• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda erməni kəşfiyyatına məlumatlar necə ötürülür? – Şok

  • Nida.az
  • 18 Avqust 2014 18:20
  • 3 076 Baxış
Azərbaycanda erməni kəşfiyyatına məlumatlar necə ötürülür? – Şok

“Bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər”.

Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə gün əvvəl “Azərtac”a müsahibəsində bildirib. PA rəsmisi qeyd edir ki, bu tipli QHT və fiziki şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. “Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin dairələr tərəfindən “vətəndaş cəmiyyətinə basqı”, QHT-lərin və medianın fəaliyyətinin “məhdudlaşdırılması” kimi qələmə verilir, Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunur”, -deyə PA rəsmisi vurğulayır.

“Xalq diplomatiyası”: Bu günə qədər bir sıra QHT-lər dövlətin iradəsindən kənara çıxaraq İrəvana səfərlər edir, erməni həmkarları ilə görüşür, ümumi sülhdən danışırdılar. Bunun Azərbaycan cəmiyyətində qəbul edilməyən mövqe olmasına baxmayaraq, onların bu addımı atması maraq doğururdu. Halbuki “xalq diplomatiyası” münaqişə tərəfləri eyni statusa malik olduqda tətbiq edilən siyasətdir. Yəni, elə münaqişələr olur ki, işğal edən və işğala məruz qalan tərəf olmur. Dağlıq Qarabağ münaqişəsində isə işğal edən Ermənistan və işğala məruz qalan Azərbaycan faktoru var. Sonrakı proseslər bu prosesə beynəlxalq güclərin kifayət qədər maliyyə ayırdığını ortaya çıxardı. Buna misal kimi, ATƏT sədrliyinə başlayan İsveçrənin “xalq diplomatiyası” layihələrinə qrant ayırmaqla bağlı elan verməsini göstərmək olar. Deməli, ortada söhbət sülhün bərqərar olmasından deyil, maliyyədən gedir.

Belə diplomatiya kimə sərf edir?


Bu, ilk növbədə, Ermənistana sərf edən məsələdir. Çünki bununla Ermənistan həm Azərbaycanın uğurla apardığı təcridetmə siyasətindən yaxa qurtara, həm də Qarabağın qaytarılması məsələsi tədricən unudula bilər. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında dostluq görüntüləri yaratmaqla, beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonu saxlamaqla region ölkələrinin inkişafına nail olmağın mümkünlüyü nümayiş etdirilir. Buna çalışan tərəfin erməni lobbisi olmasını nəzərə alsaq, məlum olur ki, “xalq diplomatiyası”nın “donor”ları kimlərdir.

“Bu diplomatiyadan qaranlıq məqsədləri üçün istifadə edilir”


Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Publika.az -a açıqlamasında bildirib ki, “xalq diplomatiyası” hazırkı vəziyyətdə daha çox Ermənistanın xeyrinə işləyir.

“Belə bir görüntü yaradılmasına baxmayaraq, insanlar arasında görüşlərin keçirilməsində, icmaların yaxınlaşmasına ermənilər də konstruktiv mövqe nümayiş etdirmirlər. Sadəcə olaraq, beynəlxalq təşkilatların, bu və ya digər fondların layihələri çərçivəsində “xalq diplomatiyası”na dəstək verməyə meyilli mövqe nümayiş etdirməyə çalışırlar. Bu da dünya ictimaiyyətini aldatmağa yönəlib. Dünya ictimaiyyəti isə bunu görür və aldanmır. Bu proses yalnız Leyla Yunus kimi adamlara və belə adamların mövcud olmasından istifadə edən dairələrə lazım ola bilər. Lakin bunun danışıqlar prosesinə heç bir təsiri yoxdur. Bundan yalnız bəzi dairələrin imitasiya etməsi, görüntü yaratması və digər qaranlıq məqsədlər üçün istifadə edilir” - deyə vitse-spiker vurğulayıb.

Erməni xüsusi xidmət orqanlarına məlumatlar necə ötürülür?


Burada maliyyə, eləcə də beynəlxalq maraqlarla yanaşı, Azərbaycanın xeyrinə işləməyən kiçik - əslində olduqca təhlükəli bir detal var. Söhbət erməni xüsusi xidmət orqanlarının “xalq diplomatiyası” iştirakçılarından istifadə etməsidir. Belə ki, “xalq diplomatiyası” adı altında xüsusilə Qərb ölkələrinin maliyyələşdirdiyi layihələrdə məqsəd sifarişçilərin bölgədəki geopolitik mənzərəni dəyişmək, icraçıların isə qrant əldə etmək istəkləri deyilmiş. Ortada həm də informasiya mübadiləsi, hərbi dillə desək, düşmən tərəfinə xəbər ötürmək halları da olub. Mirqədirovun işi tam aydınlaşmasa da, bəzi məqamlar bu ehtimalları artırır.

Sonrakı mərhələdə Leyla Yunus işində bu, açıq-aşkar ortaya çıxdı. Hansı ki, “xalq diplomatiyası”nın əsas qəhrəmanları məhz yunuslar idi. Onun erməni həmkarları ilə ortaq sayt yaradaraq Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməsi faktı məlumdur. Bunun özü prosesdə erməni xüsusi xidmət orqanlarının izinin olması faktorunu ortaya qoyur.

Kəşfiyyat məlumatlarının əldə edilməsinin müasir metodları sırasında “daxildən nüfuz etmə” metodu əsas vasitələrdən hesab olunur. Belə ki, burada informasiya ilkin mərhələdə ümumi müzakirələrdən əldə olunur. Misal üçün, İrəvanda erməni həmkarları ilə sülhdən danışan Azərbaycan QHT rəhbərlərinin danışıqlarından ölkədəki vəziyyət, hansı sahələrdə boşluqların olması haqda ilkin informasiyalar əldə etmək mümkündür. “İsti münasibətlər” formalaşdıqdan sonra sonrakı mərhələyə keçid prosesi başlayır. Heç kim zəmanət verə bilməz ki, “xalq diplomatiyası”nda iştirak edən hər hansı erməni QHT rəhbəri erməni xüsusi xidmət orqanlarının əməkdaşı deyil. Bunun özü göstərir ki, belə diplomatiyada iştirak edənlər Ermənistan üçün potensialı informasiya mənbəyidir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR