Millət vəkili: “Onları gec-tez öz agentlərinə çevirirlər”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Onları gec-tez öz agentlərinə çevirirlər”

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salıb. Arxasında faşizm dayanan bu siyasəti ört-basdır etmək üçün Ermənistan özünü doğrultmuş “xalq diplomatiyası” siyasətini süni şəkildə davam etdirir”.

Publika.az-a açıqlamasında bu sözləri Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bir sıra QHT-lərin “xalq diplomatiyası” adı altında erməni xüsusi xidmət orqanları ilə əlaqələr yaratdığına dair açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, xaricdə müəyyən fondlar vasitəsilə Azərbaycanda səbatsız, vətənpərvərlikdən uzaq olan insanlar “xalq diplomatiyası” adı altında Ermənistana tədbirlərə dəvət olunur, müxtəlif layihələrdə iştirak edirlər: “Beləliklə də, onları gec-tez özlərinin agentinə çevirirlər. Təsadüfi deyil ki, həmin insanlar ictimai fəaliyyətlərində Azərbaycanın milli maraqlarına zidd hərəkət edir, beynəlxalq ictimaiyyətə ölkəmiz haqda yalan yazır, qeyri-demokratik imic yaratmağa çalışırlar. Onların iddiaları ilə erməni təbliğat maşını, Xarici İşlər Nazirliyi və silahlı qüvvələrinin iddiaları yüzdə-yüz üst-üstə düşür. Yüz minlərlə avro da bu insanların hesabına əbəs yerə köçürülmür. Əvvəllər bu insanların fəaliyyəti barədə cəmiyyətdə, eləcə də dövlət orqanlarında suallar yaranırdı. Lakin onlar bu suallara cavab vermir, pulların mənbəyini açıqlamaqdan boyun qaçırırlar. Ən əsası isə, onlara verilən sualları insan haqlarının pozulması kimi təqdim edirdilər. Lakin aparılan tədqiqatın nəticəsində bütün bu hay-küyün səbəbi bilindi və məlum oldu ki, bütün bunların xalq diplomatiyasına aidiyyəti yoxdur”.

A.Mirzəzadə qeyd edib ki, “xalq diplomatiyası”nda hər iki tərəfin statusu eyni olmalıdır.

“İkinci Dünya müharibəsində Almaniya ilə işğal etdiyi ölkələr arasında “xalq diplomatiyası” baş vermişdimi? Xeyr. İndi Azərbaycan torpağını işğal edən Ermənistanla hansısa diplomatiyadan danışmaq doğru deyil. “Xalq diplomatiyası”nı əllərində əsas tutaraq erməni xüsusi orqanlarına məlumatlar ötürürlər. Hətta son dövrlər sosial şəbəkələrdə, erməni mediasında ermənilər tərəfindən saxlanılan QHT rəhbərləri müdafiə olunur, Azərbaycan təhqir edilir. Buradan açıq-aydın görünür ki, erməni tərəfi öz agentlərini müdafiə edir. Lakin hər kəs bilməlidir ki, Azərbaycan dövləti özünün milli maraqlarını heç nəyə qurban verməyəcək”, - deyə millət vəkili qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm