasını istəyir, məhz bu iş Ankaraya tapşırılıb”,- deyə mənbə bildirirdi.

Hətta birliyin perspektivi haqda müəyyən razılaşmaların olduğu da iddia olunurdu.

Ortaya çıxan ilkin versiya: NATO Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaq üçün ilk addımını atır. Böyük ehtimalla görüşdə təhlükəsizlik məsələləri üzrə xüsusi razılaşmalar müzakirə olunacaq və yüksək səviyyəli görüşlər üçün ilkin baza formalaşdırılacaq.

Bu cəbhədə Türkiyənin marağı regionda gücünü daha da artırmaqdırsa, Gürcüstan gələcək təhlükədən sığortalanmaq istəyir.

Təbii ki, ilkin olaraq Azərbaycanın müdafiəsi təşkil olunacaq. Bakının məqsədi öz balans siyasətinə təzyiqlərin olmaması, həmçinin əsas strategiya olan Qarabağ münaqişəsinin həllində yeni mərhələlərə başlamaqdır.
Qərb-NATO Rusiyaya qarşı iki cəbhədə - Ukrayna və Qafqaz cəbhələrində döyüşə hazırlaşır. Bu bölgənin geosiyasi vəziyyətində ciddi dəyişikliklərə səbəb ola bilər.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR